RU

COP29: Azərbaycanın liderliyində yaşıl planetin xilası əməliyyatı...

Cari ilin noyabr ayında ölkəmizdə keçirilməsi planlaşdırılan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)  artıq indidən bütün dünyanın diqqət mərkəzindədir. Sessiyada dünyanın əksər dövlətlərinin liderlərinin, hökumət rəhbərlərinin iştirakı gözlənilir ki, bu da bəşəriyyətin COP29-la bağlı gözləntisindən xəbər verir.

 

Bəs COP29-u bugünə qədər keçirilən digər digər analoji sessiya və konfranslardan fərqləndirən nədir? Niyə dünyanın əksər ölkəsi bu sessiyaya beynəlxalq konfrans kimi deyil, sözün həqiqi mənasında yaşıl planetin xilası əməliyyatı kimi baxır? Ən əsası, Azərbaycan bu tarixi sessiya ərəfəsində hansı mühüm iqlim təşəbbüsləri ilə çıxış edir?

 

Bütün bu suallara cavab vermək üçün COP29-la bağlı bəzi nüanslara nəzər salmaq kifayətdir.

 

Kritik dövrdə kritik toplantı: Olummu, ölümmü?

 

COP29-la bağlı ümid və gözləntiləri şərtləndirən əsas amillərdən biri bu sessiyanın kifayət qədər kritik bir vaxta – iqlim dəyişkənliyinin, ekoloji fəlakətlərin əhəmiyyətli dərəcədə artdığı bir zamana təsadüf etməsidir. Bu baxımdan COP29-u dünya birliyinin kritik dövrdə kritik toplantısı kimi dəyərləndirmək olar. Hansı ki, bu sessiyada bəşəriyyətin sabahı ilə bağlı “olummu, ölümmü” dilemmasının böyük mənada öz həllini tapacağı ehtimalı olduqca böyükdür.

 

Planetimizin ekoloji durumunun sürətlə pisləşdiyi – dəniz və okenların müxtəlif tullantılarla zəhərləndiyi, su hövzələrinin daha çox yararsız vəziyyətə düşdüyü, səhralaşma prosesinin genişləndiyi, havanın sürətlə çirkləndiyi bir zamanda Bakıda keçiriləcək COP29 planetimizin mövcud durumunun aydın şəkildə dərki və bu problemdən konkret çıxış yollarının tətbiqi baxımından həyati əhəmiyyətə malikdir.

 

Qlobal problemin həllinin Azərbaycan variantı:  İttihamsız əməkdaşlıq!

 

COP29-la bağlı sessiyanı digər analoqlarından fərqləndirən ən vacib amillərdən biri Azərbaycanın ev sahibi kimi konfransın formatına ciddi və səmərəli yenilik gətirməsidir. Belə ki, digər konfrans və sessiyalardan fərqli olaraq, COP29-da dövlətlərin mövcud ekoloji fəlakətə görə bir-birlərini ittiham etməsinə imkan verilməyəcək, yalnız və yalnız effektiv əməkdaşlıq formatları müzakirə ediləcək. Bununla bağlı  mediaya açıqlama verən Prezident İlham Əliyev ittihamların heç bir fayda vermədiyi, əksinə əməkdaşlıq imkanlarına zərbə vurduğunu qeyd edib.

Bu baxımdan da dövlət başçısı COP29-un öz fəaliyyətini ittihamsız şəkildə davam etdirməsinin  vacibliyi qənaətindədir. Prezident İlham Əliyev 2024-cü il aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində bu barədə deyib:

 

“Biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik”.

 

Göründüyü kimi, Azərbaycan indiki kritik şəraitdə bütün dünyanı qarşılıqlı itihamlara deyil, əməkdaşlığa köklənməsini vacib hesab edir. Rəsmi Bakının qənaətincə, bu, dünyanın düşdüyü indiki fəlakətdən onu qurtaracaq yeganə doğru davranışdır.

 

Ekoloji fəlakətlə yanaşı, həm də müharibə fəlakətini əngəlləyəcək tarixi şans – COP29!

 

Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü ikinci mühüm təşəbbüs dünyadakı müharibələri dayandırmaq, qlobal sülh və təhlükəsizliyə nail olmaq cəhdidir. İlk baxışdan nə qədər çətin və mürəkkəb görünsə də, rəsmi Bakı bununla bağlı aydın və konkret təkliflərə malikdir. COP29-u sadəcə ekoloji böhrandan deyil, həm də müharibə fəlakətindən qurtuluş vasitəsinə çevirməyə çalşan Azərbaycan, bir müddət öncə maraqlı təkliflə çıxış edib.  

