RU

Deputat: Tələbələrə nəqliyyat məsələsində güzəştlər olunmalıdır

Bu gündən etibarən metro və avtobuslarda gediş haqqı artırılaraq 50 qəpik oldu. Bu isə öz növbəsində tələbələrin, eləcə də aztəminatlı ailələrin büdcəsinə təsir edir.

 

Belə olduğu halda, tələbələr üçün hər hansısa güzəştlər nəzərdə tutula bilərmi?

 

Mövzu ilə əlaqədar millət vəkili Ceyhun Məmmədov AzEdu.az-a açıqlama verib.

 

Deputat bildirib ki, tələbələrə nəqliyyatda güzəşt olunmalıdır:

 

“Xərclərin ödənilməsi, metro və avtobusların saxlanılması üçün qiymətlərin yüksəlməsinə zaman-zaman ehtiyac yaranır. Düzdür, bu vətəndaşlarımızın büdcəsinə mənfi təsir edir, amma xərclərin ödənilməsi baxımından dövlətin bu addımı atdığını görmək mümkündür. Hesab edirəm ki, hər bir halda tələbələr üçün müəyyən güzəştlər edilməlidir. Məsələn, bir ailədə 3 uşaq varsa və hər gün nəqliyyatdan istifadə edirlərsə, onların təkcə 1 gün gedib-gəlməyi ailəyə ayda 100 manata başa gəlir. Bu rəqəm tələbələr üçün az vəsait deyil. Müvafiq məsələ ilə bağlı parlamentdə də çıxış etmişəm ki, biz tələbələr üçün cüzi də olsa müəyyən güzəştləri nəzərdə tutumalıyıq.

 

Dövlətimiz tələbələrə müəyyən qayğı və güzəştləri göstərir, amma əlavə olaraq da bütün dünya təcrübəsində, eləcə də qardaş Türkiyədə olduğu kimi nəqliyyatda endirimli qiymətlər tətbiq olunmalıdır. Bunu etməyə ehtiyac var. Ən azından tələbələrimiz dövlətin diqqətini, qayğısı bir az da yaxından hiss etmiş olarlar. Düşünürəm ki, bunun üzərində işləməliyik. Şərt deyil ki, böyük məbləğ olsun, kiçik olsa da olar, təki tələbələrin, valideynlərin büdcəsinə təsir edə bilək. Tələbə yol pulu, təhsil haqqı, yemək pulu və kirayə haqqı ödəyir. Bunlar heç də az vəsait deyil. Düzdür, hər il dövlət büdcəsi hesabına təhsil alanların sayı artır, ancaq buna baxmayaraq güzəştlərin tətbiq olunması məsələsini də gündəmdə saxlamalıyıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
azedu.az

1Источники