RU

Deputat: "TDT regionda baş verən prosesləri tam nəzarətdə saxlamaqla yanaşı, digər proseslərə də təsir gücünü artıracaq"

“İyul ayının 5-də və 6-da Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi toplantısının, sammitinin Şuşada keçirilməsi yeni hədəflər üçün mesajdır. Bundan əvvəlki toplantılarda TDT-nin 2040-cı il hədəfləri barədə sənədinin imzalanmasına şahidlik etmişdik. Toplantının Şuşada keçirilməsi isə növbəti on illiklərdə Təşkilatın qarşısında duran əsas hədəflər, yaxın illərdə reallaşdırılması vacib olan məsələlərlə bağlı qərarların alınması, eyni zamanda regional problemlərin həllində birlik nümayiş etdirmək üçün əla fürsət olacaq”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

 

Deputat bildirib ki, qarşılıqlı milli təhlükəsizliyin qorunması, TDT-ni hərtərəfli gözləyə biləcək təhdidlərdən yayınmaq üçün birgə addımların atılması mütləq nəzərə çarpacaq: “Düşünürəm, Azərbaycanda noyabr ayında COP29-un keçirilməsində Türk Dövlətləri Təşkilatı da yaxından iştirak edəcək. Bu məsuliyyətli, ağır prosesdə TDT-nin Azərbaycana açıq dəstəyini görə biləcəyik. Türk Dövlətləri Təşkilatının bu günə gəlib çıxmasında Naxçıvan toplantısının çox böyük önəmi var idi. Düzdür, bundan sonra biz çoxlu sayda toplantıların, görüşlərin şahidi olmuşuq. Lakin Şuşadakı sammit yeni dövrün başlanğıcı kimi tarixdə qalacaq. TDT liderlərinin birlikdə Qarabağda toplaşması, Azərbaycanın Qarabağ zəfərinin qeyd edilməsi gələcəkdə məhz Şuşa bəyannaməsinə yaxın sənədin bütün Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında imzalanması üçün əla fürsət olacaq. Türk Dövlətləri Təşkilatı gündən-günə güclənir. Bu təşkilata üzv olan bütün türk dövlətləri, o cümlədən müşahidəçi qismində burada təmsil olunan dövlətlər Təşkilatın güclənməsi üçün qüvvələrini səfərbər ediblər. Faktiki olaraq, Türk Dövlətləri Təşkilatının güclənməsini bu gün türk dövlətləri ilə yanaşı region dövlətləri, eyni zamanda qlobal güclər də istəyir. Bu gün bir çox dövlətlərin məhz niyyəti, məqsədi TDT-nin güclənməsinə şərait yaratmaqdır. Təşkilat həm iqtisadi təşkilatdır, həm də burada mədəni, siyasi birlik var. Bura üzv dövlətlər arasında çoxtərəfli münasibətlər getdikcə inkişaf edir. Milli, mənəvi, soykökü bağlarının olması bu əlaqələrin daha səmimi qurulmasına şərait yaradır. TDT-nin mövcud gücünü, potensialını araşdıranda deyə bilərik ki, yaxın gələcəkdə Təşkilat regionda baş verən bütün prosesləri tam nəzarətdə saxlamaq gücündə olmaqla yanaşı, digər proseslərə də təsir etmək gücünü daha da artırmış olacaq. 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər qazanması, öz torpaqlarını işğaldan azad etməsi Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Türkiyə-Azərbaycan münasibətləri və digər türk dövlətləri ilə Azərbaycan, Türkiyə münasibətlərinin güclənməsinə əla təkan oldu. Qarabağ zəfəri türk dövlətləri üçün bir motivasiya rolunu oynamaqdadır. Zəfərdən sonrakı prosesləri nəzərdən keçirsək, görərik ki, Qarabağın yenidən qurulması, dirçəlməsi, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməsi məsələsinə türk dövlətləri sözdə yox, əməldə də dəstək verir. Qarabağda yeni məktəblərin tikilməsinə türk dövlətlərinin yaxından töhfə vermələri, bu prosesi öz dövlətləri adından hədiyyə olaraq həyata keçirmələri, eyni zamanda Türkiyə dövlətinin ən böyük şirkətlərinin quruculuq, abadlıq işlərində yaxından iştirak etmələri, Macarıstanın prosesə töhfə verməsi, bir sözlə, bu dövlətlərin, həqiqətən də, səmimi münasibətlər bünövrəsini qoya bilmələri, bu bünövrə əsasında münasibətləri inkişaf etdirmələri Türk Dövlətləri Təşkilatının hələ uzun illər inkişaf perspektivini görəcəyimizi deməyə əsas verir”. 

 

Aytəkin Qardaşova 

Tarix: 2 İyul 2024, 16:08   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
1
pravda.az

2Источники