RU

İri aqrar şirkət “Agro Dairy” 2023-cü ili də 32 mln. zərər edib – Yığılmış zərər 98 mln. manata çatıb

 “Agro Dairy” MMC-də 2023-cü ildə yüksələn gəlirlərə rəğmən bioloji aktivlər üzrə itkilər hesabına əməliyyatı zərərlə tamamlanıb. Son il üzrə zərər öncəki ildən xeyli fərqlə artıb.

Banker.az xəbər verir ki, aqrar şirkət 2023-cü ildə 56.84 mln. manatlıq müqavilələrdən gəlir əldə edib. Bu, 2022-ci ildəki 36.97 mln. manatı 54 faiz üstələyib. Lakin satışların maya dəyəri hesabat ilində 59.39 mln. manat olub. Şirkət bununla ümumi 2.55 mln. manatlıq zərər yaranmasına məruz qalıb – halbuki, 2022-ci ildə 6.12 mln. manat ümumi mənfəət vardı.

Əlavə olaraq, 11.4 mln. manatlıq bioloji aktivlərin və kənd təsərrüfatı məhsullarının yenidən qiymətləndirilməsi zamanı zərər edib.

Şirkətin əməliyyat zərəri 10.59 mln. manat (2022: 0.29 mln. mənfəət) olub. Şirkətin keçən il əlavə olaraq maliyyə xərclərinin 16.21 mln. manatdan 21.56 mln. manata qalxması xalis zərərin həcminin artımını dəstəkləyib.

Kənar audit “Agro Dairy” MMC-nin 2023-cü il üzrə 32.14 mln. manatlıq xalis zərərini tanıyıb. Məsələn, 2022-ci ildə zərərin həcmi 16.39 mln. manatın altında idi.

Bu zərərdən sonra kapital balasındakı illərin yığılmış zərəri 1 yanvar 2024-cü il tarixinə 97.6 mln. manata yüksəlib.  Nəzərə alsaq ki, şirkətin nizamnamə kapitalı 11.8 mln. manat və 227.8 mln. manat digər ehtiyatları var – o zaman xalis aktivlər zərər səbəbindən 142 mln. manata düşüb.

Aqrar biznesin cəmi aktivlərinin həcmi 312.11 mln. cəmi öhdəlikləri 170.11 mln. manatdır.

Xatırladaq ki, “Agro Dairy” MMC “PASHA Holding” MMC-nin idarəetməsində daxildir və 2014-cü ildə təsis edilib. Bu gün şirkət Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biridir. Baş ofisi Bakıda yerləşir. Şirkət Samux, Tovuz və Hacıqabulda əkin sahələrinə sahibdir.

1222112

232

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
banker.az

1Источники