RU

“Yemək, yatmaq, istirahət, bir sözlə, hər bir şeyə fikir verir” - Berdıyev futbolçulara tələblərini çatdırıb

“Turan Tovuz” iyunun 25-də yeni baş məşqçisi Kurban Berdıyevlə müqavilə bağladı. 71 yaşlı mütəxəssislə “2+1” illik anlaşma əldə olundu. Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi” , Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda  “Traktor”, Rusiyada  “Rostov”, “Soçi”,  “Dinamo” (Mahaçqala)  komandalarına rəhbərlik edib. Mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, Rusiya Superkubokuna və kubokuna da yiyələnib. 2020/21 mövsümündə “Kayrat”la Qazaxıstan kubokunu başı üzərinə qaldırıb.

Sadalanan uğurlar Tovuz təmsilçisi üçün yeni dövrün başladığına işarədi. Onu da qeyd edək ki, “bozqurdlar” artıq Qəbələdə təlim-məşq toplanışına başlayıb. Berdıyevin gəlişindən sonra bir neçə transferin həyata keçirildiyi də bəllidi. Bəs Kurban Berdıyevin gəlişi komandada necə qarşılandı? Komandanın kapitanı Şəhriyar Əliyev bununla bağlı suallarımızı cavabladı.

- Kurban Berdıyevin gəlişini futbolçular, elə sən özün necə qarşıladın?
- Baş məşqçimiz ilk gəldiyi gün iclas keçirdi. Əsas komanda ilə bağlı tələblərini bildirdi. Futbolçulara da necə oynamaq lazım olduğunu da öyrətməyə başlayıb. Hər məşqçinin öz taktikası, sistemi olduğundan Kurban müəllim də taktikasını bizə öyrədir. Çalışır ki, sistemini, ideyalarını bizə ötürsün. İstəyir ki, verdiyi tapşırıqlar vaxtında yerinə yetirilsin. Düzdü, onda komanda tam şəkildə toplaşmamışdı. Bir neçə gün sonra gələnlər oldu. Srağagündən Qəbələdə yığışmışıq. Yeni gələn oyunçular da var. İnşallah, çempionat başlayana qədər çalışacağıq ki, baş məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirək, dediklərinə əməl edək. Yəni onun futbol ideyasını komandamıza ötürə bilək.

- Kurban Berdıyev ilk baxışdan ciddi, tələbkar məşqçiyə oxşayır. Bu siz tərəfdən necə göründü?
 - Hər məşqçi müəyyən qədər ciddi olur. O da bir neçə komandada işləyib. Bundan əvvəl Ayxan Abbasov idi, o da ciddiliyini göstərirdi. Tələbkar məşqçidi. Öz dediklərini həm də tələb edir. Yeni olduğu üçün hələ öz üslubunu öyrədir.

- Sizdən ilkin tələbləri, hədəfləri nə oldu?
- Futbolçunun ideal səviyyədə olmasını istəyir. Hər şeyə fikir verir. Yemək, yatmaq, istirahət, bir sözlə, hər bir şeyə fikir verir. Dissiplin istəyir. İlk gündən tələb etdiyi şeylərdən biri də fiziki durumumuzu daha da artırmaqdı.

- Ayxan Abbasov cavan məşqçi idi. Amma Berdıyev illərin təcrübəsinə malikdi. Bu məqam sizə uyğunlaşmaq baxımından çətinlik yaratmır?
- Deməzdim ki, Ayxan müəllim də cavan məşqçidi. Bundan əvvəl "Sumqayıt"da da işləmişdi. Önəmli olan məşqçinin fikirləridi. Ayxan müəllimin öz düşüncələri, yeni məşqçimizin isə fərqli fikirləri var. Əsas onların bizə ötürdüyü şeylərdi. Çalışırıq ki, onları düşünüb, məşqlərdə üzərində işləyək. 

