RU

Makron hakimiyyətdə “axsaq ördəyə” çevrildi- sağçılar və solçular prezidentin düşərgəsini məhv etdi...

Image

Fransada növbədənkənar parlament seçkilərinin birinci turu, gözlənildiyi kimi, Emmanuel Makron hakimiyyətinin daha da zəifləməsi ilə nəticələndi. Makronun rəhbərlik etdiyi koalisiya birinci turda üçüncü yerə çıxdı. 

Belə ki, növbədənkənar parlament seçkilərinin ilk turunda qeyri-rəsmi lideri Marin Le Pen olan sağçı Milli Birlik Partiyası 33 faiz səs toplayıb. Seçki marafonunda ikinci yeri 28,5 faizlə solçu Yeni Xalq Cəbhəsi tutub. Makronun rəhbərlik etdiyi "Respublika uğrunda birlikdə" prezident koalisiyası 22 faiz qazanıb. Parlamentin aşağı palatasına seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək. Bu dəfə də Makronun məğlubiyyəti qaçılmaz hesab olunur.

Beləliklə, Fransa ilk dəfə ifrat sağçı hökumət əldə edə bilər və bu o deməkdir ki, Makron prezidentlik müddətinin sonuna qədər “axsaq ördək” olaraq qalacaq. Xatırladaq ki, Avropa Parlamentinə seçkilərdə ifrat sağçı qüvvələrə uduzduqdan sonra Makron dərhal parlamenti buraxdı və növbədənkənar seçkilər təyin etdi. O, Marin Le Penin Milli Birlik Partiyasının hakimiyyətə keçməsini dayandırmaq ümidi ilə risqə getdi. Amma prezidentin taktikası əks nəticə verdi. Marin Le Pen Milli Assambleyaya keçirilən seçkilərin birinci turunun nəticələrini şərh edərkən deyib: “Fransız xalqı Milli Birlik Partiyasını irəli apardı və Fransa prezidenti Emmanuel Makronun düşərgəsini az qala məhv etdi”. O, partiyasının Fransanı bərpa edə bilməsi üçün seçkilərin ikinci turunda parlamentdə mütləq çoxluğun əldə edilməsinə çağırıb. Bildirib ki, ikinci tur həlledici olacaq: “Partiyanın prezidenti Cordan Bardellanın Emmanuel Makron tərəfindən səkkiz gün ərzində baş nazir təyin edilməsi üçün mütləq çoxluğa ehtiyacımız var”. Artıq Cordan Bardella Nazirlər Kabinetinə rəhbərlik etmək niyyətini təsdiqləyib və iyulun 7-də seçkilərin ikinci turunda partiyasını dəstəkləməyə çağırıb: “Gələn bazar günü seçicilər ölkəni yenidən qurmaq üçün bizə mütləq səs çoxluğu versələr, hamını dinləyən, müxalifətə hörmət edən, dialoqa açıq olan və millətin birliyinə qayğı göstərən bütün fransızların baş naziri olmaq istəyirəm". Makron parlament seçkilərinin birinci turunun ilkin nəticələri açıqladıqdan sonra ikinci turda Cordan Bardella və Marin Le Penin Milli Birliyinə qarşı “demokratik birliyə” çağırıb: “Birinci turda yüksək fəallıq bu səsvermənin bütün soydaşlarımız üçün əhəmiyyətindən və siyasi vəziyyətə aydınlıq gətirmək istəyindən xəbər verir. Milli Birlik qarşısında ikinci turda geniş, açıq-aydın demokratik və respublikaçı birliyin sözünü deməsinin vaxtı çatıb”. Amma onun bu çağırışlarının əbəs olması da heç kimə sirr deyil. Son sorğular da prezidentin partiyasının qələbəsini proqnozlaşdırmır və buna görə də hakim çoxluq yaratmaq şansı yoxdur. Amma iyulun 7-nə təyin edilmiş seçkilərin ikinci turunun müxtəlif variantlarını nəzərə alaraq, Makrona müxalif olanların daha qətiyyətlə hərəkət eməsi də vacibdir. Fransanın ikipilləli səsvermə sistemi partiyaların ikinci tura çıxmaq şanslarını artırmaq üçün manevr və ittifaqlar üçün yer açır. Seçicilər hər hansı partiyanın qalib gəlməsinin qarşısını almaq üçün sözdə taktiki səsvermə haqqında qərar verə bilərlər. Le Penin partiyası artıq bir dəfə belə səsvermənin qurbanı olub. Görünür, Makron bu dəfə də bunun baş verəcəyini gözləyir. O, Yeni Xalq Cəbhəsini qeyri-təbii hesab edərək, həm solçuları, həm də ifrat sağı tənqid edir. Onları Fransanın mövcudluğu üçün əsas təhlükə adlandırır. O, hətta ifrat sağ və ifrat sol hakimiyyətə gələcəyi təqdirdə vətəndaş müharibəsi ehtimalına eyham vurub. Elə bu fonda fransız siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippo qeyd edib ki, Makron müxalifətin iki blokunu öz aralarında fərqli baxışlarla toqquşduraraq, dövlətdə xaosa səbəb olmağa çalışır. Filippo Makronu Konstitusiyanın ona fövqəladə səlahiyyətlər verəcək müstəsna maddəsinə müraciət etmək niyyətində təqsirləndirilib: “Seçkilərin ilk turundan sonra vəziyyətin qeyri-müəyyən olduğunu görürük. Bu həftə Milli Birliyin mütləq çoxluq qazanması mümkündür, lakin bu hələ həll olunmayıb. Səs çoxluğunu heç kimin qazanmaması da mümkündür və bu, xaos deməkdir”. 

