RU

“Bayern” İbrahimoviçlə yeni müqavilə bağladı, Zibi icarəyə verdi

Almaniyanın “Bayern” klubu sol vingeri Ariyon İbrahimoviç ilə müqaviləni yeniləyib, həmçinin yeni futbolçu transfer edib.

Arena.az xəbər verir ki, bu barədə Münhen klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

18 yaşlı İbrahimoviçlə yeni müqavilə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Almaniyalı yarımmüdafiəçinin əvvəlki sözləşməsinin müddəti 2025-ci ilin yayına qədər idi.

Ariyon İbrahimoviç “Bayern”in əsas komandasında cəmi 1 oyuna çıxıb. Ötən mövsümü “Frozinone”də icarədə keçirmiş gənc futbolçu İtaliya klubunun heyətində 18 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb.

Almaniyanın U-16, U-17 və U-18 yığmalarında oynamış Ariyon hazırda U-19-a dəvət alır.

“Bayern” yeni futbolçu da transfer edib. Bu barədə klubun saytı məlumat yayıb. Münhen təmsilçisi “Qroyter Fyurt”un hücumçusu Armindo Zibi alıb. Almaniya nəhəngi bu transfer üçün 1,5 milyon avro ödəyib. Ziblə 3 illik (2027-ci ilin 30 iyununa qədər) nəzərdə tutulmuş müqavilə imzalanıb.

Lakin Armindo Zib “Bayern”də oynamayacaq. Belə ki, Münhen klubu onu dərhal “Maynts”a icarəyə verib. 21 yaşlı almaniyalı futbolçu qarşıdakı iki mövsümü məhz “Maynts”da keçirəcək.

Armindo Zib daha öncə də “Bayern”də çıxış edib. O, “Qroyter Fyurt”a 2022-ci ildə məhz Münhen klubundan keçmişdi. Almaniyalı vinger aşağı liqa klubunun heyətində 66 oyun keçirib. O, bu oyunlarda 17 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı həm Armindo Zibin, həm də Ariyon İbrahimoviçin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
arena.az

1Источники