RU

Qarabağdan süzülən “yaşıl işıq”

Qarabağdan

Bakı, 29 iyun, Süleyman Qaradağlı, AZƏRTAC

Ev-ev, mənzil-mənzil tikilən, qarış-qarış, addım-addım dirçələn Qarabağ torpağı abad və gözəl bir məkana çevrilir, yeni növrağına qovuşur. İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, resurslardan səmərəli istifadə hazırda başlıca prioritetlərdən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr edilmiş müşavirədə deyib: “Azad edilmiş torpaqlarda, eyni zamanda, böyük enerji potensialı var. Bəri başdan demək istəyirəm ki, mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim. Kifayət qədər imkanlar var”.

Bu ilin may ayında dövlət başçısı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl enerji zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Onun “Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq”, ifadəsi getdikcə reallığa, gerçəkliyə çevrilir.

Kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov AZƏRTAC-ın müxbiri ilə söhbətində ötən əsrin 50-ci illərindən başlayaraq sənayenin və texnologiyanın sürətli inkişafının qlobal iqlimdə problemlər yaratdığını, orta temperaturun əsrin əvvəlləri ilə müqayisədə 1,5 dərəcə yüksəldiyini, temperatur artımının indi də davam etdiyini bildirib: “İqlim dəyişmələri üzrə çərçivə konvensiyası qəbul olunub və hər il COP adlanan Tərəflər Konfransı baş verən dəyişiklikləri dayandırmaq və ya temperaturun 2 dərəcə həddindən yuxarı qalxmaması üçün 200-ə yaxın ölkə bu sahədə görüləcək həlli vacib tədbirlərlə əlaqədar müzakirələr aparır. Həmin tədbirlərdən ən mühümü enerji siyasətini dəyişmək və mədən yanacaqlarından imtina edərək bərpaolunan elektrik enerjisi mənbələrinə keçiddir. Bu növ enerji keçidi ən müasir texnologiyaların tətbiqini gerçəkləşdirməklə ənənəvi enerji resurslarının bərpaolunan enerji mənbələri ilə əvəzlənməsini özündə ehtiva edir. Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (IRENA) müvafiq hesabatından görünür ki, əvvəlki illərdə istismara verilmiş yeni elektrik enerjisi üzrə qoyuluş gücünün 80 faizdən çoxunu bərpaolunan enerji təşkil edib, bunun 91 faizi isə günəş və külək enerjisinin payına düşüb”.

Sadiq Həsənovun szölərinə görə, dünyada ekoloji cəhətdən təmiz yaşıl enerjiyə keçidi sürətləndirən bir çox faktor var ki, onlardan biri də texnologiyanın inkişaf etməsi və qiymətin ucuzlaşmasıdır.

“Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə payının hazırda mövcud olan 7 fazidən 30 faizə çatdırılmasının hədəf kimi müəyyənləşdirildiyi nəzərə alınmaqla bu sahədə bir çox işlər görülür. Bu sahədə ilk normativ sənəd kimi “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanunun qəbul olunmasıdır. Dövlət başçısının 2021-ci il 2 fevral tarixli müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri kimi “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”nin müəyyənləşdirildiyini qarşıdakı dövrdə bərpaolunan enerji mənbələrindən istifadəyə diqqət daha da artırılacaq. İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində məhz yaşıl enerji layihələrinə üstünlük verilir. Həmin ərazilərdə 4 min MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialı mövcuddur. Eyni zamanda, Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi həmin bölgədə formalaşır. Regionun Tərtərçay, Həkəri kimi əsas və digər kiçik çayları kifayət qədər əhəmiyyətli enerji potensialına malikdir. Qarabağın işğaldan azad olunması, yaşayış sahələrinin yenidən tikilməsi və sakinlərin həmin ərazilərə köçürülməsi, eyni zamanda, elektrik enerjisi istehsalında bərpaolunan, yəni hidroenerji, külək, günəş, bioqaz və s. elektrik enerjisinə keçid mühüm istiqamətdir. Qarabağda olan Oxçuçay, Həkəri və Tərtərçay hidroelektrik enerjisi istehsalında mühüm potensialdır. Regiondakı digər mühüm enerji obyektləri “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarıdır. Qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının inşasının 2-2,5 il ərzində yekunlaşdırılması nəzərdə tutulur”, - deyə sadiq Həsənov bildirib.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov qeyd edib ki, müasir dünyada günəş enerjisi bərpaolunan enerjinin ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur. Günəş enerjisi texnologiyaları sahəsində keçirilən müxtəlif beynəlxalq tədbirlərdə və yeni layihələrdə fəal iştirak edən Azərbaycanda yaşıl enerji istehsalı və ixracını artırmaq üçün mükəmməl hədəflər müəyyən edilib. Onun dediyinə görə, Qarabağ ərazisində ümumi qoyuluş gücü 1246 MVt olan 19 elektrik yarımstansiyasının qurulması nəzərdə tutulur.

