RU

İran kimi seçəcək:azərbaycanlı Məsudu, yoxsa fars Səidi? - ən şanslısı KİM?

Image

İranda keçirilən prezident seçkiləri gündəmin əsas mövzusuna çevrilib. Əsasən də region ölkələri üçün gələcək İran prezidentinin kim olacağı daha çox maraq doğurur. Həttda fars dini rejiminin hökmranlığı fonunda iran prezidentinin adi icraçıdan qəti fərqlənmədiyini hamı bilsə belə. Çünki dünyadakı hazırkı mürəkkəb proseslər fonunda hər kəs bu seçkilərdən sonra İranda yeni siyasət gözləyir. Sadəcə GÖZLƏYİR...

Artıq birinci turda prezident seçkilərinin nəticələrinin açıqlanması ilə Təbrizdən olan millət vəkili Məsud Pezeşkiyanın ən çox səs topladığı bəlli olub. Pezeşkiyan ikinci turda ikinci yeri tutan Səid Cəlili ilə yarışacaq. Rəsmi dövlət agentliyi İRNA-nın ölkənin seçki qərargahının sözçüsünə istinadən yaydığı açıqlamalara görə, ölkədə sandığa salınan 24,535,185 səsdən Məsud Pezeşkiyan 10,415,991 səs (42.45 faiz) toplayaraq, Sədid Cəlili isə 9, 473,298 səslə (38.61 faiz) ikinci turda yarışmağa haqq qazanıblar. İRNA ölkədə ümumi seçici fəallığının 40 faiz olduğunu bildirib.

Öncə qeyd edək ki, prezident İbrahim Rəisinin helikopter qəzası nəticəsində ölümündən sonra İranda keçirilən növbədənkənar prezident seçkiləri üçün 6 siyasətçinin namizədliyi nəzarət şurası tərəfindən təsdiqlənmişdi. Namizədlərdən Əlirza Zakani və Əmirhüseyn Qazizadə Haşiminin seçkilər günündən əvvəl kənara çəkilmələri ilə, cümə günü keçirilən seçkilərdə yarış yeganə islahatçı namizəd Məsud Pezeşkiyan və üç mühafizəkar namizəd Səid Cəlili, Məhəmmədbağır Qalibaf və Mustafa Purməhəmmədi arasında keçib.

İranda prezidentliyə namizədləri xalqdan - seçicilərdən əvvəl "elita" seçir, "saf-çürük edir", sonra isə sistem üçün təhlükəsiz hesab olunan namizədlər yarışa buraxılır. Seçici aktivliyinin hər zaman aşağı olması da məhz bundan qaynaqlanır. İnsanlar bilir ki, onların seçiminə verilən bütün namizədlər son nəticədə hazırkı düzənin qorunmasına və davamına xidmət edəcək, sistemdənkənar heç kim siyasi mübarizədə sadəcə olaraq YOXDUR, vəssalam!

Bununla belə, zaman-zaman teokratik İran hakimiyyəti islahatçı namizədlərin seçki platformasında müəyyən mötədil, yumşaq və nisbi liberal tezislərin yer almasına, xalqa müəyyən işıqlı vədlərin verilməsinə göz yumur, bəzən bunu təşviq edir ki, əhali seçkilərə gəlsin və insanların narazılığı, etiraz potensialı təbliğat-təşviqat dövründə müəyyən qədər realizə olsun. Obrazlı desək, qazan daşmamış qapağı qaldırılsın və buxar çıxsın.

Gəlin öncə seçkilərdəki aşağı səviyyəli seçici fəallığı barədə danışaq. Seçkilərdəki 40 faiz seçici iştirakı ilk növbədə artıq İran xalqının hazırkı molla rejiminə olan mənfi münasibətini ortaya çıxarır. Bu seçici göstəricisi həm də xalqın baş verənlərə laqeydliyidir. Heç nəyin dəyişməyəcəyinə olan inam deyərlər buna. Zaman-zaman İran xalqının fars rejiminə qarşı sərt etirazları bu seçkilərdəki aşağı faizli seçici “fəallığında” özünü aydınca göstərir. Seçki gündəminə gəldikdə, bu seçkilərdə İrandakı miqrantlar, xüsusən Əfqanıstandan olan qaçqınlar əsas müzakirə mövzularından birini təşkil edir. İran rəsmi orqanlarının məlumatına görə, ölkədə 5 milyondan çox əfqan miqrant yaşayır. Miqrant məsələsinin gündəmə daşınmasının səbəblərindən biri də İrandakı iqtisadi problemlərin və sosial-iqtisadi tənəzzülün öz pik həddinə çatması ilə bağlıdır. Artıq İran iqtisadiyyatındakı çöküş milli valyutanı da əməllicə “vurmağa” başlayıb. Qonşu ölkədəki dolanışıq elə bahalaşıb ki, əhali illər öncəki ucuz bazarlar və əlçatan ərzaq qiymətlərinin xiffətini çəkir. keçək İrandakı prezident seçkilərində ikinci tura qalan namizədlərlə yaxından tanışlığa.

