RU

Cənubi Qafqazda Azərbaycanın kommunikasiyalarına Qərbdən konkret dəstək- sülhün təminatı budur...

Image

Qərbin, xüsusən də ABŞ-ın Cənubi Qafqazla bağlı strategiyası yaxın tezlikdə regionda tamam fərqli mənzərənin formalaşmasına səbəb ola bilər. Özü də  o fonda ki, Azərbaycan burada daha güclü mövqe sahibi olacaq, ölkəmizin tranzit əhəmiyyəti artacaq. Bunu artıq Ermənistanda da qəbul edənlərin sayı artır.

Ermənistan parlamentinin keçmiş deputatı Vardan Xaçatryan qeyd edir ki, indi regionda Azərbaycan üçün daha əlverişli şərait formalaşır. Buna səbəb həm də İrəvanın yanlış siyasətidir: “Avropa İttifaqına (Aİ) istiqamətlənmək nə deməkdir? Ən vacib məsələ təhlükəsizlikdir, bəs Avropanın Ermənistana təmin edə biləcək təhlükəsizliyi varmı? Təbii ki, yoxdur, Avropanın özünün təhlükəsizliyini ABŞ təmin edir”. Onun sözlərinə görə, Fransa, Rusiya, ABŞ və Böyük Britaniya da daxil olmaqla, bütün fövqəldövlətlər Zəngəzurla maraqlanır:
 “44 günlük müharibədən sonra ABŞ və Böyük Britaniya Ermənistana təklif irəli sürdülər, onların hər ikisi Zəngəzurla bağlı idi. Böyük Britaniya su anbarları tikməyi təklif etdi, ABŞ isə Zəngəzurda günəş enerjisi sahəsi tikmək istəyirdi. Bütün bunlar yalnız bir şey üçün edilir ki, dünyada mövcud olan müstəsna əhəmiyyətə malik bu kommunikasiyanı - arxasında müstəsna siyasi əhəmiyyətə malik maraqların dayandığı Zəngəzur dəhlizini özlərinin nəzarəti altına götürsünlər”. O qeyd edir ki, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Ermənistandan sonra Azərbaycaan səfəri də Zəngəzur dəhlizi ilə bağlıdır. Politoloq Benyamin Poqosyanın fikrincə, dövlətlər yüklərin tranzitinin alternativ yolu ilə regionda savaş təhdidini də aradan qaldırmaq istəyirlər: “Azərbaycandan Ermənistana, Türkiyədən Ermənistana, Ermənistandan Türkiyəyə ixrac başlayanacaq, bəlkə də Türkiyə ərazisindən keçməklə Ermənistandan Avropaya ixrac olacaq. Bu, cəmiyyətdə daha çox insan üçün müəyyən tərəfdaşlıq yaradacaq və yeni savaşa maneə olacaq, çünki on minlərlə insan sırf öz maliyyə maraqları naminə eskalasiyaya qarşı çıxacaq”. Bundan əlavə, politoloq hesab edir ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır və bunun Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına qapı açacağına ümid edir. Poqosyanın fikrincə, bu, Ermənistanın Rusiyanı tərk etmə yoludur: “Birləşmiş Ştatlar istənilən Ermənistan-Azərbaycan sazişinin, hətta hərtərəfli deyil, sırf prinsiplər əsasında imzalanması üçün hər şeyi edir. Ermənistan nəsə edəcək, ya etməyəcək, bilmirəm, amma məncə amerikalılar düşünür, ümid edir, ya da ola bilsin ki, artıq Türkiyə ilə bir məsələdə razılaşıblar. Həmin razılaşmaya görə, Türkiyə israr edir ki, mən Ermənistanla münasibətləri yalnız Azərbaycanla sülh müqaviləsi imzalanandan sonra müqaviləyə uyğun tənzimləyəcəyəm. Sonra Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaq. Bundan sonra ABŞ Ermənistan hakimiyyətindən Rusiyanı tərk etmək üçün konkret addımlar atmağı daha sərt tələb edəcək”. Ermənistanın keçmiş Baş naziri Xosrov Harutyunyan isə qeyd edir ki, hətta Ermənistanın Aİ-yə daxil olması üçün danışıqlara başlamazdan əvvəl Aİ ilə münasibətlərin inkişafında növbəti addım Rusiya hərbi bazasının Ermənistandan çıxarılması tələbi olacaq. Onun sözlərinə görə, bu məsələ Aİ-yə üzvlüklə bağlı referendum keçiriləcəyi halda da gündəmə gələ bilər: “Hərbi əməliyyat və Zəngəzura müdaxilə Azərbaycan və Türkiyə üçün faydalı olar, buna yalnız bir amil mane olur, o da Rusiyadır. Bu gün Türkiyə və Azərbaycanı hər məsələdə dəstəkləyən Rusiyadır. Bununla belə, o başa düşür ki, Zəngəzur Cənubi Qafqazda ən mühüm strateji nöqtədir, ona görə də Rusiya bundan imtina edə bilməz”. Harutyunyan əmin olduğunu bildirib ki, Rusiyanın hərbi mövcudluğu Ermənistana kömək etməsə də, ən azından ona maneə də olmayacaq.

