RU

"Düşüncə tərzi dəyişməsə, qadağalar nəticə verməyə bilər"

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun təsdiqləndi və nikahın bağlanmasına mane olan halların sayı artırıldı. Bu məcəlləyə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu əlavə edildi. Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən sözügedən şəxslər arasında nikahın bağlanmasına yol verilmir.

Millət vəkili Hicran Hüseynova deyir ki, Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihəsi 1 il sonra qüvvəyə minəcək. Onun sözlərinə görə, qohum evlilikləri risklidir və əsas məqsəd ailələrin möhkəm və uzunömürlü olmasını təmin etməkdir: "Uşaqlarımız sağlam olsunlar, genetik və irsi xəstəliklərlə doğulmasınlar. Ailədə belə bir uşağın doğulması həm uşağın özü üçün, həm valideynləri üçün çox çətinliklər yaradır. Bir çox hallarda kişi qadını və uşağı atır, boşanır. Ailələr arasında münaqişə yaranır, hər kəs qarşı tərəfi günahlandırır. Bəzən bu mübahisə və münaqişələr daha ağır fəsadlara gətirib çıxarır".

Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva qeyd edib ki, Azərbaycanda qohumlar arasında nikahların sayı artır və bu, ciddi genetik fəsadlara səbəb olur: "Məsələ burasındadır ki, qohum evliliklər övladlar üçün potensial sağlamlıq riski daşıyır. Belə nikahlar nəticəsində doğulan uşaqlar bir çox hallarda müxtəlif qan xəstəliklərinin daşıyıcısı, fiziki cəhətdən qüsurlu olur, əlilə çevirilirlər. Yaranmış vəziyyət dövlətin bu sahəyə müdaxiləsini qaçılmaz edir. Bu baxımdan, ikinci və üçüncü dərəcəli qohumlar arasında nikahların bağlanması qanunvericiliklə qəti qadağan edilməlidir. Əvvəllər cəmiyyətdə qohum nikahların fəsadları barədə daha az məlumat var idisə, bu gün belə deyil. Qohum nikahların cəzasını xəstə, əlil uşaqların çəkdiyinə dair çoxsaylı acı faktlar göz önündə olmasına baxmayaraq, yenə də əmi, xala, dayı, bibi uşaqlarının evlənməsi halları adi hal almaqdadır. Bu evliliklər çox vaxt məhz valideynlər və qohumların təklifi və təkidi ilə baş tutur. Bununla da valideynlər öz övladlarını bilə-bilə bu "qohum nikahı" uçurumuna itələyirlər. Bu, şübhəsiz ki, onların iqtisadi maraqlarından, sərvətlərini qorumaq, "mal-mülküm kimə qalacaq" narahatlığından, həmçinin "tanıdığımız ailə" arqumentlərindən qaynaqlanır. İnsanlar düşünür ki, pul qazanırsa, onun var-dövləti yad qızına yox, öz qohumuna qismət olmalıdır. Bu, absurd yanaşmadır. Artıq cəmiyyət olaraq bu yanaşmalara son qoymalıyıq. Qanunda qadağa tətbiqi mütləqdir. Necə ki, bir çox ölkələr qohum nikahlarını qanunla qəti şəkildə qadağan ediblər, Azərbaycanda da bu addım atılmalıdır. Amma paralel olaraq belə düşünən, övladlarını evləndirmək istəyən yaxın qohumlara qarşı ictimai qınaq da güclənməlidir. Qohum nikahlara son qoymaq üçün şüurlarda inqilab olmalıdır. Yaxın qohum evlilikləri cahillikdir, avamlıqdır, savadsızlıqdır. Bu bəladan cəmiyyətimiz tez bir zamanda qurtulmalı, təmizlənməlidir. Uşaqları bilə-bilə xəstə doğulmağa məhkum etmək cinayətdir".

"Norma" Hüquq Mərkəzinin rəhbəri Şamil Paşayev bildirib ki, xalaqızı, əmioğlu kimi qohum evliliyi qanunla qadağa edilməsi rəsmiləşir, ancaq düşüncə tərzi  dəyişməsə, rəsmi qadağalar lazımi nəticə verməyə də bilər, əksinə, bunu fəsadları da ola bilər: "Nikahı qadağan etmək şəxslər arasında cinsi əlaqəni və ya vətəndaş nikahını qadağan etmir. Şəxslər birlikdə yaşaya bilər. Sadəcə, dövlət qeydiyyatına alınmayacaqlar. Onların uşaq dünyaya gətirməsi, valideynlik hüququnun verilməsi qanunla qadağan edilə bilmir. Bu sadəcə nikahsız ailələrin sayının artmasına səbəb olacaq. Qohum evliliklərinin qarşısını almağın ən effektiv yolu şəxslərin şüurunda, düşüncəsində dəyişiklik etməkdir. Qohum evliliyinin tibbi fəsadları haqqında bilgiləndirmə işləri aparılmasa, bu işi qadağa ilə aradan qaldırmaq mümkün olmayacaq. Azərbaycanda insanların yalnız öz qohumları və ya öz həmkəndliləri (yenə də uzaq qohumları) ilə evləndiyi ailələr, məkanlar var. Qadağanın tətbiqi onları dayandıra bilməyəcək. Şəxslər gələcəkdə qohumları ilə evlənə bilmək üçün müxtəlif yollar axtaracaqlar. Bura uşaqların övladlığa verilməsindən tutmuş, sənəd üzərində qohumluqdan imtina etməyə kimi müxtəlif variantlar daxildir. Belə olduqda onların rəsmi qohumluğu qalmayacaq və nikaha daxil ola biləcəklər. Ona görə də, bu proses daha çox bilgiləndirmə yolu ilə şəxslərin şüurunda dəyişiklik edərək aparılmalıdır. Onlar bu nikahdan dünyaya gələcək uşaqların xəstə doğulması və uzaq perspektivdə cılızlaşma və başqa təhlükələri dərk etməlidir".

