RU

"Bu qələbə yalnız Türkiyə millisinin yüksək səviyyəli mübarizəsinin nəticəsi deyil"

Almaniya təşkil edilən futbol üzrə Avropa çempionatının 1/8 finalında Avstriya seçməsini 2:1 hesabı ilə məğlub edən Türkiyə millisi qitə birinciliyinin 1/4 finalında oynamaq hüququ qazandı. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb "ay-ulduzlular"ın Avstriya ilə oyunu və Niderlanda qarşı keçirəcəyi görüş barədə fikirlərini bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Düzdür, oyundan öncə düşünürdüm ki, Avstriya turnirin 1/4 mərhələsinə adlayacaq, amma Türkiyə millisi sürpriz etməyi bacardı. Bu görüşdə Avstriya yığmasının hücum performansının gözləntilərin altında qaldığını da vurğulamalıyıq. Avstriya millisinin hücumameyilli komandalara qarşı necə effektiv oynadığından yəqin ki, hamının xəbəri var. Ralf Ranqnikin rəhbərlik etdiyi kollektivin müdafiəyəmeyilli komandalara qarşı necə oynayacağı mənim üçün də maraqlı idi. Dünənki oyunda bunu görmüş olduq. Qitə birinciliyindəki əvvəlki görüşlərdə Türkiyə millisinin müdafiədə ciddi boşluqlar verməsi futbolsevərləri çox düşündürürdü, amma birinci qolu matçın ilk dəqiqəsində vurmaları Avstriya millisində təşviş yaratdı. İkinci qolun da künc zərbəsindən sonra buraxılması Avstriya millisini daha da basqı altına aldı. Avstriya adına oyunun ən passiv futbolçusu Arnavurtoviç oldu. Düşünürəm ki, bu qələbə yalnız Türkiyə millisinin yüksək səviyyəli mübarizəsinin nəticəsi deyil. Eyni zamanda Avstriya da turnirdəki ən zəif oyununu türklərə qarşı oynadı.

Türkiyə millisinin 1/4 finalda Niderlanda qarşı keçirəcəyi matça gəlincə, şanslar daha balanslıdır. Çünki Niderlandı turnirin əsas favoritləri olan Almaniya, İspaniya, Fransa, İngiltərə ilə bərabər gücdə hesab etmirəm. Türkiyə millisi Avstriyaya qarşı oynadığı oyunu davam etdirə bilsə, yarımfinal şansı olacaq. Texniki baxımdan müdafiədə ciddi problemləri olan Türkiyə Niderlandın hücum xəttinə qarşı ciddi tədbir görməlidir. Kodi Qakpo, Memfis Depay, Xavi Simons kimi oyunçular rəqibi hər an cəzalandıra biləcək adlardır".

Elvin Əhmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
50
fanat.az

10Источники