RU

Kənan Kərimov: "Budaq Nəsirov psixoloji durumunda dəyişiklik etməlidi"

"Karvan" 1-ci liqanın iddialı klublarından biridi.

Ötən mövsüm iş o yerə çatmışdı ki, baş məşqçi Kənan Kərimov çempion olmaq niyyətinə düşdüklərini iddia edirdi. Təbii ki, tarixə qovuşmuş klubun gözlənilmədən ortaya çıxması, ciddi rəqiblərdən belə xeyli xal qopararaq turnir cədvəlinin yuxarı pillələrində qərarlaşması diqqəti cəlb etməyə bilməzdi. Lakin həlledici turlarda yaşanan məğlubiyyətlər və heç-heçələr Yevlax təmsilçisinin geriləməsinə və mövsümü 5-ci yerdə bitirməsinə səbəb oldu. Halbuki azarkeş sayına görə turnirdəki bütün rəqiblərini qabaqlayan komanda tərəfdarlarını çempionluq kubokuyla sevindirə bilərdi.

Hər halda, həmin azarkeşlər gözünü növbəti mövsümə dikib. Son günlər mətbuatda yayılan xəbərlər onların ümidini artırıb. Çünki klubun yeni sponsorla anlaşdığı və hədəfin çempionluq olduğu haqda xəbərlər yayılıb.

Həm bununla, həm də komanda ilə bağlı başqa yeniliklər haqda ətraflı məlumat almaq məqsədilə dünən "Karvan"ın baş məşqçisi Kənan Kərimovla əlaqə saxladıq. Fürsətdən istifadə edərək mütəxəssisin "Turan Tovuz"dan ayrılandan sonra yevlaxlılarla anlaşan, lakin özünü heç cür yaxşı tərəfdən göstərə bilməyən Budaq Nəsirov haqda fikirlərini də öyrəndik:

"Hazırlığımız iyulun 5-də başlayacaq. Tam köklü dəyişiklik gözlənilməsə də, müəyyən ayrılıqlar və transferlər gözlənilir. Onu deyim ki, hansısa iş adamıyla danışıqların aparılması və həmin şəxsin kluba sponsorluq edəcəyi haqda məlumatlar həqiqəti əks etdirmir. Tam yalandı. Budaq Nəsirova gəlincə, o, ölkəmizdə ən perspektivli futbolçulardan biridi. İkinci dövrədən etibarən bizə qoşuldu. Təxminən 4-5 ay birlikdə çalışdıq. Onun zədələnməsi həm özünə, həm də komandaya mənfi təsir etdi. Bu üzdən potensialından yararlana bilmədik. Futbolda yenidən parlamaq istəyirsə, özünə fikir verməlidi. Digər tərəfdən, psixoloji durumunda dəyişiklik etməlidi".

Kənan bəy növbəti mövsüm üçün hədəflər və görülən işlər haqda məlumatı da bizimlə bölüşdü:

"Bilirik ki, 1-ci liqada ötən mövsüm gərgin və maraqlı keçdi. Növbəti "futbol ili"ndə bundan daha çoxuna şahidlik edəcəyimizə şübhə yoxdu. "Karvan"ın hədəfləri həmişə böyük olub. Üst sıralarda qərarlaşmağa, hətta çempion olmağa çalışıb. Şükür Allaha, hazırda ciddi maliyyə sıxıntımız yoxdu. Klubun prezidenti Şahmar Vəliyev daha yaxşı şərait formalaşdırmağa çalışır. Hazırda stadion ərazisində yerləşən ikinci bazanın inşası yekunlaşmaq üzrədi. İnşallah, qarşıdakı mövsümün əvvəlində həmin binadan da yararlana bilənəcəyik. Bununla yanaşı, rəqiblərimizi tanıyırıq, kim olduqlarını bilirik. Yenə də turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizə aparacağıq. Belə anlaşılır ki, çempion olmağa çalışan komandaların sayı bu dəfə daha çox olacaq. Buna baxmayaraq, hədəfdən yayınmamağa çalışacağıq".

KƏNAN BAHADIR 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
football-plus.az

1Источники