RU

Payıza doğru bir çox məhsulun qiyməti bahalaşacaq - EKSPERT

Bir çox sahələrdə qüvvəyə minən yeni tariflər əhalinin gəlir və xərcləri ilə birbaşa əlaqəlidir. Qiymət artımları əmək bazarında müəyyən gözləntilər yaradır. Bu durumda əməkhaqqı və digər sosial ödənişlərin artımı ehtimalı var?

Mövzu ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov öz fikirlərini "Operativ Media" ilə bölüşüb.

Onun sözlərinə görə, əmək bazarında işçi qüvvəsinin yerləşdirilməsi baxımından qiymət artımlarının ciddi maneələr ortaya çıxaracağı gözlənilən deyi:

"Söhbət ehtiyatda olan işçi qüvvəsindən gedirsə, yeni iş yerlərinin açılması və onların yeni bazara daxil olan sərbəst işçi qüvvəsinin müvafiq işlə təmin olunması və s. məsələlərin bu cür qiymət artımları ilə birbaşa əlaqəsi yoxdur. Real olaraq özəl və dövlət sektorunda çalışan işçi heyəti ilə bağlı bu qiymət artımlarının təsirinə gəldikdə isə, əlbəttə, bu ümumən götürdükdə əhalinin gəlirlərinə mənfi təsirlər ortaya çıxaracaq. Amma bunun hansı səviyyədə təşkil ediləcəyi, əhalinin gəlirlərinə ən çox hansı istiqamətlərdə təzyiq yaradacağı və necə təsir göstərəcəyi müəyyən vaxt tələb edir. Əsas odur ki, ölkədə inflyasiya səviyyəsi aşağı həddədir. Yeni tariflərdən sonra zəncirvari olaraq müəyyən qiymətlərin artacağı qaçılmazdır. Yəni, yanacağın qiymətinin artması dalğavari effekt yaradır. Buna həm də "domino effekti" demək olar. Bir çox istehlak məhsullarının - həm ən zəruri xarakter daşıyan, həm qeyri-qida məhsulların qiymətlərinin bahalaşmasına gətirib çıxarır. Lakin bu, birdən birə baş vermir".

İqtisadçı bildirib ki, biz əsas bahalaşmanı payız aylarında müşahidə edəcəyik:

"Yanacağın qiymətinin artırılmasının indiki vaxta salınması təsadüfi deyil. Çünki hazırda kənd təsərrüfatı məhsullarının mövsüm vaxtıdır və ümumiyyətlə, yay ayları, xüsusən ərzaq məhsullarının bahalaşmağa meyl göstərmədiyi bir dövr sayılır. Payıza doğru dizel yanacağının 20 qəpik artırılmasının nəticəsini ələlxüsus kənd təsərrüfatı məhsullarında hiss edəcəyik".

Ekspert əməkhaqqının artırılması gözləntilərindən də bəhs edib:

"Əmək haqlarının artımına gəldikdə isə bu yaxında cari ilin dövlət büdcəsinə dəyişikliklər edildi, büdcənin xərclər və gəlirlər hissəsi artırıldı. Amma artırılan xərclərin bölüşdürülməsi istiqamətləri üzrə nəzərdə tutulan xərclər onu göstərir ki, bu il üçün əmək haqqı, ümumiyyətlə sosial istiqamətdə hər hansı bir artımlar nəzərdə tutulmur. Bu da əsasən onunla əlaqələndirilir ki, ölkədə inflyasiya həddi aşağıdır və əhalinin gəliri, xüsusən də il üzrə əmək haqqının artım səviyyəsi inflyasiyadan yüksəkdir. Amma bu, indiyə qədər belədir. Yanacağın qiymətinin artmasının buna hansı formada təsir edəcəyi və qarşıdakı aylarda, xüsusən payızda vəziyyətin necə olacağını indidən proqnoz etmək mümkün deyil. Amma büdcədə edilən dəyişikliklər nöqteyi-nəzərindən də, ilin əvvəlindən hökumətin nəzərdə tutduğu proqnozlar və planlar baxımından da bu il üçün əmək haqlarında, sosial istiqamətdə heç bir artım gözlənilmir. Hesab edirəm ki, indiki real qiymət artımlarının neqativ təsirləri üzü payıza doğru daha çox hiss olunarsa, sosial istiqamətdə müəyyən artımla bağlı addımlar atılsın. Amma əsas etibarilə ölkədə əməkhaqqı, pensiya, təqaüd və sosial müavinətlərin paket şəklində artımı ilə bağlı gözləntilər gələn ilin yanvarın 1-i üçün nəzərdə tutulur".

Sevinc İbrahimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
operativmedia.az

1Источники