RU

Xarici dildən sertifikasiya imtahanlarına da çoxsaylı iradlar var...

Image

Kamran Əsədov: “Həmin müəllimlərin özlərinin öyrətdikləri, dərs deyib maaş aldıqları mövzulardan suallar verilib, və onlar çox təəssüf ki…”

Məlumdur ki, ölkədə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. İyunun 24-dən xarici dil (rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) üzrə müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilib. İmtahandan sonra sosial şəbəkələrdə bəzi müəllimlər Azərbaycan bölməsində rus dilini tədris edən müəllimlərə verilən sualların çox çətin və proqramdan kənar olduğunu bildiriblər. Müəllimlər qeyd ediblər ki, imtahanda istifadə olunan sualların əksəriyyəti çətinlik səviyyəsi yüksək olan, akademik suallar idi. Asan və orta suallarin sayi çox az idi. Verilən mətnlərin həcmi böyük, suallari isə çox çətin idi. Üstəlik, frazeoloji birləşmələrlə bağli suallar çətin və anlaşilmaz idi, heç nə başa düşmək olmurdu. Ümumişlək olmayan sözlərdən çox istifadə edilmişdi. Bu tapşiriqlari yerinə yetirmək üçün 2 saat vaxt çox azdir.

Qeyd olunub ki, müəllimlərin əksəriyyəti Azərbaycan bölməsində rus dilini 2-ci xarici dil kimi tədris edir. Sertifikasiya imtahanına düşən mövzuların 80 faizi məktəbdə uşaqlara keçilmir. Ona görə də dərsliklərdə bu mövzular yoxdur. Bus bölməsinin sualları ilə Azərbaycan bölməsinin rus dili müəllimləri imtahan edilib.

“Sertifikasiya imtahanlarında müəllimlərə əlavə suallar verilməyib, onların 20-30 ildir hər gün dərs dediyi mövzulardır”

Müəllimlərin narazılığı ilə bağlı fikir bildirən  təhsil eksperti Kamran Əsədov baki-xeber.com-a açıqlamasında bildirdi ki, sertifikasiya imtahanları çalışqan və passiv müəllimlərin bir-birindən fərqləndirilməsinə şərait yaradır: “Bu gün Azərbaycanda 4432 təhsil müəssisəsində 150 min müəllim çalışır. Sertifikasiya həm də çalışqan müəllimləri digər müəllimlərdən fərqləndirən bir prosesdir. Əlbəttə, 2022-ci ildə bu proses başlayanda biz gözləyirdik ki, hər fənn üzrə minimum 10-12 faiz müəllim bu sertifikasiyadan keçə bilməyəcək. Çünki 2014-2018-ci illərdə keçirilən diaqnostika imtahanlarında gördük ki, müəllimlər öz üzərlərində işləmirlər. Dünyanın bütün inkişaf etmiş ölkələrində sertifikasiya həyata keçirilir. Məlumdur ki, sertifikasiyadan sonra artıq 4 minə yaxın müəllim öz işini itirib. Bu o demək deyil ki, bu insanların təhsil sistemində yenidən işləmək hüququ məhdudlaşdırılır, xeyr. Sertifikasiyadan kəsilən müəllimlər növbəti ildən MİQ vasitəsi ilə işə qəbul ola bilərlər. Əgər onlar bu müddətdə öz üzərlərində çalışsalar və bilikləri yetərli olsa, yenidən müəllim kimi çalışa bilərlər. Bununla yanaşı, Elm və Təhsil Nazirliyi humanizm prinsipini irəli sürərək, bu şəxslərin məktəblərdə digər vəzifələrdə çalışmasında maraqlıdır, çünki bu şəxslərin məktəblə bağlı təcrübələri var".

Ekspertin sözlərinə görə, bir çox müəllimin biliyi yetərli deyil və bu, təhsil alan şagirdlərin gələcəyinə təsir göstərir: "Sertifikasiya imtahanlarında müəllimlərə əlavə suallar verilməyib, onların 20-30 ildir hər gün dərs dediyi mövzulardır. Həmin müəllimlərin özlərinin öyrətdikləri, dərs deyib maaş aldıqları mövzulardan suallar verilib. Və onlar çox təəssüf ki, 0-29 bal arası nəticə göstəriblər. Dünyada bu təcrübə var, hətta daha sərt qaydalar var. Azərbaycan humanizm nümayiş etdirdi, keçən il kəsilənlərə bir il şans verdi ki, öz üzərinizdə çalışın. Amma nə baş verdi? Biz gördük ki, həmin müəllimlər özlərini inkişaf etdirmək yerinə, əyri yollara əl atmağa çalışdılar. Kimlərisə tapırdılar ki, bəlkə bizə qiymət yazacaq. Bu yaxşı yanaşma deyil.  Biz bu gün buraxılış və qəbul imtahanlarının nəticələrindən şikayət edirik, uşaqlarımızın göstəricilərindən narazı oluruq. Çünki onlara dərs deyən müəllimlərin konfidensiyaları yüksək deyil. Təsəvvür edin, iki strateji ixtisas var - ibtidai sinif müəllimliyi və azərbaycan dili müəllimliyi. Bunlar arasında bu qədər müəlim keçid balını toplaya bilmirsə, biz əlbəttə ki, onların məktəblərdə qalmağında maraqlı olmamalıyıq. Sertifikasiya imtahanları növbəti illərdə daha da çətin olmalıdır ki, biz daha peşəkar müəllimlər qazanaq".

Günel CƏLİLOVA






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
baki-xeber.com

1Источники