“Həmin stansiyalar inşa edilən zaman torpaq sahələrinin itirilməməsi üçün əvvəlcədən mövcud olan stansiyaların yerində tikiləcək və yeni torpaqların mənimsənilməsinin qarşısı alınacaq. İstixana effekti yaradan qazların atmosferə atılmasının qarşısını almaq üçün xüsusi təmizləyici qurğulardan istifadə olunacaq və həmin qazların atmosferə buraxılmasına yol verilməyəcək. Atmosferə zərərli tullantıların atılmaması üçün tullantı poliqonları örtülü və izolyasiya olunmuş şəkildə saxlanılacaq. Soyutma sistemlərindən isti suların səth sularına qarışmasına yol verilməməsi məqsədilə həmin sular açıq havada xüsusi hovuzlarda soyudulacaq və yenidən istifadə ediləcək. Laçın və Kəlbəcər rayonları ərazisində isə külək elektrik stansiyaları qurulması nəzərdə tutulur. Səs-küy, vibrasiya, vizual təsirlər nəticəsində heyvan və quşlar öz yaşayış ərazilərini tərk edə bilərlər. Həmin bölgələrdə olan bəzi göllər quşların yaylama yerləridir və yaşayış yerindən uzaqlaşma onların həyatına mənfi təsir edə bilər. Bunu nəzərə alaraq qurulması planlaşdırılan külək elektrik stansiyaları canlıların daimi məskunlaşma məskənlərindən mümkün qədər kənarda salınacaq. Külək turbinlərinin mexaniki səsini azaltmaq üçün isə müasir texnologiyalardan istifadə ediləcək”, - deyə Rövşən Abbasov vurğulayıb.

Ekspert Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları ərazisində ümumi gücü 340 MVt olacaq günəş elektrik stansiyalarının qurulmasının planlaşdırıldığından bəhs edərək deyib: “Günəş enerjisi qurğuları üçün böyük sahələr tələb olunur və bu da yer səthində temperaturun və havanın azalmasına, torpağın keyfiyyətinin və həmin ərazilərdəki biomüxtəlifliyin dəyişməsinə səbəb ola bilər. Günəş panelləri mümkün qədər artıq istifadə olunmuş və biomüxtəliflik baxımından yararsız ərazilərdə qurulmalıdır. Bunu nəzərə alaraq günəş panellərinin quraşdırılması üçün əkin-biçinə yararlı olmayan torpaqlar seçiləcək, həmin ərazilərdəki biomüxtəliflik nümunələri qiymətləndirilərək onların mühafizəsi təşkil ediləcək. Həmin məqsəd üçün yolayrıcıları, kanalların arası və artıq itirilmiş torpaq sahələrindən istifadə edilməsi nəzərdə tutulub. Onu da qeyd etmək lazımdır ki, günəş panellərində toksik maddələr, məsələn, qurğuşun var və həmin metal tullantı kimi çox təhlükəlidir. Panellər tullantı poliqonlarına gedərkən məişət tullantılarına qarışmaması və xüsusi poliqonlara nəql olunaraq emal olunması da əsas məsələlərdən biridir. Günəş panellərin altında qalan yerlərdə temperaturun çox aşağı düşməsi torpağın tərkibinin dəyişməsinə, onun izafi rütubətlənməsinə və habelə torpaq-qruntun buxarlanma və transpirasiya qabiliyyətinin dəyişməsinə, nəticədə torpaq orqanizmlərinin həyatına mənfi təsir edə bilər”.

Müsahibimiz bildirib ki, işğaldan azad olunmuş ərazilərdə ümumi həcmi 170 min 556 kubmetr ərazidə su anbarlarının tikintisinin aparılması nəzərdə tutulub.

“Əsasən Tərtərçay və Həkəriçay, həmçinin həmin çayların qolları üzərində tikilməsi nəzərdə tutulan su elektrik stansiyalarının ətrafındakı su anbarları orta hesabla 12 min kvadrat metr ərazini əhatə edəcək. Tərtər, Həkəri, Oxçuçay çaylarında sahillərin bərkidilməsi işləri aparılmalıdır. Bu məqsədlə müntəzəm olaraq SES-lərdə monitorinq işləri aparılmalı, təmir-bərpa işləri üçün zəmin yaranarsa gecikdirilmədən həyata keçirilməlidir. Çay axınının tənzimlənməsi nəticəsində Həkəri, Oxçuçay çaylarında balıqların təbii miqrasiyasına maneə törətməmək üçün xüsusi keçidlər quraşdırılacaq. Həmin tip su keçidlərinin həm də “Qız Qalası” və “Xudafərin” su anbarlarında quraşdırılması nəzərdə tutulur. Çayda suyun tərkibində fiziki-kimyəvi dəyişikliklər baş versə, təbii və ya antropogen amillər araşdırılacaq və onların təsirini minimuma endirmək üçün tədbirlər görüləcək. Məişət, sənaye, turizm müəssisələri və s. mənbələrdən atılan çirkab sularının yalnız təmizləndikdən sonra çaya qaytarılması təmin olunacaq. Suyun səthində buxarlanmanı minimuma endirmək üçün daha dərin, amma sahəsi az olan su anbarları tikiləcək, bir sıra yerlərdə üzən modul örtüklər - polistirol, mum, süngər qoyulacaq”, - deyə ekspert əlavə edib.

Müsahibimiz bioqaz qurğularının inşası ilə bağlı danışarkən isə qeyd edib ki, bioqazın toplanması və istifadəsi zamanı atmosfer havasının çirklənmədən mühafizəsini təmin edən müvafiq qaztutucu qurğularla təmin edilmiş qabaqcıl texnologiyalardan istifadə ediləcək ki, bu da atmosferin zərərli qazlarla çirklənməsinin, metan qazının atmosferə daxil olaraq istixana effekti yaratmasının və istixana qazlarının atmosferə buraxılmasının qarşısı alınacaq.

“Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsində “İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid-qabaqcıl dünya təcrübələrinin Azərbaycanda səmərəli tətbiqi” istiqaməti üzrə təqdim olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
azertag.az

1Источники