RU

Qiymətlərin artırılması hansı zərurətdən irəli gəlib? - EKSPERTLƏRDƏN AÇIQLAMA

Sosioloq Mail Yaqub: “Düşünmürəm ki, bu qərar yanacaq məsrəfinin, istehlakının azalmasına xidmət edəcək”

İqtisadçı-ekspert Rəşad Həsənov: “Görünən odur ki, sadəcə əlavə gəlirin əldə edilməsi məqsədilə bu qərar qəbul edilib”

İqtisadçı Natiq Cəfərli: “Bu, başlanğıcdır, yaxın aylarda kommunal xidmətlər də bahalaşacaq”

İyunun sonuncu günü Azərbaycan xalqı üçün “sürprizlərlə” dolu oldu. Söhbət ondan gedir ki, ölkədə bir sıra sahələrdə qiymət artımı baş verdi. Belə ki, metroda və marşrut avtobuslarda gediş haqqı bahalaşdırıldı, eləcə də benzinin və dizelin qiyməti artan xətt üzrə dəyişdi.

Sözsüz ki, istər metro və marşrut avtobusların gediş haqqında, istər də dizel və benzinin qiymətindəki bu artım heç də vətəndaşların ürəyincə olmadı. Lakin hökumət rəsmiləri bu artımı sanki “insanların həyat şəraitinin yaxşılaşdırılması” kimi təqdim etməyə çalışır: “Azərbaycanda yanacağın keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir, bu sahəyə investisiya xərcləri artır. Ölkəmizdə AVRO-5 standartına tam uyğun olaraq istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi bu məhsulların satış qiymətlərinin artırılmasını zəruri edir”. O cümlədən, bəzi saytlarda bu qərarı elə paylaşıblar ki, sanki əhaliyə şad xəbər verirlər.

Halbuki, işsizliyin baş alıb getdiyi bir vaxtda qiymətlərin bu səviyyədə artırılmsı heç də normal qarşılana bilməz. Məsələn, yaşayış yeri uzada olan vətandaş gün ərzində ən azı 2 nəqliyyat vasitəsi dəyişməyə məcburdur. Bu, o deməkdir ki, hər gün 2 manat təkcə yol puluna gedəcək. Bəs, bu nə dərəcədə normal hal sayıla bilər? Axı, vətəndaş öz büdcəsindən hər ay ən azı 30-50 manat əlavə ödəniş etməli olacaq. Hansı ki, bu orta statistik ailələrdə ümumi kommunal xərcin həcminə bərabər vəsaitdir.

Dizel yanacağının qiymətinin artması da, sözsüz ki, iqtisadiyyata və əsasən də kənd təsərrüfatına mənfi təsir göstərəcək. Bu da gələcəkdə növbəti bahalaşma dalğasına gətirib çıxaracaq.

Maraqlıdır, Tarif Şurası, eləcə də digər qurumlar bu qərarı verərkən, əhalinin sosial vəziyyətini cüzi də olsa nəzərə alıblar?! Əlbəttə, bu qərar dövlət büdcəsinə ödənilən vəsaiti artıracaq. Amma büdcəmizin dolması vətəndaşlarımızın canı, qanı bahasına olmamalıdır.

Məsələ ilə bağlı Fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub ilə həmsöhbət olduq: “Rəsmi məlumata əsasən, benzinin və dizelin qiymətlərinin artırılması ekoloji tarazlığı bərpa etmək üçündür. Buna inanmaq çətindir ki, qərar məhz bunun üçün verilib. Çünki, düşünmürəm ki, bu qərar yanacaq məsrəfinin, istehlakının azalmasına xidmət edəcək. Bir müddət ola bilər. Yəni qiymətlərin artmasına görə, bir həftə, 10 gün istehlak azala bilər. Amma psixoloqlar da deyir ki, real tələb nədirsə insanlar yenidən onu istifadə edir.

Əgər ekologiyaya ziyan dəyirsə, yenə də o yerində qalacaq, qiymət artımı ona təsir etməyəcək.

