RU

Media rəhbərlərindən hökumətə: “Vətəndaşların haqlarını bərpa edin”

Bir milyona yaxın insanın problemi həllini tapmalıdır – Qanunun tələbi
Əllərində özəlləşdirmə payları (çeklər) qalan yüzminlərlə vətəndaş xeyli müddətdir ki, pozulan hüquqlarının bərpasını istəyir. Dövlətin onlara verdiyi qiymətli kağızların qiymətsiz kağız parçasına çevrilməsi ilə razılaşmayan vətəndaşların problemin həlli üçün müraciət etmədikləri dövlət qurumu qalmayıb.
Dövlətin qiymətli kağızının tədavül müddətinin qanunsuz olaraq 2011-ci ildə bitməsindən narazı qalan vətəndaşlar pozulan hüquqlarının bərpasını tələb edirlər. Haqq sahiblərinin müraciətində qeyd edilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım edilməlidir. Haqqı pozulan vətəndaşlar müraciətlərinin mətnində özəlləşdirmə çeklərinin tədavül müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər.

Qeyd edək ki, özəlləşdirmə çekləri sahiblərinin müraciətləri əsasında ötən il Prezident İlham Əliyevin adından problemin aradan qalxması, tarixi ədalətin bərpası üçün Konstitusiya Məhkəməsinə məktub ünvanlanıb. Amma Konstitusiya Məhkəməsi haqqı tapdanmış yüzminlərlə vətəndaşın problemi ilə bağlı qərar vermir.
Problemlə bağlı ölkənin ictimai-siyasi xadimləri, deputatlar, hüquq müdafiəçiləri, ziyalılar aidiyyəti qurumlara çağırışlar ediblər. Bu çağırışlara ölkədə fəaliyyət göstərən informasiya saytlarının rəhbərləri də qoşulub.
AYNA həmsöhbət olduğu media qurumu rəhbərlərinin mövzuya dair fikirlərini təqdim edir.
“Modern.az” saytının rəhbəri Elşad Eyvazlı:

“Mən özümə məxsus olan çeki bugünədək saxlayıram. Zaman-zaman çekdən istifadə etməyən bir qrup vətəndaşın müraciətləri olur. Hesab edirəm ki, dövlət qurumları problemə diqqət yetirməli, iddialar əsaslıdırsa, həqiqətən də hüquqi baxımdan bu insanlar haqlıdırsa, o zaman haqları bərpa olunmalıdır. Yəni, birdəfəlik bu məsələyə son qoyulmalıdır.
Mən bildiyim qədər, tədavül müddəti bir neçə dəfə artırılıb. Həmin vaxt kimlərsə bundan istifadə edib, kimlərsə yox. Hər halda, narazılıq varsa, hökumət yenidən bu məsələyə qayıda bilər”.
“Türküstan” qəzetinin və “Turkustan.info” saytının rəhbəri Aqil Camal:

“Özəlləşdirmə çeklərinin istifadə müddəti ilə bağlı üzərində tarix qeyd olunmayıb. Hər halda, rəsmən o dövrdə elan olunubsa ki, bunların tədavül müddəti bitəcək, çek sahibləri ondan istifadə edə bilərdilər. Ola bilsin ki, həmin vətəndaşlar 2011-ci ildə çeklərin istifadə müddətinin bitməsindən məlumatsız olublar, yaxud da müddətin yenidən uzadılacağına ümid edərək saxlayıblar.
Hesab edirəm ki, əlində qiymətli kağızı olan və bundan istifadə etməmiş vətəndaşların sayını, arealını müəyyənləşdirmək lazımdır. Müvafiq dövlət qurumları vətəndaşların bu müraciətini dinləməli, hüquqlarının bərpası ilə bağlı addım atmalıdır.
Qanunvericiliyə hansısa dəyişiklik etməklə, yaxud da ali icraedici orqanın qərarı ilə məsələni yoluna qoymaq olar. Vətəndaş hüququnun pozulduğunu iddia edirsə, qanun pozulubsa, ədalətin bərpa olunması vacib amildir. Vətəndaşların özəlləşdirmə paylarından hansısa formada istifadə edə bilməsinə şərait yaratmaq olar. Bütün hallarda məsələyə nöqtə qoyulmalıdır”.
“Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı:

