RU

“Müxalifətin seçki bloku yaratması mümkün deyil” –PƏNAH HÜSEYN /MÜSAHİBƏ

Azərbaycan Xalq Partiyasının sədri, sabiq Baş nazir və deputat Pənah Hüseyn sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı Azpost.İnfo-nun suallarını cavablandırıb.

 

Müsahibəni təqdim edirik:

Sentyabrın 1-də Azərbaycanda növbəti dəfə növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarını necə qiymətləndirirsiniz?

-Növbədənkənar seçkilərin təyininə texniki məsələ kimi baxıram. Onsuz da bu ilin payızında, konkret desək, noyabr ayında Milli Məclisə seçkilər keçirilməli idi. Nəzərə almaq lazımdır ki, noyabrda Azərbaycanda böyük beynəlxalq tədbir – COP29 keçiriləcək. Həmin vaxt seçkilər keçirmək məqsədəuyğun deyildi. COP29-la bağlı seçkilərin iki ay əvvələ keçirilməsi gözlənilən idi. Əsas məsə seçkilərin iki ay əvvələ çəkilməsi deyil. Əsas məsələ seçki islahatları aparılmadan, seçkilərin keçirilməsidir. Biz, yəni müxalif qüvvələr hesab edirik ki, seçki islahatı aparılmalı, proporsional seçki sisteminin bərpası və digər məsələlər həllini tapandan sonra parlament seçkilərinin keçirilməsi daha məqsədəuyğun olardı. Amma seçki təyin edilib, proses başlayıb. Növbədənkənar seçki təyininin Konstitusiyaya uyğunluğunu qəbul edirəm, burada qanun pozuntusu yoxdur.

-Rəhbərlik etdiyiniz AXP seçkilərdə iştirak edəcəkmi?

-Bəli, qərara gəlmişik ki, növbədənkənar seçkilərdə namizədlərimizlə iştirak edək.

-Neçə namizədlə seçkilərə qatılacağınız qərarı verilibmi?

-Dünən İdarə Heyətinin iclası keçirilib. Seçkilərdə partiyanın səlahiyyətli nümayəndələrini və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrini təyin edilib. AXP 48 saylı 1- ci Abşeron seçki dairəsindən Məzahir İsrayılovun, 67- ci Sabirabad seçki dairəsindən Qiyas Sadıqovun, 68- ci Sabirabad-Şirvan seçki dairəsindən Pənah Hüseynin, 70 saylı Neftçala seçki dairəsindən Həmzəyev Mircəlalın, 99 saylı Bərdə seçki dairəsindən Mübariz İsmayılovun, 119 saylı Ağdam seçki dairəsindən Hüseyn Behbudovun deputatlığa namizədlikləri irəli sürüb. Bu, yekun qərar deyil, namizədlərlə bağlı müzakirələrimiz davam edir.

-Namizəd olunacaq dairələri hansı prinsiplərlə müəyyənləşdirirsiniz?

-Təbii ki, namizədliyini irəli sürən şəxsin özünün rəyi əsas götürülür. Kim hansı dairədən namizəd olsa daha uğurlu nəticə göstərəcəyini iddia edir, müzakirələr gedir və qərar qəbul olunur. Mən 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsindən namizəd olacam.

-Yəni əvvəl deputat olduğunuz dairədən…

-Yox, tam əvvəlki seçki dairəsi deyil. 68-ci seçki dairəsində dəyişiklik edilib. Bu dairədə bir hissə əvvəlki kimi qalıb, yeni məntəqələr əlavə edilib.

-Ümumiyyətlə, seçkilərin necə keçiriləcəyini gözləyirsiniz?

-Mənim elə xüsusi gözləntim yoxdur. Azad, ədalətli, demokratik seçki keçiriləcəyinə elə də etimadım yoxdur. Çünki seçki islahatı aparılmadan, ölkədə siyasi fəallığın artmasını təmin edən digər tədbirlər həyata keçirilmədən demokratik seçki keçirilməsi qeyri-mümkün görünür. Amma seçkilər elan olunub, vaxtı məlumdur və siyasi partiya olaraq prosesdə iştirak etməyi məqbul sayırıq. Çalışacağıq ki, imkan daxilində siyasi proseslərə, idarəçiliyə təsir göstərmək imkanı əldə edək.

