RU

“Putin husiləri silahlandırmaq üçün Səudiyyədən icazə istəyib”- ABŞ kəşfiyyatı

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanından Yəmən husilərinə qanadlı raketlər ötürmək üçün icazə istəyib.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatına istinadən “Middle East Eye”a yüksək rütbəli ABŞ rəsmisi bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla əlaqə saxlayıb, lakin o, husilərin silahlanmasına qarşı çıxıb və Rusiyadan belə bir sövdələşməyə getməməsini istəyib.

Danışıqlar Putinin dekabr ayında Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfərindən sonra baş tutub. Sonra Yəmənin “Ənsar Allah” hərəkatının nümayəndə heyəti prezidentin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşmək üçün Moskvaya gəlib.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun raketlər üzrə eksperti Fabian Hinz bildirib ki, husilər Rusiyadan Kh-31 hava-yer tipli gəmi əleyhinə raket almağa ümid edirlər. Ötən ilin noyabrından Yəmən üsyançıları İsrailin Qəzzada başlatdığı hərbi əməliyyata cavab olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edir.

Eyni zamanda, ABŞ ehtiyat edir ki, əgər İsrail Livanda İranın nəzarətində olan şiə qruplaşması “Hizbullah”a qarşı hücuma keçərsə, bu, Rusiyanı husilərlə razılaşmanı bərpa etməyə sövq edə bilər.

2019-2022-ci illərdə ABŞ Mərkəzi Komandanlığına rəhbərlik etmiş istefada olan amerikalı general Frank Makkenzi qeyd edir ki, Putin Ukraynada davam edən müharibə ilə əlaqədar husiləri silahlandırmaqda maraqlıdır. “Putin Ukraynanın Qara dənizdə Rusiya gəmilərinə endirdiyi zərbələrə görə ABŞ-ı cavabdeh sayır. Ola bilsin ki, o, husilərə yardımı Vaşinqtondan qisas kimi qəbul etsin”, – o deyib.

Eyni zamanda ABŞ hakimiyyəti Yəmən üsyançılarından ələ keçirilən atıcı silahları, qumbaraatanları və sursatları da Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.

Qırmızı dənizdə və Ədən körfəzində bu sularda mülki gəmiləri husilərin hücumlarından qoruyan bir qrup Qərb döyüş gəmisi var. Rusiya Xarici İşlər Nazirliyi ABŞ və Böyük Britaniyanı hərbi gəmilərinin Yəmən üsyançılarına zərbə endirməsinə görə qınayıb. Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının belə zərbələrə icazə vermədiyini bildirib.

Azpost.info

Избранный
20
azpost.info

1Источники