RU

Rusiyada miqrantlarla müharibə başlayıb- hakimiyyət daxilində qarşıdurma...

Image

Son dövrlərdə Rusiyada miqrantalara qarşı daha sərt siyasətə start verilməsi müşahidə olunur. Sözügedən ölkədə hələ də xeyli sayda azərbaycanlı miqrantın olması fonunda məsələ Azərbaycan üçün də maraqlıdır.

Rusiya isə, belə görünür ki, miqrantlara qarşı daha sərt mövqe sərgiləməkdə israrlıdır. Bunu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin və Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi Komitəsinin rəhbəri Andrey Klişasın açılamaları da təsdiq edir. 

Onlar bildiriblər ki, Rusiya Federasiyasında yerli əhalini yeni gələnlərlə əvəz etmək üçün aparılan kurs qəbuledilməzdir. Bastrıkin miqrasiya böhranının günahkarlarının və lobbiçilərinin hökumətin maliyyə-iqtisadi bloku tərəfindən dəstəklənən biznes olduğunu da iddia edib.  İndi görünən odur ki, həm real idarəetmə, həm də xeyli maliyyə resursları yaradan miqrant sahəsinə nəzarət uğrunda mübarizə hökumət daxilində “təhlükəsizlik” və “iqtisadçı” düşərgələri arasında güclənəcək. Bıstrıkin bütün hakimiyyət orqanlarını miqrasiya siyasətinə və fəaliyyətsizliyinə görə sərt şəkildə qınayıb. Bura hökumətdən və onun sosial-iqtisadi idarələrindən tutmuş, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq, hətta Dövlət Duması da daxil olub. Rusiya Federasiyasının Moskva, Moskva vilayəti və Sankt-Peterburq kimi ən böyük subyektlərinin rəhbərləri də miqrasiya məsələsində onun sərt tənqidi ilə üzləşib. Bastrıkin hətta Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində miqrasiya siyasətinin müzakirəsi zamanı Dövlət Dumasını “dövlət axmağı” adlandırıb: “Çox istərdim bilim ki, bizim bu dövlət axmaqlarımız nə vaxt yaxşı qanunlar qəbul edəcəklər”.  Dumanın aşağı palatanın spikeri Vyaçeslav Volodin bununla bağlı bildirib: “Deputatlar Rusiya Federasiyasının vətəndaşları tərəfindən seçilib, odur ki, Bastrıkin xalqı təhqir etdi”. Miqrasiya sessiyasında çıxış edən Klişas da az sərtlik nümayiş etdirməyib. Bastrıkinin ardınca ölkədə bütün qanunvericilik prosesinin əsas fiqurlarından biri Rusiyada miqrasiya sahəsində real siyasətin olmadığını vurğulayıb. Üstəlik, senator bildirib ki, parlament faktiki olaraq hər hansı hüquqi dəyişikliyin edilməsi ilə məhdudlaşır, çünki heç kim qanunverici orqanda xarici işçi qüvvəsi ilə bağlı strateji yanaşmalar formalaşdıra bilməz: “Deyirlər, yeni gələnlər öz adətlərinə uyğun burada  bizim əvəzimizə yaşamaq istəyirlər, həm də bizimlə yaşamaq istəmirlər”. Aleksandr Bastrıkin bu fonda qeyd edir ki, Moskva əmək miqrantlarını Ukraynadakı müharibəyə göndərir ki, Rusiyanı tərk etsinlər. Onun sözlərinə görə, orduya 10 minə yaxın miqrant cəlb olunub: “Bilirsiniz, miqrantların Rusiyanı yavaş-yavaş tərk etməyə başlamasına səbəb olan bir hiylə tapdıq. Biz Konstitusiyanın, qanunlarımızın vətəndaşlıq almış şəxslərin hərbi qeydiyyatda durmalı və lazım gələrsə, xüsusi hərbi əməliyyatda iştirak etməli olduğu barədə müddəalarını həyata keçirməyə başladıq”. Onun sözlərinə görə, hərbi qeydiyyata alınmaqla onun idarəsinin müstəntiqləri məşğuldur: “Artıq vətəndaşlıq almış, lakin hərbi qeydiyyatdan keçmək istəməyən 30 mindən çox insanı tutub qeydiyyata salmışıq”.

Qeyd edək ki, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü başlanandan Mərkəzi Asiya ölkələrindən ora iş axtarmaq üçün gedən miqrantların müharibəyə göndərildiyi barədə xəbərlər gəlir. Bu ölkələrin hökumətləri vətəndaşlara müharibədə iştirakı muzdluluq kimi qiymətləndirə biləcəklərini xatırladıblar. 2011-ci ildən Rusiyada İstintaq Komitəsinə rəhbərlik edən Bastrıkin dəfələrlə miqrantlara qarşı çıxış edib və miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini dəstəkləyib. İstintaq Komitəsinin rəhbərinin mövzu ilə bağlı son açıqlamaları Moskva yaxınlığındakı “Crocus City Hall” zalına hücumdan sonra Mərkəzi Asiya ölkələrindən olan miqrantlara qarşı başlayan kampaniya fonunda verilib. Hücumda Tacikistandan bir neçə mühacir ittiham olunur. Bastrıkin iddia edir ki, yalnız daxili əmək resurslarına güvənmək lazımdır. Bununla yanaşı, əmək idxalının tərəfdarları ilə bu qarşıdurmadan ruhlanan Bıstrıkin əsas açıqlamalarından birini də verib. O, miqrasiya lobbiçilərinin adını da çəkib. Məsələn, Prezident yanında İnsan Haqları Şurasının ən məşhur üzvlərindən biri Kirill Kabanovun adı bir neçə dəfə çəkilib. Beləliklə, miqrasiya siyasətini bu və ya digər məzmunla doldurmaq uğrunda “təhlükəsizlik ekspertləri” ilə “iqtisadçılar” adlanan şəxslər arasında hakimiyyətdaxili mübarizə getdikcə şiddətlənməkdə davam edir. Yada salaq ki, bir neçə il əvvəl Rusiya prezidenti Vladimir Putin təkidlə bildirmişdi ki, bu sahədə iqtisadi zərurətlə milli təhlükəsizlik mülahizələri arasında kompromis tapmaq lazımdır. Lakin sonra öz ritorikasında sonuncu aspektə daha çox diqqət yetirməyə başladı. Görünür, müvafiq düşərgə dövlət başçısını öz konsepsiyasını dəstəkləməyə inandırmağa çalışa biləcəklərini hiss edib. İndi isə Bıstrıkin sözün əsl mənasında miqrantlara qarşı səlib yürüşü başladıb. Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantlar üçün bir sıra qadağalar və məhdudiyyətlər nəzərdə tutan nəzarətli qalma rejimi tətbiq etməyi təklif edir. Miqrantların həyatını çətinləşdirəcək yeni qanun layihəsinə onların avtomobil idarə etməsi, sürücülük vəsiqəsi alması və pul köçürməsinə aid qadağalar daxil edilib.

Samirə SƏFƏROVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
baki-xeber.com

1Источники