RU

"Qriqorçukun sehirli dəyənəyi yoxdu ki..." - yeni transferlər "Qarabağ"ın önünə daş qoya biləcək?

"Neftçi" dünən yay "transfer pəncərəsi"nin ilk keçidlərini reallaşdırdı. "Ağ-qaralar" Emil Səfərov və Edvin Kuçla gücləndi.

"Football-plus.az"ın məlumatına görə, Emil "Qəbələ" akademiyasının bacarıqlı yetirmələrindən biridi. Yığmamızın da üzvü olan 21 yaşlı futbolçu "qırmızı-qaralar"la ötən il imzaladığı müqavilənin 2025-ci ilə qədər nəzərdə tutulmasına baxmayaraq, paytaxt klubuna üz tutdu. O, 2023/24 "futbol ili"ndə bölgə təmsilçisinin heyətində 36 oyun keçirib, 1 qolla yadda qalıb. Mərkəz yarımmüdafiəçisinin doğru strategiyadan istifadə edildiyi təqdirdə kölgədə qalmayacağı bəllidi.

Kuçu isə daha əzəmətli transfer saya bilərik. Bəli, hələ aylar əvvəl keçidi razılaşdırılan futbolçuyla münasibətlər, nəhayət, rəsmiləşdi. "Ballkani"dən (Kosovo) azad agent kimi ayrılan Edvin 3 illik müqaviləyə imza atdı. O, 2020-ci ilin avqustundanKosovo təmsilçisinin şərəfini qoruyurdu. Ötən mövsümdə 50 oyunda meydana çıxan futbolçu 8 qol, 4 məhsuldar ötürmə müəllifi olub. Monteneqrolunun "Ballkani"dəki ümumi karyerası isə 197 matçı əhatə edir ki, o, bura 22 qol, 10 məhsuldar ötürmə sığdırıb. 2023-cü ilin oktyabrında debüt etdiyi Monteneqro millisində 7 oyun keçirən Kuç 3 qol vurub. Göründüyü kimi, mərkəz yarımmüdafiəçisinin statistikası qaydasındadı. Sonrakı durumun məsuliyyəti isə baş məşqçi Roman Qriqorçukun çiyinləri üzərindədi. Çünki mütəxəssis legioner həyatını taclandırmaq istəyən Kuçun və 1-ci liqaya yuvarlanan "Qəbələ"dən ayrılandan sonra karyerasını müsbət notlar üzərində qurmaq niyyətində olan gənc Emilin potensialından maksimum yararlanmaq istəyir. "Ağ-qaralar"ın çempion olmaq arzusunu nəzərə alsaq, bunu bacarmaqdan başqa yol da yoxdu.

Bəs transferlər məqsədəuyğundumu? Onlar Qriqorçukun çempionluq yolunu çiçəkləndirə, "Qarabağ"ın önünə daş qoya biləcəkmi?

Bu suallarla menecer Vaqif Heydərliyə müraciət etdik. Onun söylədikləri:

"Qriqorçukun sehirli dəyənəyi yoxdu ki, gələn kimi komandanı çempion etsin. Düzdü, ölkəmizdə iş təcrübəsi var, "Qəbələ" ilə avrokuboklarda çox uğurlu nəticələr əldə edib. Lakin vaxt lazımdı. Hər halda, "Neftçi"də komanda dəyişir. Qriqorçuk ilk mövsümdə çempion olsa, sürpriz sayılacaq. Əlbəttə, ilk "dördlük"də qərarlaşmaq şansı böyükdü. Transferlərə gəlincə, Emil Səfərovu tanıyırıq. Gənc və perspektivli futbolçu olmaqla yanaşı, millimizin üzvüdü. Edvin Kuç isə Monteneqro yığmasının əsas simalarından biridi. "Ballkani"nin heyətində avrokuboklarda inamlı çıxış edib. 30 yaşının olmasına baxmayaraq, ilk ciddi legioner həyatını ölkəmizdə yaşayacaq. Ümumiyyətlə, təcrübəli oyunçudu. Uyğunlaşma prosesinin öhdəsindən tez gəlsə, xeyli uğur qazanacaq. "Neftçi"yə belə futbolçular lazımdı. Yenə də bu idman növündə nəyisə dəqiq proqnozlaşdırmaq olmur. Onu deyə bilərəm ki, Edvin təcrübəsi sayəsində komandaya faydalı olacaq".

KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
football-plus.az

1Источники