RU

Renduliçin yenidən qurduğu “Sabah”

Misli Premyer Liqasının 2023/24 mövsümünü 3-cü pillədə başa çatdıran və UEFA Konfrans Liqasında oynamaq hüququ qazanan “Sabah” da digər klublarımız kimi, hazırda heyətini komplektləşdirməklə məşğuldur. Artıq bir neçə oyunçu ilə yollar ayrılıb, üstəlik, yeni transferlər edilib. Ancaq “bayquşlar”ın bununla kifayətlənməyəcəyi dəqiqdir. Qarşıdakı günlərdə “Sabah”ın növbəti transferlərini görəcəyimizi əminliklə söyləmək olar.

Renduliç üçün öz komandasını qurmaq fürsəti

Bakı təmsilçisinin yay fasiləsində heyətlə bağlı islahatlar edəcəyi gözlənilən idi. Düzdür, bakılıların onsuz da güclü heyəti var idi. Ancaq ötən sezondakı komandanı hazırkı baş məşqçi Krunoslav Renduliç qurmamışdı. O, sələfi Murad Musayevdən miras qalmış heyətlə heç də pis təsir bağışlamadı və mövsümü ilk “3-lük”də bitirməyi bacardı.

Lakin Konfrans Liqasında “Makkabi” önünə başabaş komanda çıxarmaq və növbəti mövsümdə “Qarabağ”la çempionluq mübarizəsi aparmaq üçün heyət bir qədər də gücləndirilməlidir. Bunu dərk edən Renduliç hazırda öz komandasını formalaşdırmaqla məşğuldur.

Volkovla başlayan ayrılıqlar

İlk olaraq komandadan göndərilən futbolçulara nəzər salaq. “Sabah”dan ayrıldığı açıqlanan ilk oyunçu Davit Volkov oldu. Gürcü futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənmədi, nəticədə Volkov “Zirə”yə qayıtdı. Ardınca yarımmüdafiəçi Kristian Sebalyosla yollar ayrıldı. İspan futbolçunun başa çatan müqavilə müddəti uzadılmadı. Gənc futbolçu Rauf Rüstəmlini “Şamaxı”ya icarəyə verən “bayquşlar” ardınca yarımmüdafiəçi Kristian da Silva ilə sağollaşdılar. Braziliyalı futbolçu ilə də mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənmədi və o, “Turan Tovuz”la razılığa gələrək, 1+1 illik sözləşməyə qol çəkdi.

Hadudi sonuncu olacaq?

“Sabah”a lazım olmayan digər futbolçu Maruan Hadudidir. Müqaviləsinin müddəti başa çatan mərakeşli müdafiəçiyə gərək duyulmadı. “Sabah” Maruana kluba xidmətlərinə görə təşəkkür edərək, onu da yola saldı.

Eyni addım Emmanuel Apehlə bağlı da atıldı. İki il “Sabah” forması geyən nigeriyalı ilə başa çatan anlaşma yenilənmədi. Hücumçunun o qədər də məhsuldar oynamadığını nəzərə alsaq, bu, gözlənilən idi.

Mövsümlərarası fasilədə başqa futbolçu və ya futbolçuların da “Sabah”dan ayrılıb-ayrılmayacağını demək çətindir. Adətən komandalar gedən futbolçuları yeni transferlərdən qabağa salırlar. Lakin istisna hal baş verə və “bayquşlar”da növbəti oyunçu ayrılığı da qeydə alına bilər.

Havayı başa gələn Mikels

Bürünc mükafatçımız hələlik 2 transfer həyata keçirib. Bunlardan biri “Sabah”a yaxşı tanış olan Coy-Lens Mikelsdir. Murad Musayevin dövründə o, bakılıların aparıcı futbolçularından biri idi. 2021-2023-cü illərdə də “Sabah”ın uğurları üçün çalışan və 69 oyunda 33 dəfə fərqlənən Mikels klubun heyətində ən çox qol vuran oyunçudur. “Sabah”dan Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer olunarkən tərəflər arasında müəyyən inciklik yaşansa da, həm rəhbərlik, həm də Mikels bunu unudub. Almaniyalı vingerlə 1+1 illik müqavilə bağlanıb. Ən vacib məqam isə odur ki, Coy-Lens “Sabah”a azad agent kimi qayıdıb. Yəni “bayquşlar” onun qayıdışı üçün bir qəpik də xərcləməyiblər.

Mikelsin dönüşü “Sabah”ın xeyrinədir. Birincisi, söhbət ustalıq səviyyəsi və qol duyumu yüksək olan bir oyunçudan gedir. İkincisi, cəmi bir mövsümlük aradan sonra qayıdan Coy-Lensin komandaya uyğunlaşması üçün zamana ehtiyacı yoxdur. Murad Musayevin vaxtında “Sabah”ın liderlərindən olmuş Mikels hazırkı çalışdırıcı Krunoslav Renduliçlə də dil tapa bilsə, əsas heyətin dəyişilməz üzvünə çevriləcək.

Lepinitsa həmyerlisinin üzünü ağarda biləcəkmi?

“Sabah”ın bu yay heyətinə qatdığı ikinci və hələlik sonuncu futbolçu isə İvan Lepinitsadır. Lepinitsa Renduliçin yaxından tanıdığı futbolçu, həmyerlisidir. Xorvatiyalı dayaq yarımmüdafiəçisinə inam böyükdür. Məhz bu səbəbdən klub rəhbərliyi onunla 3+1 illik müqaviləyə qol çəkib.

24 yaşlı futbolçu Xorvatiyanın “Slaven Belupo” klubundan transfer edilib. Karyerası ərzində ölkəsinin “Rieka” (2018-2023), həmçinin icarə əsasında “Zadar” (2018/19) klublarında oynamış İvan Almaniyada legioner həyatı da yaşayıb. O, 2022/23 mövsümündə “Arminiya”nın formasını geyinib. Xorvatiyanın U-19, U-20 və U-21 milli komandalarının da şərəfini qorumuş Lepinitsa yarımmüdafiənin mərkəzində ilk növbədə dağıdıcı funksiyanı yerinə yetirməli, “qara işlər” görməlidir.

“Sabah”dan növbəti və daha səs-küylü transferlər gözlənilir. Axsayan mövqelər güclənməlidir. Əks təqdirdə, Konfrans Liqasındakı ilk rəqib “Makkabi” ilə ayaqlaşmaq çətin olacaq. Aydın məsələdir ki, bu cütlüyün favoriti hayfalılardır. Ancaq “Sabah” ötən mövsüm avrokuboklardakı çıxışı ilə böyük perspektiv vəd etdiyinin, Avropa arenasında da sözünü deyə biləcəyinin mesajını verib. İndi qalır həmin missiyanı davam etdirmək. Hazırkı heyətə müəyyən əlavələr edilsə, “Sabah”dan sürpriz gözləməyə dəyər.

AĞA

Избранный
8
futbolinfo.az

1Источники