RU

Rusiya Türkiyəni İrana dəyişir?- Yeni "qaz OPEK-i"...

Image

Tehran və Moskva Rusiyadan İrana təbii qaz tədarük etmək barədə razılığa gəliblər. “Bakı-Xəbər” məlumat verir ki, bu barədə enerji təhlükəsizliyi üzrə erməni ekspert Vahe Davtyan öz Facebook səhifəsində yazıb.

O qeyd edir:

“Sual yaranır: təbii qaz ehtiyatları təsdiqlənmiş dünyanın ilk üç ölkəsindən biri olan İranın məqsədi nədir?

Tərəflər arasında bu yaxınlarda bağlanmış razılaşma Rusiya-İran “enerji dialoqu”nun dərinləşməsi istiqamətində atılan addımdır və bunun ardınca daha ciddi və sistemli qərarlar veriləcək. Bəlkə də onlardan ən çox ehtimal olunanı İranda qaz qovşağının yaradılması proqramının həyata keçirilməsidir ki, bu proqram çərçivəsində təşəbbüsə qoşulmağa hazır olduqlarını bildirən Rusiya,  İran, eləcə də Qətər və Türkmənistan bu layihədə təmsil oluna bilər. 

İranda qaz qovşağının yaradılması qlobal qaz bazarında yeni reallıq yaradacaq, çünki o, təbii qaz ehtiyatlarına görə dünyanın ən zəngin ölkələrini - Rusiyanı (1-ci yer), İranı (2-ci yer) birləşdirəcək. Qətər (3-cü yer), Türkmənistan (4-cü yer). Bu ölkələr faktiki olaraq qlobal qaz hasilatının 50%-nə nəzarət edirlər. Əvvəla bu, Amerika Birləşmiş Ştatlarına çağırışdır.

Aİ-nin enerji təhlükəsizliyi üçün müəyyən risqlər yaradılır. Ənənəvi olaraq Aİ-yə qaz tədarükünün şaxələndirilməsi üçün mühüm istiqamət hesab edilən Qətər faktiki olaraq Rusiya ilə qaz alyansına daxil olur. Digər tərəfdən, Türkmənistan təbii qazının Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra isə Cənub Qaz Dəhlizi ilə Avropa bazarına çatdırılması planlaşdırılan layihə olan Transxəzər Qaz Boru Kəmərinin tikintisinin perspektivləri buna hesablanıb. 

Rusiya-İranın bu təşəbbüsü Türkiyə üçün də problemlər yaradır. İlk növbədə, sonuncunun beynəlxalq əhəmiyyətli əsas qaz mərkəzi olmaq ambisiyaları aradan qaldırılır. Rusiya-Türkiyə qaz qovşağının layihəsi iki ildir yerindən tərpənmir və tərəflər indiyədək qazın elektron ticarət platformasının imkanlarını müzakirə etməklə kifayətləniblər. Rusiya-İran qaz əməkdaşlığının dərinləşməsi və dördtərəfli formatda qovşağın formalaşdırılması ilə bağlı bəyanatlar Türkiyənin yeni Avrasiyanın enerji arxitekturasında əhəmiyyətini xeyli azaldır.

Maraqlıdır ki, İran hissəsi üçün coğrafi həllər artıq mövcuddur. Qovşağın Buşehr sahilində tikilməsi planlaşdırılır.

İran qovşağı dünya bazarındakı iştirakçılarının çəkisini nəzərə alaraq, faktiki olaraq əsas bazar tendensiyalarını, qiymət siyasətini və ümumiyyətlə, “enerji geosiyasətini” müəyyən edəcək “qaz OPEK”inin formalaşmasına gətirib çıxaracaq”.

Götündüyü kimi, ekspert Türkiyəni oyundan çıxara biləcək bu layihənin reallaşa biləcəyinə böyük ümid bəsləyir. Bunu etmək mümkün olacaqmı?

Bu yöndə apardığımız araşdırmalar onu deməyə əsas verir ki, erməni ekspertin səsləndirdiyi versiya yenilik deyil. Belə müzakirələr uzun müddətdir aparılır, hətta dövlət rəsmiləri səviyyəsində belə səsləndirilir. Rusiya baş nazirinin müavini Aleksandr Novak bu ilin fevral ayında bildirib ki, hazırda Rusiya və İran şirkətləri İranda qaz qovşağının yaradılması ilə bağlı danışıqlar aparır.

