RU

Fransa seçkiləri necə tamamlanacaq: Makron niyə “topal ördəyə” çevrildi?

Bu gün Fransa seçkilərdə gedir. Əsasən ultra-sağçı lider kimi tanınan Marin Le Penin "Milli Birlik", Fransa prezidenti Emmanuel Makronun İntibah ("Renaissance") partiyaları və ultra-solçu “Yeni Xalq Cəbhəsi” ittifaqı arasında gedən bu yarışda kim qalib gələcək? Seçkilərin nəticəsində formalaşdırılacaq yeni hökumət dünya siyasətinə, o cümlədən Azərbaycana nə vəd edir?

Siyasi şərhçi Heydər Oğuzun Musavat.com-a deyib ki, Fransada keçirilən seçkilər Avropada və dünyada geosiyasi qırılmalar yarada bilər:

oğuz-2.jpg

“Bilirsiniz ki, Le Penin “Milli Birlik” partiyası Avropa Parlamentinə seçkilərində 31,4 faiz səs toplamışdı. Makron da guya buna əsəbləşib erkən seçki qərar aldı. İddialara görə, Makronun bu qərarı tərəfində olduğu mərkəz sağı və mərkəz solu “faşistlər hakimiyyətə gələ bilər” təhdidi ilə öz ətrafında birləşdirmək məqsədi güdürdü. Seçki qabağı aparılan rəy sorğuları isə Makronun öz məqsədinə çatmadığını göstərir. Fransanın “Les Echos” qəzetinin apardığı sorğuda “Milli Birlik” partiyasının 37 faizlə yarışı birinci bitirəcəyi, Makronun rəhbərlik etdiyi alyansın isə cəmi 20 faiz səs toplayacağı, hətta sol partiya koalisiyasından sonra üçüncü olacağı proqnozlaşdırılır. “Le Monde” qəzetinin sorğusunda da “Milli Birlik” partiyasının 36 faiz səslə yarışı birinci tamamlayacağını göstərir. Fransanın BFM televiziyasının araşdırmaları isə Makron üçün daha dəhşətli sürprizlə qarşılaşacağını iddia edir. Televiziyanın iddiasına görə, “Milli Birlik” partiyası təkbaşına hökümət qurmaq üçün üçün tələb olunan 289 yeri belə keçə bilər. Məlumdur ki, Fransa parlamenti 577 deputatdan təşəkkül tapır. Hökumət qurmaq üçün deputatların yarısı və üstə gəl 1 nəfərin səsini qazanmalısan. Bu isə 289 deputat deməkdir. “Milli Birlik” həqiqətən də 289-dan çox səs toplayarsa, Fransada ikihakimiyyətli dövr başlayacaq: Hakimiyyətdən birinə Makron, digərinə isə “Milli Birlik”in 28 yaşlı baş nazir namizədi Cordan Barbella rəhbərlik edəcək”.

Heydər Oğuzun proqnozlarına görə, hətta “Milli Birlik” partiyası təkbaşına hökumət qurmasa belə, bu gün keçirilən seçkilərdən sonra Fransada “qolu-qanadı qırılmış Makron” dövrü başlayacaq:

“Çünki ən mütəvazi proqnozlarda belə “Milli Birliyin” koalisiya hökumətinin ən güclü ortağı olacağı gözlənilir. Onun koalisiya qura biləcəyi ortağı da artıq məlumdur. Makronun mərkəz sağ və mərkəz sol qüvvələri Rönesans” partiyası ətrafında ittifaq qurmağa çağırışlarına verilən reaksiyalar bu ehtimalı gücləndirir. Fransa prezidentinin bu çağırışından sonra Yaşıllar Partiyasının binasında bir araya gələn sol partiyalar - “Yaşlı Olmayan Fransa”, Sosialist Partiyası, Yaşıllar və Fransa Kommunist Partiyası seçkilərə birlikdə getmə qərarı aldılar. Bu hadisələrdən sonra gözlər Fransada Beşinci Respublikanın qurucusu De Qollun Respublikaçıla partiyasına və onun “sosial hüquq” ideologiyasını davam etdirən Jak Şiraka çevrildi. Respublikaçıların Erik Çiotti ölkənin ən böyük özəl kanalı TF1-in efirinə çıxaraq Avropa Parlamentinə seçkilərdə aşkar qələbə qazanan “Milli Birlik” ilə ittifaqa gedəcəyini bildirdi. Fransa respublikaçılarının Avropa Parlamentinə seçkilərdə 7.2% səs aldığını hesaba qatsaq, bugünkü parlament seçkilərində “Milli Birliyin” əskik tərəfini onun dolduracağı şübhəsizdir. Nəticədə Fransanın yeni hökuməti ultra-sağçı xarakter daşıyacaq. Beləcə, nəyin bahasına olursa-olsun, 2027-ci ilə qədər presidentlik kürsüsünü buraxmayacağını bildirən Makronun gücü zəifləyəcək və o, avropalıların təbiri ilə desək “axsaq ördəyə” çevriləcək”.