Bu fonda xatırladaq ki, Rusiya ilə Ermənistan arasında münasibətlər iyunun 25-26-da Moskvada keçirilən forumun əsas mövzularından birinə çevrilib. Moskva İrəvana yenidən Qərblə yaxınlaşmanın təhlükələri barədə xəbərdarlıq edib. Ekspertlər hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin səhvlərini təkrarlaya bilər. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk forumdakı çıxışı zamanı Ermənistan hakimiyyətinin qərbyönlü siyasi xəttinə göz yummağı düzgün hesab etmədiyini bildirib. Ermənistanın eyni zamanda Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına üzvlüyü mümkün deyil. Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov qeyd edib ki, Rusiya Ermənistanla dostluq münasibətləri qurmağa hazırdır: “Yekun nəticə Moskvadan yox, İrəvandan asılıdır - əsas məsələ Ermənistanın hazırkı rəhbərliyinin Rusiyaya qarşı antaqonizmin daşıdığı risqlərdən nə dərəcədə xəbərdar olmasıdır”. “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan bildirib ki, İrəvanın qərbyönlü kursunu respublika əhalisinin cəmi 10%-i dəstəkləyir. O əmindir ki, ölkədəki bütün siyasi qüvvələr Paşinyanın hərəkətlərinin spekulyativ xarakterini anlayır: “Birləşmiş Ştatlar Ermənistanı Rusiyanın təhlükəsizlik çətiri altından tez bir zamanda çıxarmaq istəyir". "News.ru" nəşri isə yazır ki, Paşinyanın kursu bu gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin siyasəti ilə müqayisə edilir. Bununla belə, Tiflis getdikcə daha çox Rusiya ilə əlaqələrin normallaşdırılmasına yönəlmiş bəyanatlar verir.  Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib ki, Paşinyan Rusiya və Qərblə münasibətlərdə Saakaşvilinin səhvlərindən nəticə çıxaracaq. Onun fikrincə, Paşinyan Rusiyadan tamamilə üz döndərməzdən əvvəl Qərb tərəfdaşlarından “sənədlə təhlükəsizlik zəmanəti” almaq istəyir: “Ümumiyyətlə, Ermənistan Qərbi aldatmağa və Moskva ilə güclü qarşıdurmaya getməməyə hazırdır, o bu qarşıdurmanı alqı-satqıya çevirmək istəyir, lakin buna nail olmayacaq”. O, Ermənistanı xarici qüvvələrin Cənubi Qafqaza nüfuz etməsinə kömək edən və regionun çiçəklənməsinə təhlükə yaradan troya atına bənzədir.

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
baki-xeber.com

1Источники