Rusiyanın Türkiyəyə öz ərazisində bütün dünyadan “mavi yanacaq” ticarətinin cəmləşəcəyi qaz qovşağı yaratmaq təklifindən isə  təxminən iki il keçir. Türkiyə bu təklifi məmnuniyyətlə qəbul etdi və mərkəz yaratmaq üçün bütün lazımi addımları atmaq niyyətində olduğunu bəyan etdi. Eyni zamanda, bu istiqamətdə əməli addımlar yalnız Türkiyə qaz qovşağının yaradılması üçün əsasların hüquqi rəsmiləşdirilməsi ilə məhdudlaşdı. Belə ki, ötən ilin aprelində Türkiyə parlamenti qaz qovşağı layihəsini həyata keçirmək üçün ölkənin dövlət neft-qaz şirkəti “Botaş”ın strukturunda dəyişiklikləri təsdiqləyib.

Keçən ilin sentyabrında iki ölkə liderlərinin görüşündə Vladimir Putin Rusiya Federasiyası ilə Türkiyənin yaxın vaxtlarda Türkiyə qaz qovşağının yaradılması ilə bağlı razılığa gələ biləcəyini bildirmişdi. Eyni zamanda ekspertlər hesab edirlər ki, Türkiyə və Rusiya bir sıra məsələlər, xüsusən də Rusiya qazının tədarükünün artırılması, Türkiyədə qaz anbarı infrastrukturunun genişləndirilməsi və Türkiyə ərazisində qazın ticarəti mexanizmi ilə bağlı hələlik razılığa gəlməyiblər.

Eyni zamanda İranda qaz qovşağının yaradılması ilə bağlı paralel danışıqlar gedir. Bunu  Rusiya baş nazirinin müavini də təsdiqləyir. 

Bundan əvvəl İran tərəfi bəyan etmişdi ki, İran Rusiya, Qətər və Türkmənistanın iştirakı ilə Fars körfəzi sahillərində Buşehr əyalətinin Assaluye sənaye rayonunda qaz qovşağı yaratmağı planlaşdırır. Beləliklə, qaz qovşağının son nəticədə harada yaradılacağı və hansı ölkənin “mavi yanacaq” ticarəti mərkəzi olmaq şansının daha yüksək olduğu tam aydın deyil. 

Türkiyə hökuməti 2028-ci ilə qədər ölkəni Avropa regionunda üçüncü ən böyük qaz anbarı tutumuna çevirməyi planlaşdırır.

Hazırda ölkənin iki böyük qaz anbarının - Silivri və Tuz Gəlyu UGS-nin tutumu müvafiq olaraq 4,6 milyard və 1,2 milyard kubmetrdir. Ankaranın planları 2028-ci ilə qədər ölkənin ümumi qaz anbar tutumunu 14,4 milyard kubmetrə çatdırmaqdır.

Şübhəsiz ki, Türkiyənin qaz anbar potensialını inkişaf etdirmək üçün böyük miqyaslı investisiyalara ehtiyac olacaq.

Əgər Türkiyə öz ərazisində qaz saxlamağı və satmağı planlaşdırırsa, o zaman qaz anbarının tutumunu ən azı üç dəfə artırmalıdır, çünki ticarət mərkəzinin yaradılması ölkəyə idxalın əhəmiyyətli dərəcədə artmasına səbəb olur. İrana gəlincə, əsas problem ölkəyə qaz tədarükündə qalır. Beləliklə, Rusiya Federasiyası, Türkmənistan və Qətər İran qaz qovşağının etibarlı təchizatçıları hesab olunur ki, onların hər biri bu və ya digər səbəbdən İslam respublikasını təkrar ixrac üçün lazım olan həcmlərlə təmin edə bilməyəcək. Bu baxımdan da hələlik Rusiyanın Türkiyə layihəsindən imtina edib, onu İranla əvəz etməsini söyləmək üçün tezdir. Çünki hər iki istiqamətdə paralel iş gedir.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
baki-xeber.com

1Источники