RU

Ekoloqdan xəbərdarlıq: “Su gələn arxa, bir də gələr”

İnsanlar bunu bilməli və hazırlıqlı olmalıdırlar

Ekoloq Ənvər Əliyev məskunlaşma zamanı iqlim şəraitinin mütləq nəzərə alınmalı olduğunu deyib
 
 Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra bölgələrdə ciddi fəsadlar törətdi. İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında bildirilib ki, bu səbəbdən bəzi ərazilər subasmaya məruz qalıb. FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib. Qeyd edilib ki, mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir. Bundan əlavə, Hacıqabul rayonunun İkinci Udullun kəndində subasma nəticəsində evdə köməksiz vəziyyətdə qalmış bir nəfər Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən təxliyə edilib. Həmçinin Mülki müdafiə qoşunlarının xilasediciləri tərəfindən Qəbələ rayonunun Solquca kəndi yaxınlığında çayda suyun artması səbəbindən çay yatağında qalan içərisində 4  nəfərin olduğu minik avtomobilinin çıxarılması üçün müvafiq köməklik göstərilib.  Ölkə ərazisində bəzi yerlərdə leysan xarakterli yağışlar yağması,  yağıntının miqdarının normadan artıq olması, güclü şimal-qərb küləyi çaylarda daşqınlara, yaşayış məntəqələrində dağıntılara səbəb olub. Yağan intensiv yağışlar nəticəsində Astara rayonu ərazisindən axan Təngərüdçaydan,  Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçib. Lənkəran rayonunun Narbağı, Astara rayonunun Təngərüd və Maşxan kəndlərində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələri su basıb və vətəndaşlar köməksiz vəziyyətdə qalıb.
 İntensiv yağıntılar cənub bölgəsinin avtomobil yollarında da fəsadlara səbəb olub. Lənkəran–Lerik, Masallı–Yardımlı, Cəlilabad–Yardımlı, Vəlixanlı–Alçabulaq, Gölyeri–Ləzir, Porsova, Yardımlı–Bozayran–Bürzünbül–Vərgədüz, Horavar–Əngövül–Vərov–Keçələkəran avtomobil yollarının bəzi hissələri yararsız hala düşüb, suötürücü borular sıradan çıxıb. Bununla əlaqədar AAYDA-nın xüsusi texnika və canlı qüvvəsi səfərbər olunub. Aparılan işlər çərçivəsində yollardan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Hazırda yollarda təmizləmə işləri davam etdirilir. Laçında yağan güclü yağış nəticəsində isə Həkəri çayının səviyyəsi qalxaraq üzərində yerləşən Padşah körpüsünün bir hissəsini dağıdıb. Bildirilir ki, yaz-yay aylarında Azərbaycanın ən gur çaylarından biri olan Həkəridə suyun tənzimlənməsi ilə bağlı əlaqədar qurumlar rəy verdikdən sonra körpülər həmin rəyə uyğun yenidən bərpa olunacaq.
 Görünən budur ki, intensiv yağıntılar az qala bütün ölkə boyu ciddi fəsadlar törədib. Sakinlərin evlərinə, həyətyanı sahələrinə və  təsərrüfatlarına da külli miqdarda ziyan dəyib. Bunun bir səbəbi də çay yatağına yaxın ərazilərdə, dərələrdə məskunlaşma aparılması hesab edilir.

 Ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında məskunlaşma zamanı iqlim şəraitinin mütləq nəzərə alınmalı olduğunu dedi:
- Bu bir aksiomadır ki, çay yatağına yaxın, dərə, yamac ərazilərdə məskunlaşma olmamalıdır. Bəzən baxırlar hansısa çay quruyub, yataqdan daha çay keçmir, elə zənn edirlər ki, daha oradan çay keçməyəcək, su gəlməyəcək, başlayırlar məskunlaşma aparmağa, ev tikməyə, bostan salmağa. Bu, qətiyyən düzgün deyil. Həzrəti peyğəmbər Muhəmməd əleyhissalam səhabələrinə həmişə məsləhət görərmiş ki, su gələn yerlərdə məskən salmayın. “Su gələn arxa, bir də gələr” məsələni atalar elə-belə deməyib. Çay yatağından, çay dərəsindən gərək bacardıqca uzaqda, kənarda məskən salınsın. Çünki hətta qurumuş çay yatağına da təkrar çay gələcəyi mümkündür. Dərələrdə, yamaclarda məskunlaşma təhlükəlidir. Bəzən “turistik bölgə” deyib çaylara yaxın yerlərdə ictimai iaşə obyektləri də inşa edirlər. Təbiətlə oyun oynamaq olmaz. Təbiət qalib gəlir, həmişə. Çünki insan təbiətin nələr təqdim edəcəyini bilmir. İllərlə susuz qalmış çaylara qəfil sel gəlir, daşqın olur. Ona görə də ehtiyatlı olmaq həmişə lazımdır.
 
Ə.Əliyev qeyd etdi ki, inkişaf etmiş bir ölkənin 21-ci əsrdə təbiət qarşısında gücsüz qalması yalnız plansız tikililər, plansız məskunlaşma, təbiətin məhv edilməsi səbəbindən baş verə bilər:
- Təbiətdən asılılığı çoxdan aradan qaldırmış ölkələr var. Onların təcrübəsi öyrənilməlidir. Hazırda iqlim dəyişmələrindən çox danışılır. İqlim şəraiti həqiqətənmi dəyişib, buna hansı amillər səbəb olub, soruşsanız, cavab budur ki, belə iqlim dəyişmələri baş verir və bunun birinci səbəbkarı insanlardır. Azərbaycanda may ayının axırı, yay fəslinin əvvəli yağıntılı dövr hesab edilir. Amma son illərdə təbiətdə dəyişiklik baş verir. Baxırsan ki, quraqlıqla mübarizə dövründə yağıntılar intensivləşdi, hətta bəzi yerlərə qəfil qar, dolu yağır. Bəli, təbiət hadisələri artıb. Azərbaycan ərazisinə ümumilikdə 8-9 istiqamətdən hava axınları gəlir, yağıntı və rütubətli havanı isə şimaldan və qərb yarımkürəsindən gələn hava kütlələri gətirir. Məsələn, Naxçıvan ərazisinə illik normadan çox – 60 faiz yağıntı düşüb. Təbiət hadisələrində dövrilik prinsipi var. Məsələn, 1924-26-cı illərdə Azərbaycan ərazisinə güclü qar yağıb, leysan yağışlar olub. İndi yenə təkrarlanır. Böyük Qafqazın cənub yamaclarından Balakəndən Şamaxıyadək, o cümlədən cənub rayonlarından da sel, daşqın keçib. İnsanlar bunu bilməli və hazırlıqlı olmalıdırlar. Hazırlıqsız olduqda ciddi fəsadlarla üz-üzə qalırlar. Biz isə iqlim dəyişmələrinə hazır deyilik. Nə qədər təsərrüfat sahələri daşqınların altında qaldı. Onların sığortası varmı, onlara kompensasiya ödəniləcəkmi? Kənd təsərrüfatı məhsullarına ciddi ziyan dəyib. Təkcə kənd təsərrüfatı məhsullarına yox, heyvandarlığa da ziyan dəyib. Ot sahələrini su basıb. Ot ehtiyatı məhv olub. Toxumçuluqda da böyük problem olacaq. Gərək hökumət bunları nəzərə alsın və fermerlərə, kəndlilərə dəyən ziyan qarşılansın.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
sherg.az

1Источники