Bəs, Fransada ultrasağ hökumətin formalaşması hansı nəticələr doğura bilər? Heydər Oğuz gözlənilən nəticələri belə sıraladı:

“Əvvəla, Fransanın Ukraynaya hərbi dəstəyi azala, hətta sıfırlana bilər. Bu isə ilk növbədə ABŞ-la Avropa arasında ciddi gərginliyə yol açar. Xüsusilə, ABŞ-dakı prezident seçkilərini Tramp qazanarsa… Məlumdur ki, Tramp ilk hakimiyyəti dövründə ABŞ-ı NATO-dan çıxarmaq istəyirdi. Arqumenti isə kifayət qədər aydın idi: Amerika ilə Rusiya arasında keçilməsi çətin olan okean var. Dolayısıyla Rusiya bizim üçün real təhdid deyil. Deməli, Rusiyanın təhdid etdiyi coğrafiya Avropadır. Amma Avropa öz müdafiəsi üçün pul xərcləmək istəmir. Bizim pulumuzun və hərbi qüdrətimizin arxasında gizlənib inkişaf edir. Biz isə onu müdafiə edərək borclanırıq. Avropanın bu istismarına son qoyulmalıdır”.

Prinsipcə, Trampın öz mövqeyində haqlı olduğunu düşünən Heydər Oğuz xatırlatdı ki, Ukrayna savaşından sonra Avropa dövlətləri də ABŞ-ın tələb etdiyi ölçüdə hərbi büdcələrini artırmışdılar. “2014-cü ildə keçirilən Uels sammitində ÜDM-nin 2%-nin hərbi büdcəyə ayırmaq öhdəliyi götürən NATO ölkələrinin böyük əksəriyyəti bundan yayınırdı. ABŞ-la Avropa ölkələri arasında böyük mübahisələrə yol açan bu problem Ukrayna savaşı başlayandan sonra çözüldü. Dolayısıyla Trampın bəhanəsi də tarixə qovuşdu. Amma Fransada və ümumiyyətlə Avropada ultra-sağçı hökumətlərin başa gəlməsi ilə Qərb ölkələri yenidən əvvəlki siyasətə qayıda bilərlər. Buna isə Trampın laqeyd qalması mümkün deyil”.

İkinci mühüm problemin köç və miqrasiya siyasətində yaşanacağını düşünən siyasi şərhçinin fikrincə, Avropada ultra-sağçı yüksəlişin əsas səbəbi də bu məqamla bağlıdır: “Xüsusilə Afrika və Yaxın Şərq ölkələrindən qaçıb Avropaya sığınan köçkünlərə qarşı “qoca qitə”də böyük nifrət duyulur. Avropalılar qarşılaşdıqları bütün problemlərin səbəbini məhz bu amildə axtarırlar. Əsasən də müsəlmanların onların rifahını pozduqlarına inanırlar. Özəlliklə də fransızlar miqrantların ölkədən çıxarılmasını tələb edirlər. “Milli Birlik” partiyası da məhz bu ritorikadan istifadə edərək hakimiyyətə gəlməyə çalışır. Onların hakimiyyəti dövründə atacaqları addımlar isə Fransanı vətəndaş müharibəsinə qədər sürükləyə bilər. Yeri gəlmişkən, Makron da bu ehtimalı gizlətmir və son zamanlar verdiyi müsahibələrdən birində vətəndaş müharibəsi təhlükəsini açıq şəkildə dilə gətirib. “Milli Birliy”in cinayət və immiqrasiyaya qarşı "ayrı-seçkiliyə əsaslanan təkliflər" təqdim etdiyini bildirən Makron deyib: “Hesab edirəm ki, ifrat sağçıların təklifindən söhbət gedə bilməz, çünki onları insanları dininə və etnik mənsubiyyətinə görə təsnif edirlər. Bu, vətəndaş müharibəsinə gətirib çıxara bilər”.

Makron, “Yeni Xalq Cəbhəsi” adlı ultra-sol koalisiyasını da bənzər sözlərlə ittiham edib: “İnsanları yalnız dini baxışlarınıza və ya mənsub olduğunuz icmaya görə təsnif etməklə cəmiyyətin qalan hissəsindən təcrid etməyə haqq qazandırırsınız. Bu halda siz sizinlə eyni dəyərləri paylaşmayanlarla vətəndaş müharibəsindəsiniz””.