-Siyasi islahat dedikdə yəqin ki, referendumun keçirilməsini nəzərdə tutursunuz? Sizcə, parlament seçkilərindən əvvəl niyə bu islahat aparılmadı?

-Məncə, bu suallar daha çox iqtidara, hakimiyyətə yönəlməlidir. Çünki islahatların aparılması iqtidardan asılıdır. Amma ümumən götürsək, yəqin ki, bizim istədiyimiz kimi, islahatların aparılmasında, seçkilərin islahatlardan sonra keçirilməsində iqtidar maraqlı olmadı.

-Belə fikirlər var ki, bu seçkilərlə formalaşacaq Milli Məclis də “müvəqqəti parlament” olacaq və qısa müddətdən sonra buraxılacaq. Ola bilərmi ki, dediyiniz siyasi islahat aparılsın, Konstitusiya referendumu keçirilsin və Milli Məclis buraxılıb, növbədənkənar seçki təyin olunsun?

-Bu barədə bir çox şəxslər iddia edirlər. Amma mən bu barədə dəqiq proqnoz verə bilmərəm. Ola da bilər, olmaya da bilər. Elə bir rəsmi qərar da yoxdur.

Növbəti parlament hansı prioritetləri tələb edir?

-Bu barədə dəfələrlə danışmışam, təkliflərimi səsləndirmişəm – istər mətbuat vasitəsilə, istərsə də hökumətə təkliflər göndərmişik. Dediyim kimi, ilk növbədə seçki, siyasi islahatlardan sonra formalaşan parlament vacibdir. Milli Məclisin fəaliyyətinin güclənməsi, təsiq qabiliyyətinin artması üçün islahatlar aparılmalıdır, ondan sonra parlament formalaşmalıdır.

-Necə hesab edirsiniz, siyasi partiyalar növbədənkənar parlament seçkilərinə hazırdırlarmı?

-Söhbət hansı siyasi partiyadan gedir? Məsələn, elə partiya var ki, dərhal pioner kimi hazır olduğunu bəyan edir. Eləsi də var ki, normal siyasi mühitin olmadığını bildirir, bu şəraitin seçkilərdə iştiraka imkan vermədiyini iddia edir. Baxır hansı partiyadan söhbət gedir.

-Söhbət müxalifət partiyalarından gedir…

-Dediyim kimi, elə partiya var ki, siyasi mühitin, şəraitin seçkilərə hazırlaşmağa imkan vermədiyini deyir. Müxalifət partiyası olan bizim partiyaya – AXP-yə gəlincə, hesab edirik ki, seçkilərdə iştirak etmək lazımdır. Fikrimizcə, rəqabətli seçkinin keçirilməsi üçün dəyişikliklər var.

-Sizcə, bu seçkilərdə müxalifət lazımi qədər mandat qazana biləcəkmi?

-Gərək rəqabətli seçkilər olsun, namizədlərə bərabər imkanlar yaradılsın ki, müxalifətin də gücü görünsün. Sadaladıqlarım olmadığı halda proqnoz vermək çətindir. Hesab edirəm ki, burada əsas mandat qazanmaq yox, ölkədəki siyasi proseslərə təsir edə bilməkdir. Məsələn, bizim əsas tələbimiz seçki islahatının həyata keçirilməsidir. Ondan sonra seçkilərin keçirilməsi tələbimiz qüvvədə qalır.

-Əvvəl keçirilən seçkilərdə müxalifət partiyaları əməkdaşlıq edirdilər, blok şəkilində seçkilərdə iştirak edirdilər. Bu seçkidə belə iştirakla bağlı təşəbbüs varmı?

-Əvvəllər belə təşəbbüslər oldu, amma alınmadı. Artıq belə əməkdaşlıqlar, blok yaratmaq kimi məsələlər mümkün görünmür. Əlbəttə, nəzəri baxımdan mümkündür. Amma reallıqda blokların yaranmasını mümkün saymıram.

 

A.Abdulla

Azpost.info

 

Избранный
18
azpost.info

1Источники