RU

Göydələnlər müsabiqəsinin üç qalibi var - Fotolar

Göydələnlər

"eVolo 2024" müsabiqəsində qeyri-adi və bənzərsiz formada tikilən, yaxud da yaxın gələcəkdə bir sıra ölkələrdə inşa edilməsi nəzərdə tutulmuş yeni göydələnlərin heyrətamiz memarlıq ideyaları təqdim olunub.

Reyting.az
-ın məlumatına görə, "eVolo 2024" göydələnlər müsabiqəsinin təşkilatçıları heyrətamiz, inanılmaz təsir bağışlayan, öz memarlıq konsepsiyalarını təqdim etmiş qaliblərin adlarını elan ediblər. Təqdim edilən hər bir memarlıq layihəsini diqqətlə incələyib, obyektiv qiymətləndirən münsiflər heyəti təxəyyülü ilə müasirliyə, şaquli memarlıq anlayışımıza meydan oxuyan üç ən yaxşı layihəni seçməklə 14 əsərə yüksək qiymət veriblər.

Xatırladaq ki, "eVolo" yeni üslubda göydələn memarlığı müsabiqəsi uzun müddətdir memarlıq sahəsində artıq ən nüfuzlu yarışmalardan birinə çevrilib. Müsabiqə müxtəlif ölkələrdən inanılmaz, bəzən fantastik, şaquli tikinti layihələrini təqdim edən yüksək səviyyəli aparıcı mütəxəssisləri rəqabətə cəlb edir.

2024-cü ildə müsabiqə təşkilatçıları hər biri güclü rəqib olan iştirakçıların yarışda təklif etdikləri bəzi memarlıq ideyalarının müxtəlifliyinə, eləcə də öz cəsarətliliyi ilə seçilən baxımlı layihələrə yenidən heyran qalıblar. Rəsmən bu müsabiqə şərtlərində ümumi mövzunun, konkret göstəricilərin olmamasına baxmayaraq, təqdim edilmiş çox sayda memarlıq əsərləri XXI əsr üçün xarakterik olan müasir dövrün tələbatına uyğun ekoloji problemlərin həllinə və iqlim dəyişikliyinin təsirlərinin nəticəsində müxtəlif sahələrdə baş verən uyğunlaşmaya həsr edilib.

Göydələnlər müsabiqəsinin münsif heyəti uzun sürən müzakirələrdən sonra nəhayət 206 memarlıq layihəsi arasından üç qalibi seçə bilib.

Birinci yerə layiq görülən memarlıq əsəri Çindən olan komanda tərəfindən təqdim edilmiş işdir. Bu, həm də yaradıcılıq baxımından tamamilə fərqli təsir bağışlayan “Urban Intercropping” adlı dizayn layihəsidir. Onların ideyası yaşayış sahəsini, eləcə də müxtəlif qida məhsullarının yetişdirilməsi üçün istixanaları və çox səmərəli şəkildə ictimai nəqliyyat sistemini birləşdirəcək bir sıra qarışıq istifadəli göydələnlər inşa etmək planı olub. Çinli müəlliflər şaquli məkan çərçivəsindən mümkün qədər tam səmərəli istifadə etməklə şəhər yerləri ilə kənd təsərrüfatı arasında lap əvvəllərdən mövcud olan uçurumu aradan qaldırmağı hədəflədiklərini bildiriblər.

Müsabiqədə ikinci yeri yenə Çindən olan digər bir iş - “Streamline” layihəsi tutub. Bu layihə isə ənənəvi göydələndən daha çox, gur sulu, Sarı adlı çayın dolama axını ilə davam edən "mənzərə göydələn"-dir. Bu layihənin əsas məqsədi mümkün olduğu qədər torpaq eroziyasını və daşqın problemlərini həll etməkdir. Onlar bildiriblər ki, əlli illik bir dövr ərzində bu struktur tədricən ətraf mühitə qarışaraq, qum fırtınalarının qarşısını alacaq, eləcə də bir müddət sonra daşqınların dağıdıcı təsirini minimuma endirməklə təbii fəsadları aradan qaldıracaq.

Üçüncü yerə çıxan qrup qədim tarixə malik piramidalar ölkəsi, "Ocean Lungs" layihəsini təqdim edən Misir memarlarıdır. Onlar hündürlüyü 1000 metr olan, suyun altında üzəcək nəhəng göydələn layihəsini təqdim ediblər. Misir memarları komandasının bu müsabiqəyə təqdim etdikləri çox orijinal, xüsusi membran dizaynı dünya okeanlarını karbon qazı və digər çirkləndiricilərdən tam təmizləmək, bununla da dənizdəki turşulaşmaya qarşı ardıcıl, əhatəli mübarizə aparmağa şərait yaratmaqdır. Misirli memarların üçüncü yer tutan layihəsi memarlıq əsəri kimi həm də gələcəkdə aparılacaq tikinti prosesləri zamanı okeanın ekosistemini qorumağa kömək etmək üçün düşünülüb.

Münsiflər heyəti müsabiqədə iştirak edən qaliblərdən əlavə təqdim olunmuş layihə işləri xüsusilə orijinal, həmçinin innovativsayılan 14 finalçının işini qiymətləndirib. "eVolo 2024"-dən bildiriblər ki, bu sıraya Himalay dağları üçün nəzərdə tutulmuş buzlu göydələn layihələri və Yaponiyanı sunami, həm də digər təbii fəlakətlərdən qorumaq məqsədi ilə ucaldılacaq nəhəng qüllələr kompleksi də daxildir.

"eVolo 2024" göydələnlər müsabiqəsinin münsiflər heyətinin məlumatına görə, bu ilin yarışı heyrətamiz keçib və təqdim olunan bütün konsepsiyalar şaquli şəhərsalmada yeni üfüqlər açacaq. Münsiflər heyətinin fikrincə, bu müsabiqə bir daha dünyanın müxtəlif ölkəsindən gəlmiş iştirakçıların fərqli təxəyyülünü, həmçinin də qeyri-adi yaradıcılığının sərhədsizliyini sübut edib.











Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
reyting.az

1Источники