RU

İctimai nəqliyyatın keyfiyyətinin artırılması istiqamətində hansı addımlar atılmalıdır?

İctimai nəqliyyatın qiymətləri ilə bağlı həyata keçirilən tədbirlər vətəndaşlarda narazılıq yaradıb. Onlar kəmiyyətin hər dəfə artırılmasından, lakin keyfiyyətdə heç bir dəyişiklik olmamasından gileylənirlər.

Belə olduğu halda, ictimai nəqliyyatın keyfiyyətinin artırılması istiqamətində hansı addımlar atılmalıdır?

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Yasin Mustafayev "Operativ Media"ya danışıb.

O bildirib ki, ictimai nəqliyyat heç vaxt rentabelli çalışmır:

"Yəni bunun dövlət dotasiyası olmasa, dövlətin dəstəyi olmasa, özü-özünü necə doğrulda bilər? Bakı Nəqliyyat Agentliyindən (BNA) əvvəl, sürücülərə avtobuslar günlük icarəyə verilirdi. Onlar da bu icarənin pulunu çıxartmaqdan ötrü səhər saat 6-dan axşam 12-yə qədər dayanmadan işləyirdilər, hər yerdə saxlayırdılar, hər yoldan ötəni potensial müştəri görürdülər. Onların fikri pulda qalırdı, ona görə də təhlükəsizlik, eləcə də digər qaydalara əməl etmirdilər. İndi isə sistem dəyişib. Sürücülər maaşla işləyirlər. Sərnişin az da olsa, çox da olsa, eyni maaşı alırlar. Sistemin doğrusu budur, ancaq belə olan halda da alınan vəsait özünü ödəmir. Avropa ölkələrində, digər inkişaf etmiş ölkələrdə gediş haqqı yüksək olduğundan özünü ödəyir. Mən qiymətin qalxmağına haqq qazandırmaq istəmirəm. Gündə bir neçə nəqliyyat vasitəsi dəyişən vətəndaşa bu, ciddi maliyyə itkisidir. Sərnişinin bu məbləği ödəyib ictimai nəqliyyatdan normal keyfiyyət ala bilməməsinə gəldikdə isə, biz bunu, təbii ki, 10 qəpik qaldırılması ilə görə bilmərik. Düzdür, ictimai nəqliyyatın işini təkmilləşdirməyə müəyyən qədər dəstəkdir. Amma bu gün gediş haqqının qalxması ilə sabah bu məsələ düzəlməyəcək".

Ekspertin sözlərinə görə, bütün bu problemlər uzun illərin laqeyd münasibətindən qaynaqlanır:

"Biz yol tikmişik, səki qoymamışıq, velosiped zolağı qoymamışıq, avtobus zolağı qoymamışıq. Bütün bunlar hamısı şəhər mobilliyinə təsir göstərib. Artıq bir neçə ildir bu işləri həyata keçiririk. Təbii ki, görülən işlər təqdirəlayiqdir, amma daha çevik şəkildə həll etməliyik. İndi bizim əsas qarşımızda duran məsələlər avtobus zolaqlarının işini daha da təkmilləşdirməkdir. Zolaqlar çəkilməli və kəsilməməlidir, digər nəqliyyat vasitələri ora girməməlidir, eyni zamanda, müasir avtobusları almağa davam etməliyik. Tək mərkəzdə yox, bölgələrə də bu işlər görülməlidir.
Eyni zamanda ictimai nəqliyyatla bağlı maarifləndirmə işi həyata keçirməlidir. Qısa məsafələrə gedən vətəndaşlara xatırlatmaq lazımdır ki, onlar piyada da gedə bilərlər. Bu da onların həm sağlamlığına, həm vaxt itkisinin qarşısının alınmasına, həm də ciblərinə xeyirdir".

Y.Mustafayev taksilərlə bağlı vətəndaşların qarşılaşdığı problemə də toxunub:

"Hazırda taksi ilə bağlı tələblər qoyulub və bu da taksilərin sayının kəskin azalmasına səbəb olub. Vətəndaş da bu dəqiqə çıxılmaz vəziyyətdə qalıb. İctimai nəqliyyat tam olaraq o funksiyanı yerinə yetirə bilmir. Vətəndaş bir manatlıq taksilərin də xidmətindən istifadə edə bilmir. Qarışıq bir durum yaranıb, amma bunlar zamanla yerinə oturacaq. Bu proseslərin paralel şəkildə situasiyaya uyğun olaraq aparılması isə daha məqsədə uyğundur".

Sevinc İbrahimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
operativmedia.az

1Источники