RU

Rusiyada Ermənistanı “Şimal-Cənub” marşrutuna qoşmaq istəyirlər- bəs Azərbaycanın razılığı?

Image

Hüseyn İbrahimov: “Sülh sazişi olmadan bu əsla mümkün deyil”

“Rusiya-Gürcüstan sərhədində yerləşən “Yuxarı Lars” keçid məntəqəsi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin marşrutuna daxil edilə bilər”.

Bu barədə Şimali Osetiyanın rəhbəri Sergey Menyailo məlumat verib: “Biz Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı ilə birlikdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin marşrutuna “Yuxarı Lars” keçid məntəqəsinin daxil edilməsi imkanları üzərində işləyirik”.

Qeyd olunub ki, “Yuxar Lars” vasitəsilə yük axınının qolu “Şimal-Cənub” BND -yə mükəmməl uyğunlaşacaq və təkcə yan qol deyil, tam hüquqlu magistral olacaq. “Yuxarı Lars” Rusiyanı Gürcüstan, Ermənistan və digər yaxın və uzaq xarici ölkələrlə birləşdirən yeganə fəaliyyət göstərən quru sərhəd keçid məntəqəsidir.

O da məlumdur ki, “Şimal-Cənub” BND-nin əsas arbitr ölkəsi Azərbaycandır. Məhz Azərbaycan üzərindən yüklər Şimala və əks istiqamətdə daşınacaq. Belə olan halda Azərbaycanın razılığı olmadan Ermənistan necə bu dəhlizə qoşulacaq? 

“Azərbaycanın razılığı olmadan Ermənistanın bu dəhlizə qoşulması real deyil” 

Sözügedən məsələyə aydınlıq gətirən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, görünür, Rusiya tərəfi sülh sazişi olacağı halda bunu həyata keçirməyi nəzərdə tutur: “Yuxarı Lars” yolu Gürcüstanla Rusiyanı birləşdirsə də, bu yol əsasən Ermənistana Rusiyadan və əks istiqamətdə yüklərin daşınmasında istifadə olunur. Ancaq qış mövsümündə bu yol tez-tez bağlanır. Çünki sərt döngələrə malik dağlıq ərazidən keçən bu yol daşımalar üçün o qədər də əlverişli deyil. Bu yolda tunellərin çəkilməsi isə böyük vəsait tələb edir. Bu baxımdan Rusiyadan Ermənistana daşımaların ən uyğun yolu Azərbaycandan keçir. Yalnız bu o halda mümkündür ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansın. Ermənistan Naxçıvana maneəsiz gediş-gəlişi təmin etsin. O cümlədən, digər kommunikasiyaların açılmasına razılıq versin. Bir sözlə, sülh sazişi olmadan bu əsla mümkün deyil. Azərbaycanın razılığı olmadan Ermənistanın bu dəhlizə qoşulması real deyil. “Şimal-Cənub” BND Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanlarınadək gəmilərlə, İran, Azərbaycan və Rusiya ərazilərindən dəmiryol qatarları illə, Xəzər dənizi ilə gəmilərlə, həmçinin İran, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Rusiya ərazilərindən avtomobil yolları ilə daşımaları ehtiva edir. Xəzər dənizi hövzəsində “Şimal-Cənub” dəhlizi Rusiya və İran ərazisindən “Transxəzər”, Azərbaycan ərazisindən – “Qərb, Türkmənistan, Özbəkistan və Qazaxıstan ərazilərindənsə “Şərq” kimi 3 marşrutdan keçir”.

Vidadi ORDAHALLI





Избранный
53
baki-xeber.com

1Источники