Bakı, 29 iyun, AZƏRTAC
Baş prokuror Kamran Əliyev və prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar.
ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, prokurorluq əməkdaşları tarixi Qazax Müəllimlər Seminariyasının muzeyi ilə tanış olublar və onlara təhsil müəssisəsi haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli Qori Seminariyasını bitirib.
Qeyd olunub ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktik konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Həmçinin vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firidun bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.
Diqqətə çatdırılıb ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. Hazırda Mərkəzdə tədrisə ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onlar mütəmadi olaraq Qazax şəhərinə ezam edilirlər.
Prokurorluq əməkdaşları tələbə-müəllim heyəti ilə söhbət edib, onlarla səmərəli fikir mübadiləsi aparılıb.