“Çeklərdən istifadə etməyən vətəndaşlara bundan istifadə üçün şərait yaradılmalıdır. Vaxtilə dövlətin verdiyi qiymətli kağızlarından istifadə edə bilməyənlərin hüququ pozulmamalıdır.
Mən deyə bilmərəm ki, bunu dövlət hansı formada həll etməlidir. Amma ortaq bir yol tapılması, vətəndaşın hüququ pozulubsa, onun bərpası, ədalətli qərarın verilməsi yaxşı olardı. Yaxşı olardı ki, hökumət bu məsələyə yenidən qayıtsın, çeklərin özəlləşdirmədə iştirakına şərait yaratsın, yaxud da müəyyənləşdirilsin, kompensasiya yolu ilə məsələ həllinə qovuşsun.
Görünən odur ki, vaxtilə vauçerlərdən hansı formada istifadə olunması ilə bağlı məlumatsızlıq olub. Özəlləşdirmə çekləri paylananda vətəndaşlara onun əhəmiyyəti, insanların bu çeklərdən necə istifadə etməsi ilə bağlı dolğun bilgi verilməliydi. Belə olmadığı üçün vətəndaşlar düzgün istifadə qaydasını bilmədilər. Çeklərini satmayan, saxlayan vətəndaşlar isə dövriyyədən çıxarıldığına görə bundan istifadə edə bilmirlərsə, bunun üçün yenidən addım atılmalıdır”.
“Etikxəbər.az” informasiya portalının rəhbəri və baş redaktoru Kamil Həmzəoğlu:

“Bu məsələ əslində təkcə əllərində çeki qalan vətəndaşları yox, ümumilikdə hər kəsi düşündürən məsələdir. 1990-cı illərin əvvəllərində özəlləşdirmə çeklərinin paylanması qərarı verildi. Həmin ərəfədə böyük iqtisadi və maliyyə çətinlikləri yaşayan insanlarda bu vauçerlər ümid yaratdı. Çoxları özəlləşdirmə çekləri vasitəsilə həyatlarında müsbətə doğru dəyişiklik olacağını düşünürdülər. Çünki dövlətin məqsədi qiymətli kağızlar vasitəsilə vətəndaşlara özəlləşdirmədə iştirak etmək, hansısa müəssisələrdə hissədar olmaq şəraiti yaratmaq idi.
Təəssüf ki, bu məsələdə gözləntilər özünü doğrultmadı. İnsanlarımız özəlləşdirmədə ya məlumatsızlıqdan, ya da digər səbəblərdən iştirakçı ola bilmədilər. Sonda isə vauçerlər mənasız kağız parçasına çevrildi.
Bir vaxtlar insanlar çeklərini dəyər-dəyməzinə satdılar. Amma dövlətin ona verdiyi qiymətli kağızını saxlayanlar da var. 2011-ci ildə çeklərin tədavül müddətinin bitdiyi elan edildi. Bu, hansısa səbəbdən çeklərdən səmərəli istifadə edə bilməyən vətəndaşlarımızın haqlarının pozulması deməkdir. Xeyli sayda vətəndaşda dövlətin verdiyi vauçerlər indi dəyərsiz kağıza çevrilib. Bu çeklər belə qiymətsiz olmamalıdır.
Dövlət rəhbərliyi səviyyəsində çeklərin tədavülünün artırılması, yaxud əlində çeki qalmış vətəndaşların bundan istifadəsi üçün hansısa formada imkan yaradılması lazımdır. Qanunvericilikdə də hansısa dəyişiklik etmək mümkündür. Vauçerlər məsələsində vaxtilə yol verilmiş nöqsanlar, heç olmasa, indi aradan qaldırılmalıdır.
Hesab edirəm ki, bu məsələ öz qanuni həllini tapmalıdır. Əlində çeki qalmış vətəndaşların, bundan yararlana bilməyən insanların hüquqlarının bərpasına ehtiyac var. Hesab edirəm ki, bunu həll etmək üçün, məsələyə birdəfəlik nöqtə qoymaq üçün dövlət rəhbərliyinin iradəsi, dövlətimizin də gücü var”.
“Dünya İnformasiya Agentliyi”nin (DİA) rəhbəri Məhəmməd Ərsoy:

“Vətəndaşın hüququ pozulubsa, onun bərpası lazımdır. Özəlləşdirmə çekləri məsələsi barədə o qədər də məlumatlı deyiləm. Vauçerlərindən istifadə edə bilməyən vətəndaşların müraciətlərini görürəm, onlar iddia edirlər ki, hüquqları pozulub. Hüquqşünaslar, iqtisadçılar bu problemin nə olduğunu, həlli yolunun nədən keçdiyini daha yaxşı izah edə bilərlər.
Amma vətəndaşın müraciətinə lazımi dövlət qurumları reaksiya verməlidir. Məsələ vətəndaşın hüququnun qorunması istiqamətində müsbət həllini tapmalıdır. Ümid edək ki, ali rəhbərlik bu insanların haqqını tanıyacaq, problemi aradan qaldıracaq”.
QEYD
Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən Konstitusiya Məhkəməsinə məktub daxil olub və qeydiyyata alınıb. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Amma 11 aydır ki, Konstitusiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi yoxdur.
Əlavə qeyd
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
1
ayna.az

2Источники