RU

Xarakterin formalaşması: çevrə, yoxsa ailə?

Hər bir insan doğulduğu gündən müəyyən mühitdə formalaşmağa başlayır. Həmin mühitdə həyat yolunda atılan ilkin addımlar, xarakterin yaranmasına zəmin yaradır. Sahib olduğumuz mənfi və müsbət keyfiyyətlərdən ibarət olan xarakter bizə cəmiyyət içərisində müəyyən pilləyə qalxmağa kömək edir. Məhz xarakterimizdən asılı olaraq çevrədə müəyyən status qazana bilirik. 
 Xarakterin formalaşması isə çoxşaxəli və kompleks bir prosesdir. Bu proses bir çox amillərin təsiri ilə həyata keçir və əsas amillərdən biri də ətraf-mühitdir. İnsanın yaşadığı sosial və fiziki mühit onun xarakterinin formalaşmasında böyük rol oynayır. Ailə, dostlar, məktəb, iş yeri və geniş cəmiyyət bu prosesə təsir göstərir. İnsan yaşadığı müddətcə saysız-hesabsız yeni çevrə ilə rastlaşır. İlk öncə oxuduğu məktəb, universitet həyatı, onun ardınca iş kollektivi və s. Bunların hər biri sayəsində həyatımıza qalıcı və ya keçici ən azı 100 nəfər daxil olur. Görüb götürmə bacarığını da nəzərə alsaq yüz yeni xüsusiyyətə yiyələnir. 
  Ailənin təsiri uşağın şəxsiyyətinin formalaşmasında təməl əhəmiyyətdədir. Valideynlərin davranışları, tərbiyə metodları və ailə mühiti uşağın sosial bacarıqlarının və dəyərlərinin inkişafında əvəzsizdir. Valideynlərin nümunəvi davranışları və verdikləri dəstək uşağın özünəinamını və emosional sabitliyini gücləndirir.
 Fikrimcə, ailə insana ilkin tərbiyəni, lazım olan insani keyfiyyətləri versə də, sonradan yiyələndiyi dost çevrəsi insanı dəyişməyə, yeni xüsusiyyətlərin formalaşdırılmasına daha yaxındır. Düzgün dost seçimi, uğurlu mühitin seçilməsi və nəhayət tam formalaşan xarakter.

Bu mövzu ilə bağlı sosioloqların fikirlərini aldıq:

Sosial məsələlər üzrə ekspert Elçin Bayramlı:

-İnsan xarakterinin formalaşmasında üç əsas faktorun böyük təsiri var. Bu birincisi, şəxsi, ruhi xarakterdir. Məlum olduğu kimi, insan təkcə maddi varlıq deyil, həm də bir növ qeyri-maddi, mənəvi, ruhi varlıqdır. Bu özəl bir xüsusiyyəti, hansı ki, biz görürük ki, bəzən yeni doğulmuş uşaqlarda bir neçə aylıq bir neçə yaşlıq hələ heç bir mühitinə, ailənin təsiri, tərbiyəsinin rol oynamadığı bir vaxtlarda onun özünəməxsus xasiyyət və xarakterləri müşahidə olunur. Yəni bu o deməkdir ki, ilk ana xətt insanın özünün fərdi, ruhi xarakteridir. Şəxsiyyət olaraq sonrakı faktorlar isə təbii ki, ailə və
 bu üçünün arasında sanki bir mübarizə gedir. Həmişə əvvəllər bizdə ailə tərbiyəsinin təsiri daha çox idi, ona görə daha tərbiyəli, düzgün uşaqlar formalaşırdı. Təəssüf ki, son vaxtlar ətraf mühitin təsiri ailə təsirini üstələyib. Bu da onunla bağlıdır ki, birincisi kobud desək bizim cəmiyyətdə əksər valideynlər uşağa tərbiyə verməyin başını buraxıblar. Uşağı tam sərbəstlik, azadlıq adı altında ətraf mühitin təsirini ətraf mühitin təsirinə buraxıblar. Ətraf mühit də real dünya və virtual dünyadan ibarətdir. Real dünyanın da virtual dünyanın da nə vəziyyətdə olduğunu görürük. Valideynlər körpə uşaqların əlinə bir smartfon verərək onları qorxunc bir virtual dünyanın caynağına buraxırlar. Orda da psixotron terror elementlərindən tutmuş çox sayda insan psixologiyasının xarakterini darmadağın edən resurslar, materiallar doludur. Beləliklə, ətraf mühitin təsiri ailə təsirinə üstün gəlir. Bu səbəbdən indiki insanların formalaşmasında şəxsi olaraq özünün və ailənin təsiri çox azalıb, ətraf mühitin təsiri çoxalıb. Hamı öz həyatında, xüsusən də yeniyetmə gənclər, ətrafdakı trendlər, dəblər formalaşmış streotiplər də demək yeni trendlərin tələblərinlə yaşamağa çalışır. Baxın, bir çox normal şeylər dəbdən düşür, yeni xarakterlər, davranışlar formalaşır. Bu artıq o deməkdir ki, insan özünün və ailədə aldığı tərbiyənin yox, ətraf mühitin təsiri ilə əldə olunan xarakterə malik olur. Tərbiyə məsələsində belədir ki, bizim milli mənəvi dəyərlər sistemimiz var və 1000 illərdir normal bir formalaşmış ənənələr var idi. Amma son vaxtlar bu bəzi müasirlik adı altında təbliğatlar nəticəsində gözdən salınır və artıq bu formada qəbul olunur.