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Observer” qəzetinə müsahibəsində qeyd edib ki, Azərbaycan COP29 zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər.

Prezidentin köməkçisi artıq bununla bağlı ilkin müzakirələrin aparıldığını bildirib: “Biz müxtəlif tərəfdaşlarla Olimpiada zamanı olduğu kimi COP29 müddətində də atəşkəs haqqında müzakirələr aparırıq. Ancaq müzakirə ilkin mərhələdədir. Bu, əlavə məsləhətləşmələr və müzakirələr tələb edəcək”. 

Hikmət Hacıyevin məlum açıqlması COP29 və onun bəşəriyyət üçün əhəmiyyəti ilə bağlı yeni məqamları üzə çıxarıb. Məlum olub ki, hər zaman sülhpərvər və humanist siyasəti ilə diqqət çəkən Azərbaycan dövləti, COP29-u da bütün dünya üçün sülh və xilas vasitəsinə çevirmək niyyətindədir. Bugünə qədər COP29-un timsalında planetimizin ekoloji təhlükəsizliyini təmin etməyə, yer kürəsini yaşam üçün daha baxımlı hala gətirməyə çalışan Azərbaycan, bu fəaliyyəti həm də dünyadakı müharibələri müvəqqəti də olsa dayandırmaq üçün fürsət halına gətirməkdədir. Bu isə COP29-un sadəcə ekoloji deyil, həm də sülh missiyasına xidmət etdiyini, çoxtəyinatlı məqsəd daşıdığını göstərir.

COP29 zamanı dünyadakı müharibələrin dayandırılması təklifi Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi mühüm töhfə, tarixi xidmətdir. Bu təklifin münaqişədə olan dövlətlər tərəfindən necə dəyərləndirilməsindən asılı olmayaraq, ölkəmiz bununla bütün dünyaya nümunə sayılacaq bir davranış sərgilədi. Rəsmi Bakı və Azərbaycan xalqı bir daha sübut etdi ki, onlar milli maraqlarla yanaşı, həm də ümumbəşəri maraqlar haqqında düşünür, bütün xalqların sülh və təhlükəsizlik şəraitində yaşamasını arzu edir. Sadəcə arzu etmir, həm də bunun üçün konkret və mütəmadi fəaliyyət ortaya qoyur, bütün beynəlxalq təşkilatları, supergücləri bu barədə düşünməyə, bununla bağlı mövqe ortaya qoymağa vadar edir. Bu, heç şübhəsiz Azərbaycan dövlətinin, Azərbaycan xalqının, onun Müzəffər Ali Baş Komandanının uğurudur.

 

Sessiya zamanı  müharibələrin dayandırılması təklifi COP29-un hər mənada – həm ekoloji, həm də sülh anlamında həyat qurtardığını, bəşəriyyətin ekoloji durumunun yaxın-uzaq gələcəyi ilə yanaşı, bugünü, qeyri-ekoloji böhran və problemləri ilə bağlı da öz üzərinə konkret məsuliyyət aldığını göstərir.

 

Bəşəriyyətə bir neçə günlük də olsa dinclik qazandırmaq, müharibədən əziyyət çəkən insanları sülhün ilıq nəfəsi ilə tanış etmək, dünyadakı silahları müvəqqəti də olsa susdurmaq –bütün bunlar Azərbaycanın COP29 çərçivəsində nail olmağa  çalışdığı əsas məqsədlər sırasındadır. Və bunlar elə müqəddəs və ülvi məqsədlərdir ki, onu arzulamağın özü belə mənəvi-əxlaqi qalibiyyət, böyük və inkaredilməz uğurdur.

 

Təbiətə sevgi və ekoloji fəlakətlə mübarizə nümunəsi: “Yaşıl enerji”, “təmiz nəqliyyat”, tullantısız istehsal...

 

Azərbaycanın yaşıl planetimizin xilası üçün atdığı örnək addımlar, bir-birindən maraqlı təşəbbüslər işğaldan azad edilmiş torpaqlarımızın timsalında daha aydın gözə çarpır.

 

Qarabağı “yaşıl enerji zonası” elan edən Prezident İlham Əliyevin təşəbbüsü ilə Laçın və  Kəlbəcər çoxlu sayda Su Elektrik Stansiyaları istismara verilib ki, bu da ekoloji baxımdan təmiz enerjinin əldə edilməsi baxımından önəmlidir. Azərbaycanda günəş enerjisi istehsalının ötən illərlə müqayisədə 8 dəfə artması həqiqəti də dövlətimizin “yaşıl enerji”yə olan marağından xəbər verir.

