RU

“Şimal”ın baş məşqçisi: “Demək olar ki, toplanış, məşq keçmədən turnirə qoşulduq”

"İlk dəfədi belə turnirə qatılırıq. Qələbə şansımızın az olduğunu, hətta məğlub olacağımızı gözləyirdik. Çox təəssüf ki, böyük hesabla məğlub olduq". Bu sözləri Sport24.az-a açıqlamasında "Şimal"ın oynayan baş məşqçisi Tural Cəlilov deyib.
UEFA Regionlar Kubokunun ilkin mərhələ çərçivəsində  ilk oyununu keçirən "Şimal"ın baş məşqçisi komandasının məğlubiyyətini belə əsaslandırıb: "Hypers"lə final matçından sonra heyətin 70 faizini itirmişik. Oyunçular başqa komandalara keçib. Ona görə də məcbur olub kollektivi yenidən yığdım. Bölgəmizdən olan gəncləri ətrafıma toplamışam. Demək olar ki, toplanış, məşq keçmədən turnirə qoşulduq. Təbii ki, təcrübəsiz oyunçularla da beynəlxalq turnirdə böyük hədəflərə nail ola bilməzsən. Gürcüstan komandası isə bizdən xeyli güclüdü. Onların heyətində vaxtilə peşəkar karyerası olmuş oyunçular çoxdu. Deyərdim ki, həvəskar yox, peşəkar komandaya məğlub olduq".
Gənc məşqçi əsas məqsədlərinin II liqayla bağlı olduğunu və gələcək planlarından danışıb: "Komanda cəmi 1 ildi yaranıb.Buna rəğmən debüt ilimizdə böyük uğur qazandıq. Çempion olmaqla II liqaya vəsiqə qazandıq. İndi əsas məqsədimiz II liqada adımıza uyğun mübarizə aparıb çempionatda yerimizi qorumaqdı. Amma hələlik ciddi problemlərimiz var. Məşq etməyə  şəraitimiz yoxdu. Əlimin altında olan oyunçuların çoxu özünü dolandırmaq üçün başqa sahələrdə çalışır. Onlara AFFA-nın ayırdığı vəsaitdən başqa pul verə bilmirik. Ümid edirəm ki, çempionatın startına kimi problemlərimizi həll edəcəyik".
Qeyd edək ki, "Şimal" dünən UEFA Regionlar Kubokunun ilkin mərhələsində  Gürcüstan təmsilçisi "Football School Bridge" ilə qarşılaşıb və 0:5 hesabı ilə məğlub olub. Xaçmaz təmsilçisi növbəti matçını "Qothenburq"a (İsveç) qarşı keçirəcək. Görüş iyulun 1-də baş tutacaq. ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
sport24.az

1Источники