Digər tərəfdən, mən düşünürəm ki, qiymətlərin artırılması kəskin oldu. Xüsusilə də dizel yanacağının qiymətinin birdən-birə 25 faiz, benzinin isə qiymətinin 10 faiz qaldırılması böyük artımıdır. Təbii ki, insanlar həmişə belə hallarda narazı qalır. Amma bu, digər sahələrdə olan məhsulların da qiymət artımına səbəb ola biləcək. Ümumi olaraq deyə bilərəm ki, xoş bir mənzərə deyil”.

İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, yanacağın qiymətinin artırılması zəruri idi: “Ya dövlət tərəfindən nəqliyyat sektoruna subsidya verilməli, xərclər kompensasiya edilməli, ya da qiymətlər artırılmalı idi. Beləliklə, qiymətlərin artırılması yolu seçildi. Əlbəttə, nəzərə alsaq ki, cari şəraitdə xüsusilə də büdcə təşkilatlarında çalışanlarının gəlirlərinin artırılması ilə bağlı 2024-cü illər ərzində hər hansı bir qərar qəbul edilməyib və əhalinin alıcılıq gücünün azaldığı müşahidə olunur və nəqliyyat sahəsində qiymət artımlarının da yeni olduğunu nəzərə almaqla, belə bir qərarın qəbul edilməsi arzuolunan deyil. Xüsusilə də nəzərə alsaq ki, bu qərar ekoloji tarazlıq və s, bu kimi məqamlarla izah olunur, belə halda insanların ictimai nəqliyyatdan istifadəsi daha çox təklif olunmalıdır. Bu da qiymət artımlarını istisna edir.

O ki qaldı yanacağın qiymətinin artırılması qərarının izahına, mən bu izahatı o zaman qəbul edərdim ki, qiymət artımlarından əldə olunmuş gəlir təyinatı üzrə xərclənsin. Hansı ki, burada çox böyük gəlirlərdən söhbət gedir. Hazırda il ərzində təxminən son qəbul edilən qərarla dizelin və benzinin satışından aidiyyəti qurumlar 5 yüz milyon manata yaxın, hətta daha çox gəlir əldə edəcəklər. Bu gəlirin hansısa ayrıca fondda toplanması və bu fondun vəsitlərindən məhz elektrik mühərrikli, hibrit mühərrikli avtomobillərin idxalı prosesinin təşviqi məqsədilə istifadə olunması, məsələn kredit faizlərinin subsidyalaşdırılması, dövlət zəmanəti xərclərinin ödənilməsi və yaxud aşağı faizli güzəştli kreditlərin verilməsi kimi mexanizmləri, eləcə də avtomobilin dəyərinin müəyyən qisminin xərcinin kompensasiyası məqsədilə birbaşa subsidyaların verilməsi məqsədilə istifadə olunması, bundan başqa, ölkə ərazisində zəif inkişaf etmiş müvafiq nəqliyyat növləri üzrə infrastrukturun təkmilləşdirilməsi lahiyələrinin icrasına yönləndirilməsi olardısa, bu zaman müvafiq izahatı qəbul etmək olardı. Amma indiki halda görünən odur ki, sadəcə əlavə gəlirin əldə edilməsi məqsədilə bu qərar qəbul edilib”.

Tanınmış iqtisadçı, ReAL Partiyasının icra katibi Natiq Cəfərli isə hesab edir ki, hökumət qiymətləri artırmağa məcbur idi: “Heç bir hökümət seçkilərdən öncə qiymət qaldırmaz, qeyri-populyar qərar verməz. Bu addımı atdılarsa, deməli 2 ay gözləmək istəmirlər, imkanlar məhduddur, xərclər artır, gəlirlər sürətlə azalır. Onu da deyim ki, bu, başlanğıcdır, yaxın aylarda kommunal xidmətlər də bahalaşacaq, 2025-də manat da ucuzlaşacaq.

Həftələr öncə zatən xəbərdarlıq etmişdik, artım olacağını söyləmişdik, bu seçkilərdə cəmiyyət olaraq hökumətə ciddi  mesaj verməsək, daha rahat addımlar atacaqlar”.

Jalə FAMİLQIZI

Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
hurriyyet.az

1Источники