RU

Monqolustanda yeni qanuna əsasən 32 qadın parlamentə seçilib

Monqolustanda

Bakı, 1 iyul, AZƏRTAC

Monqolustanın Ali Dövlət Xuralına (parlament) seçkilər haqqında yeni qanuna görə, 126 deputatdan üçdə biri qadınlardan təşkil olmalıdır. Yeni çağırışda qadın deputatların sayı 32-yə çatdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Monqolustan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

“Parlament seçkiləri haqqında yeni qanuna görə, deputatların 30 faizini qadınlar təşkil etməlidir. Növbəti seçkilərdə isə qadın deputatların sayı 40 faizə çatdırılmalıdır”, - deyə məlumatda bildirilir.

İyulun 1-dən etibarən yeni çağırış parlamentinin 126 namizədinə vəsiqələrin verilməsinə başlanılıb. Xarici işlər naziri Batmunxin Battseseq, mədəniyyət naziri Çinbatın Nomin, əmək və əhalinin sosial müdafiəsi naziri Xurelbaatarın Bulqantuya deputatlar arasındadır. Onların üçü də qadındır.

Monqolustanın əsas müxalif qüvvəsi - Demokratlar partiyasının qadın namizədi, sabiq vitse-spiker Saldanqiyn Odontuya da parlamentə daxil olub. Həmçinin monqol qazaxlarının ilk qadın nümayəndəsi Sonqobayn Zamirə deputat seçilib.

Monqolustanda qalib partiya həm hökuməti formalaşdırır, həm də Baş naziri təyin edir. 2022-ci ildə konstitusiyaya edilən son dəyişiklik bütün nazirlərə eyni vaxtda parlament üzvü kimi fəaliyyət göstərməyə də imkan yaradır.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
azertag.az

1Источники