RU

Dünya dövlətləri dərs çıxarmalıdır- ÖZƏL

"Prezident İlham Əliyevin iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən söylədikləri Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış və artıq tarixin zibilliyinə atılmış münaqişə başladıqdan bəri bəzi dövlətlərin siyasətini və gələcəyə baxışı bilmək baxımından əhəmiyyətlidir".

"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, dünyada müəyyən mövqeyə malik, NATO, ATƏT və G7-nin üzvü olan Kanadanın səfirinə beynəlxalq məsələlərlə bağlı deyilən sözlər deməli, elə həmin təşkilatlardakı bəzi ölkələrə də deyilir.  Dövlət başçımızın dediklərini aşağıdakı kimi sistemləşdirmək olar:
 işğal dövründə  Ermənistan etnik təmizləmə və soyqırımı törədib, əraziləri kütləvi şəkildə dağıdıb; 
  ATƏT-in Minsk qrupunun həmsədrləri olmuş BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü münaqişənin həllinə nail ola bilməyib. Cənab Prezidentin dediyi kimi, "... daha doğrusu olmaq istəmədi. Onların hamısı Ermənistanın həyata keçirdiyi işğalın müxtəlif səbəblər üzündən həmişəlik olmasını istəyirdi." Bu fikirlər o deməkdir ki, Azərbaycan təkcə Ermənistan, dünya erməniliyi deyil, onları müdafiə edən həmin dövlətlərin siyasəti üzərində də qələbə qazanıb; 
 kənardan müdaxilələr olmasa Azərbaycan və Ermənistan sülh yolunda yaxşı nəticələr əldə edə bilər. Bu o deməkdir ki, regionu qarışdırmaq istəyən dövlətlər Ermənistanı sərbəst buraxın, qoy qərarlarını özü qəbul etsin və maraqlarının harada olduğunu düzgün müəyyənləşdirsin. COP 29 məsələsində qarşılıqlı anlaşma bunun mümkünlüyünü göstərir; 
 qərbdə Azərbaycanın digər dövlətlərlə münasibətlərini soyuqlaşdırmaq istəyən bəziləri düşünür ki,  Ermənistanla sülh müqaviləsinin imzalanması hansısa ölkə ilə ikitərəfli münasibətlər üçün mühüm rol oynaya bilər. Dövlət başçısı buna da aydınlıq gətirərək dedi: ... o, belə hesab etmir ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bizim hansısa bir ölkə ilə ikitərəfli münasibətlərimiz üçün mühüm rol oynaya bilər." Azərbaycan xarici siyasətini yalnız özünün milli maraqları üzərində qurur;
 xarici siyasəti çoxyönlü olan Azərbaycan heç bir dövlətin və dövlətlər qrupunun yanında deyildir, diplomatik fəaliyyəti qlobal səviyyədə şaxələndirilib.  Azərbaycan ilə Avropa İttifaqının 10 ölkəsi arasında strateji tərəfdaşlıq haqqında bəyannamələrin çoxu torpaqlar altında olarkən, Azərbaycan ilə Ermənistan arasında heç bir sülh müqaviləsi olmadığı zaman imzalanıb. Prezident vurğuladı: "Bu baxımdan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması hər hansı bir ölkənin regionda fəaliyyətinin səviyyəsinin müəyyənləşdirilməsi üçün bir amil ola bilməz". Burada da hər şey aydın deyilib.
 dövlət rəhbərinin belə bir fikri çox vacibdir ki, Ermənistan 28 ildə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmadı, bütün humanitar qanunları pozdu, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymadı. O zaman bir çox ölkələr Ermənistana zərrə qədər irad tutmur və Azərbaycanın ərazi bütövlüyunə sadiqlik bəyan etmirdilər.  Qəribə idi. Azərbaycan işğalçı Ermənista qalib gəldikdən və torpaqlardan qovduqdan sonra   ərazi bütövlüyünə dəstəklə bağlı bəyanatlar səsləndirlir. Azərbaycan bu işi özü görüb və hansısa ölkənin indi ərazi bütövlüyünü tanıyıb-tanımaması məna kəsb etmir. Belə mövqe torpaqlar işğal altında olan zaman zəruri idi. Lakin bunu etmədilər;
 beynəlxalq hüquq məsələlərində emosiyaların kənara qoyulmasının vacibliyini bildirən dövlət başçısı  vurğuladı ki, məsələləri hay-küylə həll etmək istəyən bəzi qərb ölkələri 28 ildə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsinin çətinliyini anlamalıdırlar. Cənab Prezident sülh üçün başlıca şərti də açıqladı. Bildirdi ki, Azərbaycana ərazi iddialarının olduğu Ermənistan konstitutsiyasının dəyişdirilməsidir. Konstitusiyada dəyişiklik olmayana qədər sülh də olmayacaqdır. Deməli, regionda sülh Ermənistanın davranışlarından, Azərbaycanın şərtlərini qəbul etməsindən asılıdır. Regionda digər dövlətlərin yersiz canfəşanlıq etməsi yersizdir;
 nəhayət, qayıdış hüququ ilə əlaqədar səfirin şərhinə cavabında cənab Prezidenti bildirdi ki, bu hüquq qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir. Dövlət başçısı müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd etdi. Cənab Prezidentin Kanadanın səfirinə söylədiklərini regionda qara siyasət yürütmək istəyən bütün dövlətlər dəfələrlə oxumalı və dərs çıxarmalıdırlar".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
olaylar.az

1Источники