RU

Azərbaycan-Türkiyə münasibətləri türkdilli ölkələr arasında əlaqələrin şah damarını təşkil edir -ŞƏRH

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa sammitinin proqramı açıqlanıb.
İyulun 6-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçiriləcək toplantıda Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentlərinin iştirakı gözlənilir.
Bununla yanaşı, sammitə təşkilata müşahidəçi qismində üzv olan dövlətlərin liderləri, eləcə də qurumun Baş katibi də qatılacaq.

O da qeyd edilib ki, “Nəqliyyat bağlantısı və İqlim Fəaliyyəti vasitəsilə Davamlı Gələcəyin qurulması” mövzusu ilə keçiriləcək sammit təşkilatın əsas məsələləri və gündəliyi üzrə yüksək səviyyəli müzakirələr üçün platforma rolunu oynayacaq. 

Eyni zamanda, İyulun 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək. 

Bu barədə Ərdoğanın iyul ayı üçün diplomatik proqramında yer alıb.


Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən politoloq İlqar Vəlizadə söyləyib ki, Azərbaycan-Türkiyə münasibətləri sürətlə inkişaf edir:

“Azərbaycanda Prezident seçkilərindən sonra İlham Əliyevin ilk səfərinin Türkiyəyə olması da ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğundan xəbər verir. Eyni zamanda, İlham Əliyevin Türkiyəyə işgüzar səfəri də baş tutub. Səfər çərçivəsində bir çox məsələləri ətraflı şəkildə müzakirə ediblər. Hazırda regionda yeni siyasi vəziyyət yaranıb. Rusiya sülhməramlılarının Azərbaycandan tamamilə çıxmasıyla ölkəmizdə xarici qüvvələrin mövcudluğu qalmayıb. Azərbaycan regionun aparıcı qüvvəsi olmaqla öz tarixində yeni səhifə açır. Şuşada keçirilən qeyri-formal sammit məhz sözügedən reallıqları bir daha təsdiq edəcək. Həmin reallıqlarda Azərbaycanın Türkiyə və türkdilli ölkələri ilə olan münasibətləri yenidən müəyyənləşəcək. Azərbaycan-Türkiyə münasibətləri türkdilli ölkələr arasında əlaqələrin şah damarını təşkil edir. Azərbaycan-Türkiyə tandemi bir çox regional formatların formalaşmasına imkanlar yaradıb. Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-Türkiyə-Özbəkistan və Azərbaycan-Türkiyə Türkmənistan formatlarının əsnasında Azərbaycan-Türkiyə münasibətləri durur. Regionda gedən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin tənmizlənməsində gedən irəliləyişlər və Türkiyə-Ermənistan əlaqələrində olan son dinamika Azərbaycan-Türkiyə zirvə görüşünün formunu təşkil edir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
sherg.az

1Источники