Heydər Oğuzun fikrincə, Fransada dini bölünmələr həqiqətən də qorxunc haldadır: “Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun keçən il hazırladığı hesabata əsasən, ölkə əhalisinin 51%-i ateist, 29%-i katolik, 10%-i isə müsəlmandır. Xüsusilə müsəlmanlara qarşı Fransada çox ciddi ayrıseçkilik qoyulur. Heç bir rəsmi idarədə müsəlman simvolları sayılan geyimə icazə verilmir. “Milli Birlik” partiyasının lideri hətta ötən illərdəki çıxışlarından birində cümə namazlarında məscidə sığmadığı üçün onun kənarında namaz qılanları faşistlərlə müqayisə etmişdi. Hakimiyyətə gələcəkləri təqdirdə qurban kəsməyi belə yasaqlayacağını bildirib. Bütün bu ayrıseçkiliklərin Fransada böyük insidentlərə yol açacağı istisna olunmur. Sözsüz ki, müsəlmanlara qarşı bu siyasət Fransanın neo-kolonist strategiyasına da ağır zərbə vura və fransız əsgərlərinin Afrikadan çıxarılması prosesini sürətləndirə bilər”.

Üçüncü mühüm problemin vergilər və pensiya yaşı ilə bağlı olacağını düşünən Heydər Oğuzun fikrincə, ultra-sağçı partiyaların Fransa xalqına populist vədlərini necə yerinə yetirəcəyi bəlli deyil.

Növbəti sual ortaya çıxır: Məlumdur ki, hətta Makron zamanında Fransa ermənipərəst mövqeyi ilə seçilirdi. Marin Le Penin Makrondan daha çox ermənipərəst olduğu bəllidir. Belə olduğu halda, Fransanın daha radikal ermənipərəst mövqeyi Azərbaycana necə təsir göstərəcək?

Heydər Oğuzun fikrincə, bu suala ən yaxşı cavabı Türkiyə Xarici İşlər naziri Hakan Fidan bu yaxınlarda “Haber Türk” tele-kanalına müsahibəsində verib:

“Jurnalistlərin bənzər sualını cavablandıran nazir bildirirdi ki, Avropanın ən lideral hökumətləri belə, Türkiyəyə və müsəlman dünyasına münasibətdə ultra-sağçı mövqe tutublar. Bəhanələri də bu olub ki, idarə etdiyimiz ölkələrin xalqları belə istəyir. Əgər biz xarici siyasətimizdə onlardan geri qalsaq, hakimiyyəti itirə bilərik. Hakan Fidan deyirdi ki, bəzən biz düşünürdük; hakimiyyətə ultra-sağçılar gəlsə, onların özüylə münasibət qura, məsələni daha rahat həll edə bilərik. Yəni demək istədiyim odur ki, Fransada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, onun siyasəti dəyişməyəcək. Biz indiyədək Fransanın Azərbaycana qarşı siyasətinə necə müqavimət göstərmişiksə, yenə də eyni xətti tutacağıq. Hətta deyərdim ki, ultra-sağçıların Avropa ölkələrində hakimiyyətə gəlməsi bizim xeyrimizə də nəticələnə bilər. Ən azı, ona görə ki, Avropanın ultra-sağçılığa meyllənməsi əvvəlki vahid xarici siyasəti ortadan qaldıracaq. Onlar vahid bir cəbhədən üstümüzə gəlməyəcəklər”.

Heydər Oğuzun fikrincə, istər Avropanın, istərsə də ABŞ-ın ultra-sağçılığa yuvarlanmasının açıqlanmayan bir başqa səbəbi də var: “Məncə, köç və miqrasiya, Ukrayna savaşı və s. kimi problemlər Qərbin ultra-sağçılığa yuvarlanmasının əsl səbəbi yox, bəhanəsi və ya əsl səbəbin nəticəsidir. Əsl səbəb isə Çinin böyüməsinin qarşısını almaqdır. Bilirsiniz ki, Çin getdikcə böyüyür və ABŞ-ı geri qoyur. Onun əsas bazarı isə Avropa və ABŞ-dır. Bu yüksəlişin qarşısını almaq üçün qlobalizm öz yerini millətçiliyə ötürməli və Çinin bu bazarı ələ keçirməsi dayandırılmalıdır. Məhz bu səbəbdən də Qərb ölkələri qəsdən ultra-sağçılara buraxılır. Təsəvvür edin, hətta ABŞ seçkilərində utra-sağçı Trampın qarşısına Bayden kimi heç kimin səs verməyəcəyi zəif rəqib çıxarılıb. Onun bu seçkiləri uduzacağı hətta Demokrat partiyasının aparıcı funksionerləri tərəfindən də qəbul olunur. Halbuki, Trampın qarşısına daha ciddi namizəd çıxararaq real rəqabət aparmaq olardı. Görünən isə budur ki, ABŞ dərin dövlətinə qlobalistlərin uduzması sərf edir”.

E.Məmmədəliyev,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
musavat.com

1Источники