 

Azərbaycan dövlətinin daha bir iqlim təşəbbüsü “təmiz nəqliyyat” vasitələrindən istifadəni genişləndirməklə bağlıdır. Hansı ki, bu təşəbbüs də özünü Qarabağdakı yeniliklərin timsalında daha çox büruzə verir. İşğaldan azad edilən ərazilərdə, xüsusilə də Şuşa və ətraf bölgələrdə elektriklə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi, Bakıya 3000-dən çox elektrik mühərrikli avtobusun gətirilməsi ilə bağlı İndoneziya dövləti ilə əldə edilən razılıq, ölkə ərazisidə dəmir yolu nəqliyyatının daha da genişləndirilməsi buna nümunədir.

 

Işğaldan azad edilən ərazilərdə tikilən müəssisələrdə tullantısız texnologiyanın tətbiqi də dövlətimizin dünyadakı iqlim dəyişikliyini müsbətə doğru istiqamətləndirmək cəhdindən xəbər verir.

 

Yeni texnologiya ilə yeni hədəflərə doğru: Təbiətə kosmik nəzarət!

 

Dünyada müasir texnologiyanın, xüsusilə də peyk rabitəsinin sürətli inkişafı təbiətin xilası və ekologiyanın yaxşılaşması sahəsində geniş perspektivlər açmaqdadır.

 

Məlumat üçün qeyd edək ki, bundan sonra planetimiz 50-dən çox peyk tərəfindən hər 20 dəqiqədən bir skan ediləcək. Buna səbəb planetdəki meşə yanğınlarını vaxtında aşkarlamaq, onlara qarşı mübarizədə gərəkli məlumatı minimum müddətdə əldə etmək zərurətidir.

 

Bütün dünya üçün ciddi yenilik sayılan bu layihə NASA, Google, SpaceX, Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamenti və digər nəhəng qurumlar tərəfindən aktiv şəkildə dəstəklənməkdədir. Mütəxəssislər hesab edir ki, planetin kosmosdan yanğınlara qarşı daim nəzarətdə saxlanması meydana gələcək yanğınları dərhal müəyyən etməyə, habelə onun zərərini azaltmağa kömək edəcək. Layihədə iştirak edəcək ilk üç peyk 2026-cı ilə qədər fəaliyyətə başlayacaq və planetdəki vəziyyətin intensiv təhlilini aparacaq.

 

Ekspertlər iddia edir ki, əsrin ortalarına doğru meşə yanğınları 30% artacaq. Belə olan halda alovlarla mübarizə üçün kosmosun imkanlarından istifadə ikiqat əhəmiyyət kəsb edəcək.

 

Bütövlükdə mütəxəssislərin qənaətincə, bu gün müasir texnilogiyanın imkanlarından meşə yanğınlarına qarşı mübarizədə lazımınca istifadə edilmir. Bu isə planetin “ağ ciyərlərini” qorumağı çətinləşdirir.

 

Təbiətin qorunması və ekoloji mühitin yaxxşılaşması istiqamətində beynəlxalq miqyasda ciddi səylər ortaya qoyan Azərbaycanda da peyk texnologiyasının sürətli inkişafı dövlətimizin də bu mühüm, ümumbəşəri layihəyə qoşulmasını mümkün edir. Xatıraldaq ki, Azərbaycan dəfələrlə müasir texnologiyalardan iqlim dəyişikliklərini müşahidə etmək, bu texnologiyalar vasitəsilə təbiəti zərərli təsirlərdən qorumaq təşəbbüsü ilə çıxış edib, bunun üçün beynəlxalq əmədkaşlığın zəruriliyini dilə gətirib.  Bu baxımdan planetimizin peyklər tərəfindən mütəmadi skan edilməsi ilə bağlı alınan qərarı Azərbaycanın təşəbbüsünün praktiki şəkildə reallaşdırılması kimi qiymətləndirmək mümkündür.

 

Əminliklə demək olar ki, yaxın illərdə Azərbaycan təbiətin mühafizəsinə rabitə-kommunukasiya sistemləri, peyk texnologiyaları ilə də böyük töhfələr verəcək, “planetin əbədi xilaskarı” missiyasını sonsuza kimi davam etdirəcək.

 

Seymur ƏLİYEV

 

Məqalə “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur.

 

Избранный
83
moderator.az

1Источники