RU

Ermənistan hələ də Zəngəzur üçün “Kalininqrad modeli”ndən qaçır...

Image

Ermənistan tərəfi Azərbaycanın Naxçıvanla bağlı təklif etdiyi “Kalininqrad modeli”nə hələ də münasibət bildirmir. Bu fonda Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, ölkənin regionda nəqliyyat kommunikasiyaları ilə bağlı mövqeyi təklif olunan “sülh qovşağı” təşəbbüsündə öz əksini tapıb. Halbuki, burada “Kalininqrad modeli” haqqında heç nə yoxdur.

Erməni mediası xatırladır ki, Bakı iki dəfə İrəvana Naxçıvanla quru əlaqəsinə görə “Kalinqrad modeli” təklif edib. Sonuncu dəfə bu məsələni Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Antalyada keçirilən diplomatik forumda qaldırıb və bunu potensial həll yolu adlandırıb. Həmin vaxt Hikmət Hacıyev bildirib ki, Azərbaycan Naxçıvana çıxışı asanlaşdırmaq istəyir və bununla bağlı müxtəlif modelləri müzakirə edir. Xüsusilə o, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə israilli mütəxəssis Maykl Finkelin 2021-ci ildə təklif etdiyi “Kalininqrad modeli”nə toxunaraq, onu potensial həll yolu adlandırıb. Ermənistan rəsmiləri hələ ki, buna müvafiq cavab verməyib. Ermənistan Xarici İşlər Nazirliyi ölkə mediasının bu xüsusda sorğusunu cavablandıran zaman aşağıdakıları qeyd etməklə kifayətlənib: “Ermənistanın regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının qarşısının alınması ilə bağlı mövqeyi təklif olunan “sülh qovşağı” təşəbbüsündə öz əksini tapıb və bu təşəbbüs orada göstərilən dörd prinsip əsasında həyata keçirilməlidir”. XİN həmçinin Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd məsələlərinin təhlükəsizliyi üzrə komissiyaların formatını xatırladıb. Qeyd edib ki, görüşlər və onların nəticələri barədə rəsmi hesabatlarda məlumat verilir. Xatırladaq ki, Rusiyanın eksklavı olan Kalininqrad vilayəti SSRİ-nin dağılmasından sonra ölkənin əsas hissəsi ilə əlaqə problemi ilə üzləşib. Daha sonra Rusiya və Litva sonuncunun ərazisindən vizasız tranzitə icazə verən saziş imzalayıb. Bu tranzit sazişi malların və enerjinin daşınmasını asanlaşdırır. Hazırda müqavilə anti-Rusiya sanksiyaları fonunda məhdud formatda fəaliyyət göstərir. Yuxarıda qeyd olunduğu kimi, Zəngəzur dəhlizi üçün Kalininqrad modeli 2021-ci ilin əvvəlində siyasət və beynəlxalq hüquq üzrə israilli ekspert Maykl Finkel tərəfindən təklif edilib. Qeyd edək ki, Azərbaycan və Ermənistan təmsilçiləri sülh və ya çərçivə sazişinin mətni üzərində, o cümlədən sərhədin müəyyənləşməsi istiqamətində müəyyən qədər irəliləyiş əldə etsələr də, Zəngəzur dəhlizinin açılması və dəmir yolunun işə düşməsi mövzusunda irəliləyiş yoxdur. Halbuki, bu dəhliz bir çox dövlətin maraq dairəsindədir. Zəngəzur dəhlizi Çini Avropa ilə birləşdirəcək Orta dəhlizin tərkib hissəsi olmalıdır. Bu dəhlizin işə düşməsi Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə, eləcə də Ermənistan üçün faydalıdır. Bu yol Rusiyadan yan keçsə də, Rusiya Azərbaycan üzərindən Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə çıxış imkanı qazanacaq. Deməli, Zəngəzur dəhlizi Rusiya üçün də faydalıdır. Hələlik isə Bakı ilə İrəvan arasında Zəngəzur dəhlizi ilə bağlı fərqli yanaşma ortadan qaldırılmayıb. Azərbaycan maneəsiz keçid tələb edərkən, Ermənistan dəhlizdə yoxlama həyata keçirmək istəyir. Azərbaycanın əsas arqumenti budur ki, Zəngəzur dəhlizi Azərbaycanın bir hissəsini digər hissəsi olan Naxçıvanla bağlayacaq və bu halda sərhəddə Azərbaycan vətəndaşlarının yoxlanılması düzgün deyil. İrəvan isə dəhlizin Ermənistan yurisdiksiyası altında fəaliyyət göstərməsini tələb edir.

Bütün hallarda Azərbaycan Şərqi Zəngəzurda dəmir yolunun bərpasını sürətlə icra edir. Ermənistan tərəfdə isə heç bir iş görülmür. Halbuki, Zəngəzur dəhlizindən yalnız Azərbaycan vətəndaşları Naxçıvana və Türkiyəyə keçid üçün istifadə etməyəcəklər. Ermənistan vətəndaşları da bu dəhlizdən keçən dəmir yolu vasitəsilə Rusiyaya gedə biləcəklər. Bu baxımdan Azərbaycan üzərindən Rusiyaya sadələşdirilmiş keçid Ermənistanın da maraqlarına cavab verir. Bu arada ABŞ-ın son dövrlər Azərbaycanla Ermənistan arasında gedən sülh prosesində yer almaq iddiası və aktivliyi müşahidə edilir. Politoloqlar hesab edir ki, ABŞ həqiqətən də sülh istəyirsə, Ermənistanı Zəngəzur dəhlizi məsələsində addım atmağa sövq etməlidir. Çünki Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün qurulması üçün mühüm vasitə ola bilər. İndilikdə Ermənistan “sülh qovşağı” təklifini irəli sürərək Zəngəzur dəhlizinin açılması məsələsindən, yəni öz ərazisindən kommunikasiyaların nəzarətsiz və yaxud yoxlanış həyata keçirilmədən keçməsi məsələsindən boyun qaçırmağa çalışır. Ancaq Ermənistan nəzərə almalıdır ki, o, artıq İkinci Qarabağ müharibəsində uduzub. İrəvan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarından biri olan Zəngəzur dəhlizinin açılması məsələsini də öhdəlik kimi öz üzərinə götürüb. Həmin bəyanatda da qeyd olunur ki, maneəsiz hərəkət Ermənistan tərəfindən təmin edilməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatın işlək olmadığını bildirsə də, faktiki olaraq bu bəyanat mövcuddur və Ermənistan tərəfi öhdəliklərini yerinə yetirməlidir. Tərəflərin heç biri bəyanatdan imzasını geri götürməyib və Azərbaycanın Ermənistandan tələbləri də olduğu kimi qalmaqdadır.

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
baki-xeber.com

1Источники