- Deyilənə görə, Türkiyə toplanışına getməyəcəksiz. Planlar isə Kurban Berdıyevin sağlıq durumuna görə dəyişib...
- Yox. İyulun 10-na qədər Qəbələdəyik. İyulun 13-də isə Türkiyəyə gedəcəyik. Qaldı ki baş məşqçinin təzyiq probleminə, boş söhbətdi. Onu yalandan çıxardıblar. Ayın 10-da Qəbələdəki məşqlərimizi bitirib, bir-iki gün dincələndən sonra xaricə yollanacağıq. Planda ya 13-ü, ya da 12-si nəzərdə tutulub.

- Legioner və yerli futbolçuların hamısı düşərgədədi?
- Bəli, əvvəlki legionerlərin hamısı düşərgədədi. İki yeni transfer olunan qapıçımız da bizə qoşulub. Yenilər olsa, açıqlanar.

- Bəs Berdıyev növbəti mövsüm üçün"Turan Tovuz"u hansı yer uğrunda oynadacaq?
 - Hələ ki rəhbərlik səviyyəsində belə iclasımız olmayıb. Komanda yeni yığılıb. Bu məsələni məşqçimizlə danışıblar. Komandamıza gələndən baş məşqçinin bizə dedikləri fiziki durumu artırmaq, verdiyi tapşırıqları doğru yerinə yetirmək, düşünmək və yaxşı futbolçu olmaq üçün düzgün addımlamaq olub. Çempionatı yüksək yerlərdə başa vurmaq istəyirik.

- Bildiyimə görə, tələblərdən biri də stadionun süni ot örtüyünün dəyişdirilməsi ilə bağlı olub...
- Biz Olimpiya Stadionunun meydançasında məşq edirdik. Noyabrda tədbirlərlə bağlı bağlanacaq. Ötən il də orda məşq edib, oyundan bir-iki gün əvvəl Tovuza gedirdik. Hələ ki tam bu haqda danışılmayıb. Bilmirəm, biz neçə gün əvvəldən gedəcəyik və s. Bu haqda danışılmayıb. Əlbəttə, süni örtükdə oynamaq çətindi. Zədə almaq ehtimalımız daha böyükdü. Süni ot örtüyünün dəyişdirilməsi zaman alan bir şeydi. Yəni orda tək biz yox, bütün yaş qrupları oynayır. Bu da bizə çətin ola bilər. Böyük prosesdi. Futbolçu kimi dəyişilməsini istəyərəm.

- Daha iddiali komanda olmaq üçün yeni transferlər lazımdı, yoxsa...
- Birdən-birə komandanı dəyişmək, yeni futbolçuların gəlməsi böyük prosesdi. Çalışırlar komandanın özəyini qorusunlar. Gedənlər də oldu. Yeni futbolçular da gələcək, yəni şərtdi. Ötən mövsüm bu cəhətdən çox əziyyət çəkdik. Cəzalı, zədəli oyunçular oldu və qırılma nöqtəmiz orda oldu. Yəni yarımmüdafiədə cəzali və zədəli oyunçularin olması nəticələrimizə təsirini göstərdi. Elə oyunlar oldu ki, müdafiəçini dayaq yarımmüdafiəçisi mövqeyində oynatmaq məcburiyyətində qaldıq. Yəni belə çətinliklərimiz oldu. Təsirsiz də ötüşmədi. Yeni oyunçular gələrsə, komandamız üçün daha yaxşı olar.

- Bəs hansı mövqelərə yeni oyunçular gələrsə, daha yaxşı olar?
- Bunu daha dəqiq baş məşqçi bilər. Hər mövqedə iki futbolçunun olması baş məşqçi üçün də rahat olur. Həm də rəqabət olur. Hər mövqedə birdən artıq oyunçunun olması daha yaxşıdı. Yeni baş məşqçimiz də təhlil edəcək, harda zəif tərəflər varsa, ora diqqət ayıracaq. Hər bir halda, istəyərəm ki, komandamız üçün yaxşı seçimlər olsun, biz də daha yüksək yerlər uğrunda mübarizə apara bilək.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
football-plus.az

1Источники