RU

İrəvan Moskvanın daha bir “qırmızı xətti”ni keçdi...münasibətlər gərginləşir

Image

Ermənistan parlamentinin sədri Alen Simonyan Riqada olarkən bildirib ki, Rusiya onun ölkəsi qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirmir, ona görə də İrəvan Avropa İttifaqına doğru hərəkət edəcək. Bununla da o, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Moskvanın ünvanına səsələndirdiyi ittihamları daha da gücləndirib. 

Armen Qriqoryan çoxsaylı cəfəng fikirləri fonunda Rusiyanı əsas tənqid hədəfinə çevirib. 

Təhlükəsizlik Şurasının katibi bildirib ki, Ermənistanla Rusiya arasında münasibətlərin taleyi sonuncudan asılıdır. O, xüsusilə qeyd edib ki, İrəvana hərbi təchizatda Rusiyanın payı 95%-dən 10%-ə kimi azalıb. Eyni zamanda, Qriqoryan əmin edib ki, Moskvanın özü bunu istəyir, çünki Ukraynada xüsusi əməliyyat keçirməli idi: “Silah və sursat verməmək qərarına gələn Rusiya idi. Yeri gəlmişkən, onlar hələ də müqavilələrdə nəzərdə tutulanları tam çatdırmayıblar. Maraqlıdır ki, Rusiya nümayəndələri Ermənistanın başqa ölkələrdən silah almasından şikayətləndiyi bir şəraitdə 2021-2022-ci illər müqavilələri üzrə tədarükləri davam etdirmirlər”. Burada iki dəqiqləşdirmə aparmaq vacibdir. Birincisi, 2024-cü ilin yanvarında Ermənistan Müdafiə Nazirliyi Rusiyadan əvvəllər alınmış silahların tədarükü ilə bağlı problemlərin aradan qaldırıldığını bəyan edib. İkincisi, Ermənistan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) maliyyə ayırmaqdan imtina edərək, təşkilatda iştirakını faktiki olaraq dondurduqlarını bildirir. Söhbət 53,22 milyon rubldan gedir. Ermənistan Xarici İşlər Nazirliyi qeyd edir ki, İrəvan KTMT katibliyinə təşkilatın 2024-cü il büdcəsini imzalamayacağı barədə rəsmi məlumat verib. Bildirilib ki, ölkənin KTMT qarşısında heç bir maliyyə öhdəliyi yoxdur. Halbuki, blokun nizamnaməsinə görə, onun üzvlərindən biri öz öhdəliklərini yerinə yetirməsə, o, ittifaqdan xaric edilə bilər. Rusiyada İrəvanın iddiaları qıcıqla qarşılanıb. Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi ikinci Qarabağ müharibəsində məğlubiyyətin səbəblərini Rusiyada deyil, öz vətənində axtarmalıdır. Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Qriqoryanı tamamilə yalan danışmaqda ittiham edib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan bilərəkdən regiondakı Rusiya sülhməramlılarını çətin vəziyyətə salıb: “Görünür, bu onun Qərblə yeni dostluğunun şərti idi, çünki Qərbin Qarabağda Rusiya sülhməramlılarına ehtiyacı yoxdur. Necə ki, doğrudan da, Ermənistanın KTMT-yə üzv olması və ya Gümrüdə Rusiya bazasının olmasına Qərb qarşıdır. Bunlar növbəti suallardır və bunu cənab Paşinyanın tərəfdarları və özü heç bir şəkildə gizlətmir”. Görünür, Rusiyaya qarşı səslənən ittihamlar Ermənistan hakimiyyətinə kifayət etmədiyi üçün parlamentin spikeri Alen Simonyan vəziyyəti daha da gərginləşdirib: “Rusiya yaxşı tərəfdaş olmalı, müttəfiqlərini qorumalı və tərəfdaşı ilə dürüst olmalı idi, hətta bu tərəfdaş kiçik olsa da. İndi cəmiyyətimizin bir qərarı var - Avropa İttifaqının bir hissəsi olmaq”. Onun sözlərinə görə, yaxın vaxtlarda respublikada referendum keçirilə bilər və bu referendumda ermənilərin əksəriyyəti Avropaya inteqrasiyaya səs verəcək.

Bu arada Armen Qriqoryanın Qarabağla bağlı bəyanatı Bakıda da sərt qarşılanıb. Belə ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın siyasi və hərbi rəhbərliyində revanşizm illüziyalarının təzahürü olduğunu bildirib. Eyni zamanda o, qonşu respublikanın hakimiyyətini tarixi səhvlərin təkrarlanmaması üçün hərbiləşdirmə siyasətinə son qoymağa çağırıb. Ekspertlər xatırladır ki, 2020-ci ildə Azərbaycan ordusu Xankəndi də daxil olmaqla bütün Qarabağı geri almağa hazır idi. Xüsusən də 15 minlik erməni qoşun qrupu tamamilə mühasirəyə alınırdı. Yalnız Rusiya lideri Vladimir Putinin vasitəçiliyi sayəsində noyabrın 10-da üçtərəfli bəyanat imzalandı və bunun sayəsində Azərbaycan hücumu dayandırdı və sülhməramlılar bölgəyə daxil oldular. İndi Ermənistan hakimiyyəti müharibədəki məğlubiyyətdən nəticə çıxarmaq əvəzinə, Rusiyanı buna görə ittiham etməyə çalışır. Erməni mediası Təhlükəsizlik Şurası katibinin sözlərində Ermənistan dövlətçiliyinin statusunun aşağı salınmasını və respublikanın gələcəyi üçün təhlükə olduğunu yazır. Deputat Tiqran Abramyan isə qeyd edir: “Ermənistan sülhə nail olmaq üçün deyil, Rusiyanı ölkədən çıxarmaq haqqında sənəd imzalamaq üzrədir və Moskvanın bu proseslə bağlı növbəti addımlarının necə olacağını təxmin etmək olar”. İndi  hesab olunur ki, bu vəziyyətdə Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsinin imzalanmasını tezləşdirmək, ölkəmzilə münasibətləri normallaşdırmaqdır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun  sözlərinə görə, sülh üçün indiyədək açıq qalmış məqamlar əhəmiyyətli dərəcədə azalıb, amma Ermənistan konstitusiyası sülh prosesinin başa çatdırılmasında əsas maneə olaraq qalır. Bakı hesab edir ki, Ermənistanın indiki konstitusiyasında ərazi iddiaları ehtiva edən məqamlar var. ABŞ-ın keçmiş Minsk qrupundakı keçmiş səfiri Ceyms Vorlik  bu xüsusda qeyd edir: “Ermənistanın konstitusiyası bir gün, gələcəkdə dəyişdirilməlidir. Hamı yaxşı başa düşür ki, bu, Ermənistan üçün asan bir vəziyyət deyil”. Vorlik əlavə edib ki, sülh müqaviləsinin mətninə Ermənistanın konstitusiyanı dəyişdirmək niyyəti ayrıca maddə şəklində salına bilər. Xatırladaq ki, Nikol Paşinyan ötən həftə xüsusi islahatlar şurasına Ermənistan konstitusiyasının yeni mətninin hazırlanmasını tapşırıb.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
baki-xeber.com

1Источники