RU

“Çempion heyətdən yalnız üç nəfər meydana çıxmışdı” – “Şimal”ın idman direktoru

UEFA Regionlar Kubokunda ölkəmizi təmsil edən “Şimal”ın ilk oyunda Gürcüstanın “Football School Bridge” klubuna böyük hesabla (0:5) məğlub olduğunu xəbər vermişdik.

Bilindiyi kimi, Tural Cəlilovun rəhbərlik etdiyi “Şimal” Region Liqasının finalında penalti seriyasında “Hypers”ə qalib gələrək, UEFA Regionlar Kubokunda iştirak imkanı qazanmışdı. Görəsən, komandanın Kutaisidəki darmadağının səbəbi nədi? “Şimal”ın idman direktoru Elxan Yusiflinin “Footbalı-plus.az”a söylədikləri:

“İlk növbdə onu qeyd edim ki, biz UEFA-nın tələbləriylə sonradan tanış olduq. UEFA Regionlar Kubokunda iştirakımız müəyyənləşəndən sonra qurum bizi turnirin reqlamentiylə tanış etdi. Həmin qaydalarda da yazılıb ki, nə vaxtsa hansısa çempionatda, komandada 1 aylıq belə peşəkar müqaviləsi olan heç bir futbolçu turnirdə iştirak edə bilməz. Bu üzdən də UEFA-nın tələblərinə əməl etdik. Heç bir qayda pozuntusuna yol vermədik. Gürcüstana başqa “Şimal” gəlib. Əslində “Şimal” komandası təmsil olunur demək də düzgün deyil. Çünki yarımfinalda və finalda oynayan heyətin 8 futbolçusu bura gələ bilməyib. Eləcə də baş məşqçimiz və komandanın lideri Tural Cəlilov, sadəcə, məşqçi kimi gələ bildi. İlk oyunda çempion heyətdən yalnız üç nəfər meydana çıxmışdı. Həmçinin heyət düzəlmədiyindən əlavə futbolçular cəlb etdik. Belə ki, Xaçmazın Yalama, Qoçaqlı və Qusarın Şirvanlı kəndindən bir sıra oyunçular cəlb etdik. Yəni kənd komandalarında oynamış, heç vaxt peşəkar turnirdə iştitak etməmiş oyunçular gətirdik.Böyük hesabla məğlub olmamızın ilkin səbəbi budu. Rəqib isə bizdən fərqli bir yerdə oynamış və uzun müddətdi paytaxt Tbilisini təmsil edən komandadı. Bu üzdən rəqib bizdən bir baş üstün idi. Ancaq hesab da oyuna görə olmadı. 2:0 və ya 3:1 də bitə bilərdi. Təəssüf ki, komandamız ilk qoldan sonra toparlana bilmədi. İsveç komandasıyla görüşdə azarkeşlərimizi sevindirməyə çalışacağıq. Biz təkcə şimal bölgəsini yox, bütün Azərbaycanı təmsil edirik. Bu üzdən də ölkəyə qələbə ilə dönmək istəyirik. Təəssüf ki, turnirə qələbəylə başlaya bilmədik”.


Klub rəsmisi başqa problemlərdən də söz açdı:
“Komanda şəklində heç bir oyun keçirməmişdik. Həm də burdakı həvəskar liqa reqlamentiylə Azərbyacandakı arasında fərq çoxdu. Məsələn, Regionlar Kubokunda iştirak edən futbolçular heç vaxt peşəkar karyerara malik ola bilməzlər. Həmçinin yaşla bağlı da məhdudiyyət var. 18 yaşdan aşağı və 40 yaşdan yuxarı futbolçuların turnirdə iştirakına icazə vermirlər. Bu üzdən 18 yaş altı 4 futbolçumuz da qatıla bilmədi. Eyni zamanda belə bir qayda da var idi ki, burda iştirak edəcək oyunçu ən azı 2 il hansısa çempionatda oynamalıdı. “Şimal” isə cəmi bir ilin komandası olduğundan iki futbolçumuz da bura qatıla bilmədi. Demək olar ki, komanda bura yarımcan gəlib”.

Xatırladaq ki, “Şimal” sabah “Qothenburq”la qarşılaşacaq.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
football-plus.az

1Источники