İkinci tura qalan namizəd Səid Cəlili mühafizəkar camiədə kifayət qədər tanınmış və nüfuzlu şəxsdir. 1965-ci ildə Məşhəd şəhərində anadan olan Cəlili siyasi elmlər üzrə təhsil alıb, "Məhəmməd Peyğəmbərin (s) xarici siyasəti" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. İran-İraq müharibəsində iştirak edib, bir ayağını itirib. Buna görə də ona “canlı şəhid” deyirlər. Cəlili 90-cı illərdən müxtəlif dövlət və siyasi qurumlarda çalışıb. XİN-də işləyib, ali dini liderin ofisində planlama şöbəsinin müdiri olub, nüvə danışıqları heyətinə rəhbərlik edib. Dini liderin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi və Sistemin Məsləhətini Müəyyən edən Şuranın üzvüdür. 

Biz isə azərbaycanlı olduğu deyilən namizdə Məsud Pezeşkian üzərində dayanacaqıq. Bəs kimdir bu Məsud Pezeşkian? Qərbi Azərbaycan bölgəsində, Mahabadda dünyaya gəlmiş 70 yaşlı Məsud Pezeşkiyan azərbaycanlıdır. Təbrizdə tibb təhsili alıb, ixtisası kardioloqdur. Təbriz Tibb Universitetinin rektoru olub və bir neçə çağırış Təbrizdən deputat seçilib, parlamentin vitse-spikeri işləyib. Həmçinin prezident Məhəmməd Xatəminin birinci prezidentliyi dövründə səhiyyə nazirinin müavini, ikinci dövründə isə səhiyyə naziri işləyib.
M.Pezeşkiyan “islahat” cinahından olsa da, mühafizəkar qanadda düşmən olaraq görülmür, ən azı Xatəmi, Həsən Ruhani və ya Cavad Zərif qədər ciddi tənqid hədəfi deyil. Üstəlik yayılan xəbərlərə görə, dini rəhbərlik onun seçilməsinə normal yanaşdığına işarə edib. Mətbuat bu namizədin azərbaycanlı olması barədə israrla fikirlər yürüdərək, ifrat İran rejiminin prezidentlik kürsüsündə bir türkün oturmaq şansını qızğın müzakirə edir.

Onun özünün İran şərtlərinə görə cəsarətlə verdiyi açıqlamadan məlum olur ki, əslən Qərbi Azərbaycandan olan Məsud Pezeşkian sən demə öz uşaqlarına evdə türk dilindən başqa dildə danışmağa icazə vermirmiş. İran reallığında bu cür davranışlardan sonra belə bir adamın seçkilərə buraxılmasının özü inandırıcı görünmür. Çünki əsli-kökü türk olan, ən əsas da ictimai çevrəsində türkçülüyü müdafiə edən birisinə İran prezidenti olmaq şansının verilməsi siyasi reallıqla əks mütənasiblik təşkil edir. Yuxarıda sadaladığım faktları çox yəqin ki, İran xüsusi xidmət orqanları bilməmiş olmazlar. Artıq fars rejimi S.Cəlilinin xeyrinə daha çox işlər görməyə başlayıb. Çox güman ki, seçkilərdə üçüncü yürə yüksələn Məhəmmədbağır Qalibaf da öz elektoratını fars rejiminin basqısı ilə S.Cəliliyə səs verməyə çağıracaq. Artıq o dünən axşamdan bu istiqamətdə açıqlamalar verməyə başlayıb.

M.Pezeşkian seçkilərdə qalib belə gəlsə çox güman ki, Xameneinin qoyduğu siyasi cızıqdan qəti kənara çıxa bilməyəcək. Bu vaxta qədər əslən azərbaycanlı olan neçə prezident, yüksək çinli İran məmurları olub ki, heç biri siyasi cəsarət göstərib milli kimliyinə uyğun xırda bir addım belə ata bilməyib. Əlbəttdə, fars rejimi yetişdirdiyi kadrları siyasi mətbəxdə dəfələrlə “qaynadıb” sonra süfrəyə çəkir. Rejim öz uşaqlarını yaxşı tanıyır axı... 

İrandakı prezident seçkiləri barədə gələcəyimiz nəticə odur ki, hazırkı namizədlərdən kimin türk, kimin fars və ya başqa millətin nümayəndəsi olmasının heç bir önəmi yoxdur. Heç bir namizəd milliyətindən asılı olmayaraq dini rejimin qaydalarından və siyasətindən zərrəcədə də olsa kənara çıxmayacaq. Fars, türk və seçkilərdə şanslı olmaq heç nəyi dəyişmir çünki...

Mətləb Salahov

 






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
2
baki-xeber.com

3Источники