Hüquqşünas Şamil Paşayev hesab edir ki, xalaqızı, əmioğlu kimi qohum evliliklərinin qanunla qadağan edilməsi rəsmiləşər, ancaq düşüncə dəyişməzsə, effektiv nəticə əldə etmək mümkün olmayacaq: "Bu qadağaların fəsadları ola bilər. Rəsmi nikahı qadağan etmək çıxış yolu deyil. Çünki bu, həmin şəxslər arasında cinsi əlaqəni və ya vətəndaş nikahını önləyə bilməz. Qohumluğu olan şəxslər yenə birgə yaşaya biləcəklər, sadəcə olaraq, onların münasibətləri dövlət qeydiyyatına alınmayacaq. Onların dünyaya uşaq gətirməsi, valideynlik hüququnun tanınması qanunla qadağan edilə bilməz. Bu isə nikahsız ailələrin sayının artmasına səbəb olacaq".

Onun sözlərinə görə, qohum evliliklərinin qarşısını almağın ən effektiv yolu şüurlarda dəyişikliyə nail olmaqdır: "Qohum evliliyinin tibbi fəsadları haqqında bilgiləndirmə işləri aparılmasa, bu məsələni qadağa ilə aradan qaldırmaq mümkün olmayacaq. Azərbaycanda insanların yalnız öz qohumları və ya öz həmkəndliləri (yenə də uzaq qohumları) ilə evləndiyi ailələr, bölgələr var. Qadağanın tətbiqi bu tendensiyanı dayandırmayacaq. Şəxslər gələcəkdə qohumları ilə evlənə bilmək üçün müxtəlif yollar axtaracaqlar. Buraya uşaqların övladlığa verilməsindən tutmuş, sənəd üzərində qohumluqdan imtina etməyə qədər ən müxtəlif variantlar daxildir. Belə olduqda onların rəsmi qohumluğu qalmayacaq və nikaha daxil ola biləcəklər. Ona görə də, bu proses daha çox bilgiləndirmə yolu ilə, şüurda dəyişiklik edilərək aparılmalıdır. Onlar qohum evliliklərindən doğulacaq uşaqların mümkün xəstəlikləri ilə bağlı maarifləndirilməlidirlər".

Qohumluq əlaqələrinin necə müəyyən edilməsi məsələsinə də toxunan hüquqşünas deyir ki, Ədliyyə Nazirliyinin qeydiyyat idarəsinin portalı var və şəxslərin qohum olub, olmadığını oradan aydınlaşdırmaq mümkündür: "Bu, ciddi problem yaradacaq məsələ deyil. O ki, qaldı hazırda nişanlı olan qohumlara, qanun hələ qüvvəyə minməyib. Bununla bağlı layihə üç oxunuşda Milli Məclisdən keçməli, daha sonra isə qanunu Prezident təsdiqləməlidir. Qanun qüvvəyə minənə, Prezident bu qanunu imzalayana qədər xeyli müddət keçəcək və bu müddət ərzində nişanlı olanlar nigaha daxil ola bilərlər".

Professor Adil Qeybulla bildirib ki, qohum evliliklərlə bağlı qadağaların qanuni baxımdan əsaslandırılması var. Bu, genofondu sağlamlaşdırmaq məqsədi daşıyır. Azərbaycanda xeyli hemoqlabin empatiyalar, gen xəstəlikləri var ki, qohum evliliyində bunların transfer imkanları artır. O, qohum evliliklərinin ailədə fəsadlar yaratdığını vurğulayıb: "Belə evliliklərdən sonra əsası qoyulan yeni orqanizmin sağlam gen götürmək imkanları məhdudlaşır. Bu da çox təhlükəlidir. Bütün bu qərarları insanlar anlayışla qarşılamalı və buna əməl etməlidirlər. Bu baxımdan hesab edirəm ki, qohum evliliyi ilə bağlı qadağalar heç bir problem yaratmaz. Əksinə, bu, xəstəliklərin azalması, genefondun sağlamlaşdırılması üçün tələb olunan yollardan biridir və qanunla rəsmiləşdirilir".

Sevinc QARAYEVA






















Bizi İnstagramda izləyin

Избранный
256
525.az

1Источники