Sosial məsələlər üzrə ekspert Lalə Mehralı:

-Əslində xarakter genlərdən formalaşan bir xüsusiyyətdir. İnsan xarakteri aldığı genlər və kodlar sayəsində ana bətnindən formalaşmağa başlayır. Daha sonrakı mərhələ ana südü ilə qidalandığı dövr, danışmağa və tərbiyə almağa başladığı ailə mühiti, bağça, məktəb və çevrə. Bunların hər birinin həyatımızda payı var. Bu pay olduğumuz mühitə, ailəyə və çevrəmizə görə faiz nisbətini dəyişə bilir. Ata və ana fiquru daha öndə olan ailə sistemidirsə, bu zaman ailə tərbiyəsi xarakterdə daha basqın, daha qabarıq olur. Amma ailədə müəyyən səbəblərdən o diqqəti, qayğını, tərbiyəni, təlimi görməyən uşaqlar təbii ki, çevrəsindən təsirlənməyə başlayır. İndi elə bir dövrdür ki, həm texnoloji imkanların əsirinə çevrildiyimiz üçün, həm daha çox işlədiyimiz və daha çox qazanmaq məcburiyyətində olduğumuz üçün övladlarımıza vaxt ayırmaq problemi də olur. Doğrudur, kimi bunu zərurətdən, işdən vaxtı qalmadığına görə edir. Amma sadəcə övladına vaxt ayırmağı gərəksiz hesab eləyən, bunun yerinə telefonla, televizorla internetlə daha çox vaxt keçirən valideynlər də kifayət qədər çoxdur. Bu kimi vəziyyətlərdə təbii olaraq, uşaq qalır başlı-başına və ya çevirənin, ya internetin, ya zərərli vərdişi olan ətrafının, mühitinin təsirinə düşür. Ona görə də xarakterin formalaşması ilə elə ana bətnindən ciddi formada məşğul olmaq lazımdır. Süd əmdiyi dövrdə ananın yaşadığı mühit, ananın keçirdiyi stress və yaxud da ki, xoş duyğular fərqi yoxdur, hansı duyğunu keçirir, yaxşı duyğu, pis duyğu onun hamısı uşağın xarakterində özünü göstərir. Əslində elə elə xarakterizə eləyirlər ki, guya uşaq tərbiyə aldığı üç-beş yaşlarından xarakter formalaşır, amma tamamilə yanlış fikirdir. Bizim xarakterimiz anamızın bətnində olarkən bizə ötürülən kodlarla formalaşır.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
olaylar.az

1Источники