RU

Qriqorçuk “yağ küpü”ndən “qaymaq” hazırlaya biləcəkmi? - YAZI

“Neftçi” Azərbaycan futbolunun “yağ küpü”dü.

Bunu klubun tarixi, yaxın keçmişdə imza atdığı uğurlar, böyük azarkeş kütləsi, paytaxtı təmsil etməsi və ən əsası büdcəsinə görə deyə bilərik. Qısası, “ağ-qaralar”ın ciddi uğurlara imza atmasına mane olacaq hansısa səbəb yoxdu. Təbii ki, imkanlardan düzgün istifadə olunsa. Son illərdə klub daxilində və ətrafda yaşanan hadisələr onu göstərirdi ki, “sükan”ı əlində saxlayanlar bunu bacarmır.
Dünəndən bəri başverənlər artıq müəyyən ümidlərin cücərməsinə səbəb olub. Əvvəla, yeni Müşahidə Şurası təsdiqlənib. Üzvlərin SOCAR-da və bu qurumun törəmə şirkətlərində böyük vəzifələrin sahibi olduğundan xəbərdarıq. Əlbəttə, belə olacağı gözlənilən idi. İndiki durumda həmin şəxslərin, sadəcə, bütün imkanlarını səfərbər edərək klubun rifahı üçün çalışacaqlarına ümid etmək mümkündü.

Amma əsas müzakirə mövzusu Roman Qriqorçukun təyinatıdı. Ukraynalı mütəxəssis növbəti iki mövsüm ərzində “Neftçi”ni çalışdıracaq. Onun son iş yeri “Çernomorets”di. Bəli, Qriqoçukun komandası 2023/24 mövsümünü 12-ci pillədə başa vurub. Lakin bu nəticəni məhz baş məşqçinin səriştəsizliyiylə əlaqələndirsək, yanılarıq. Sözsüz, Ukraynada hökm sürən müharibə şəraiti, xüsusilə Odessanın fəal cəbhə zonası olması nəticələr təsirsiz ötüşməyib. Çox güman, məhz bu üzdən Qriqorçuk komanda ilə müqavilə müddətini uzatmaqdan imtina edərək Bakıya üz tutub. Onun köməkçisi Mixail Savkanın da “Neftçi”də çalışacağını iddia etmək olar.
Bəs mütəxəssisin bakılılar üçün faydalı iş əmsalı nə dərədəcə yüksək olacaq? Ukraynalının qarşısına qoyulan tələb çempionluqdu. Hər halda, buna şübhə etmək sadəlövhlük olar. Bundan sonra “Neftçi”nin heyətində ciddi yeniliklər görəcəyik. Əlbəttə, “Qarabağ”ın öhdəsindən gəlmək üçün buna ehtiyac var. Digər tərəfdən, ötən mövsüm yaşanan uğursuzluğun yaddaşlardan silinməsi və tələbkar azarkeşlərin “qidalanması” təmin edilməlidi. Qriqorçukun bunun üçün vaxtı da var. Adrian Mutu və Miodraq Bojoviçdən sonra “sükan”ı təhvil alan mütəxəssis “yağ küpü”ndən “qaymaq” hazırlamalıdı. Həm “Neftçi”, həm də öz karyerası naminə!

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
football-plus.az

1Источники