Baş verənləri şərh edən rus ekspert Natalya Lapina bildirir: "Hauts-de-France Region Şurasının sədri Ksavye Bertrand qeyd edib ki, siyasi böhranın yaranmasında günahkar siyasi qurumlar deyil, onu təhrik edən prezidentin özüdür. Makronun hesablaması nəticə verməsə və Milli Birlik Partiyası ikinci turda da qalib gəlsə, Fransa yeni hökumət başçısını qəbul edəcək. Bu, 28 yaşlı partiya sədri Cordan Bardella olacaq. Le Pen özü də baş nazir olmağa can atmır, çünki o, qarşısına daha iddialı bir məqsəd qoyub - Fransanın növbəti prezidenti olmaq”. Bardella immiqrasiyanı məhdudlaşdıracağını, pensiya islahatlarını ləğv edəcəyini və yalnız ölkə vətəndaşları üçün müavinətlərin saxlanacağını vəd edir. Xarici siyasətə gəlincə, o, Fransa ilə Rusiya Federasiyası arasında münasibətlərin pisləşməsinə səbəb olmasa, Ukraynaya hərbi yardım göstərməyə razıdır. Bardella bu barədə Londonun “The Financial Times” qəzetinə müsahibəsində bildirib. Əgər əvvəllər Milli Birlik rusiyapərəstliyi ilə seçilirdisə və Ukraynaya silah göndərilməsinə qarşı çıxırdısa, indi Kiyevi dəstəkləməyə etiraz etmir. İndiki halda Makronun partiyasının hökumət qura bilməyəcəyi göz qabağındadır. Deməli, prezident üçün ən çox ehtimal olunan variant müxalifət iqtidarı ilə birgə yaşamaqdır. Natalya Lapinanın sözlərinə görə, Fransada “makronizmin” gələcəyi məsələsi qızğın şəkildə müzakirə olunur. Bir çox analitiklər etiraf edirlər ki, Makron 2027-ci ilə qədər hakimiyyətdə qalsa belə, bu siyasi fenomen bitib: “Bir daha fransızlara müraciət edərək, Makron ölkədə idarəetmə tərzi ilə yanaşı, həyatın dəyişəcəyini vəd etdi. Yadımdadır ki, bu cür vədlər artıq 2019-cu ilin əvvəlində “sarı jiletlilər” hərəkatına son qoymalı olan debatlar zamanı və ötən yay ölkəni bürümüş şəhər üsyanlarından sonra verilmişdi. Yeni idarəetmə formaları da bir neçə dəfə sınaqdan keçirilib - yaşıl tranzit, ətraf mühitin inkişafı və sairlə bağlı məsləhətləşmələr aparıldı. Vətəndaş cəmiyyəti ilə bu məsləhətləşmələrdən ciddi heç nə alınmadı”.

Samirə SƏFƏROVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
baki-xeber.com

1Источники