RU

“Qarabağ” “Viktoriya” və “Kayzerslautern” ilə qarşılaşacaq

Çempionlar Liqasının mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq “Qarabağ” hazırlığı davam etdirir.

“Hamrun Spartans” – “Linkoln” cütünün qalibiylə qarşılaşacaq ağdamlılar növbəti hədəfləri yolunda bir sıra addımlar atıb. Klub rəhbərliyi əsas qolkiper Andrey Lunyovla yolları ayırandan sonra əslən xorvtiyalı olan qapıçı Fabian Buntiçlə müqavilə imzaladı. Buntiç 2027-ci ilə qədər “Qarabağ”ın heyətində çıxış edəcək. Müxtəlif ölkələrin mediasında yayılan xəbərlərə görə, çempion “Kasımpaşa”nın qapıçısı Andreas Yanniotislə də danışıq aparır. Türkiyə mətbuatına inansaq, “köhlən atlar” 31 yaşlı yunan qolkiperi icarəyə götürə bilər. “Çərçivə” ilə bağlı narahatlığı bitirmək istəyən Ağdam təmsilçisi hücum xəttini də gücləndirməklə məşğuldu. Klub rəhbərliyi “Yurqorden”də çıxış edən Musa Qurbanlını birmövsümlük aradan sonra yenidən komandaya cəlb etdi. Lunyovdan sonra Adama Diakabi və Nihat Quliyevlə yolları ayıran “Qarabağ” müqavilə müddəti bitən Bəhlul Mustafazadə, Riçard Almeyda, Nəriman Axundzadə və Abdulla Zubirlə yeni sözləşmə imzalayaraq, sözügedən futbolçuların daha bir müddət komandada qalmasını təmin etdi. Hazırda Musa ilə yanaşı, daha bir neçə futbolçunun sabiq komandasına dönüşünün mümkünlüyü ilə bağlı xəbərlər yayılmaqdadı. Elə həmin oyunçulardan biri premyer-liqamızda çıxış etdiyi dönəmdə azarkeşlərin sevgisini qazanan Kadi Borgesdi. Braziliyalı vingerin Rusiya təmsilçisi “Krasnodar”dan ayrılmaq, Avropada mübarizə aparacaq bir komandada çıxış etməkdən ötrü “Qarabağ”a dönmək istədiyi deyilir. Xorvatiya mətbuatının verdiyi məlumata görə, Mahir Emreli də Zaqreb “Dinamo”sundan ayrılıb “Qarabağ”a keçmək istəyir. Hələlik rəsmi heç bir açıqlama yoxdu. Ağdam təmsilçisiylə adı yanaşı hallanan oyunçulardan biri də “Sabah”ın sabiq üzvü Aleksey Kaşuk idi. Lakin ukraynalı futbolçu son açıqlamasında bu xəbəri təkzib edib.

“Köhlən atlar” hazırlıq prosesinin ikinci mərhələsini Avstriyada gerçəkləşdirəcək. Onların iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçməsi, eyni zamanda hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşünün təşkilinəzərdə tutulur. Həmin matçlardan ikisinin iyulun 9-da, ikisinin də 16-da keçiriləcəyi deyilir.

Yeri gəlmişkən, “Qarabağ”ın təlim-məşq toplanışı zamanı qarşılaşacağı iki rəqibin kimliyi müəyyənləşib. Daha doğrusu, bu haqda xəbərləri başqa ölkələrin mətbuatından almışıq. Çexiya “Viktoriya”sı iyulun 9-da Ağdam klubu ilə qarşılaşacağını elan edib. Avstriya mediası isə elə həmin gün Almaniya “Kayzerslautern”inin də “Qarabağ”la oynayacağını xəbər verib.

KAMAL SƏFƏR

Избранный
20
20
football-plus.az

10Источники