RU

Tarixdə bu gün: Zərdabi məqaləsində nələr yazıbmış -ŞOK FAKTLAR

Bu gün Azərbaycanın görkəmli publisist və pedaqoqu, Azərbaycan milli mətbuatının banisi,  "Əkinçi" qəzetinin redaktoru Həsən bəy Zərdabinin doğum günüdür. 

Həsən bəy Zərdabi həm Xeyriyyə Cəmiyyəti, teatr və müəllimlik yolu ilə, həm də ana dilində ilk qəzeti təsis etməsi ilə Azərbaycanda maarifçilik hərəkatı və mədəniyyətin inkişafında böyük iz qoyub. Ədib "Əkinçi" qəzetinin təsisi zamanı başına gələn hadisələri, çəkdiyi maddi və mənəvi sıxıntıların bir hissəsini Həyat qəzetində yazdığı "Rusiyada əvvəlimçi türk qəzeti" adlı məqaləsində qeyd edib. 
"Sherg.az" tarixiliyini və maraqlılığını nəzərə alaraq  bu nadir məqaləni oxuculara təqdim edir:

Dünyada ittifaq olmasa, heç bir cəmiyyət işi bina tutmaz. Bizim sabiq cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdəki qonşularımız elm təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülkü malımıza sahib olurlar və bir az vaxtdan sonra biz onlara rəncbərlik edib, onların malını daşımaqdan ötrü kirəkeşlik edəcəyik. Belədə nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürür ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz, mürür ilə qanmazın başını deşib onun beyninə əsər edər. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi, və suyu axmağa qoymurdu rəxnə tapar və su mürür ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar.

Bəs qəzeti necə çıxardım? Pul yox, çapçı yoldaşı yox, kitabxana yox, hürufat yox, əmələ yox. 1-2 yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır.

Bizim qubernator mütəvəffi general Staroselski, doğrudur xalis rus idi, amma övrəti gürcü qızı idi. Ona görə Qafqazın yer əhlini artıq dost tuturdu. Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını "Əkinçi" qoyum ki, guya məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib izin aldım.

1875-ci sənənin iyul ayında gedib İstanbulda 10 pud hürufat alıb, avqust ayında qayıdıb gəldim. Hürufat qışda gəlib çatdı. Əlahiddə basmaxana açmağa pulum olmadı. Ona görə Staroselski mənim hürufatımı qubernski pravleniyanın basmaxanası üçün satın aldı. Kağız və qeyri mayəhtacı hazırlayıb "Əkinçi" qəzetini çıxarmağı 1875-ci sənənin iyul ayının 22-də başladım. İyul ayına qəzetin açılmasını salmaqdan muradım o idi ki, zikr olan erməni Minasovdan başqa, türk hürufatı düzən tapılmadı. O da bircə bacısı oğlunu gətirib, yanında şagird saxladı. Belə labüd qalıb mən özüm də ona gərək kömək edəydim. İyul ayınacan 100 müştərim var idi ki, hərəsindən 3 manat, cümlətanı 300 manat vüsul olmuşdu. Qubernator da naçalniklərə hökm yazdı ki, hər kəndin yüzbaşısı qəzet alsın. Bu tövr ilə 300 də müştərim artdı ki, cümlətanı 1200 manata qədər qəzet satılmaqdan vüsul oldu. Qəzeti əldə satdırmaq və elannamə basdırmaq da ki, o vaxtda yox idi, qəzeti 8-9 yüzə qədər basdırdım. Onun 400-nü müştəri olanlara və artığını Bakının küçə və bazarlarında paylatmaqdan savayı, qeyri şəhərlərə də müftə göndərirdim ki, qəzeti oxumağa adət eləsinlər.

Yanvarın 1-dən 400-ə qədər müştərim var idi, üç manatdan. Novruzdan sonra qəzetin vərəqlərini böyükləndirdim və o ilin payızında qəzeti həftədə bir dəfə çıxardım. Çünki yazıçı yoldaşlarım günü-gündən artırdı və Minasov öz bacısı oğlu ilə işə artıq öyrənmişdi. İl qurtaranda hesabını çəkib gördüm ki, 1000 manata qədər zərərim var. Üçüncü, 1877 sənədə yüzbaşılardan savay 400-ə qədər müştərim var idi. Mənim əvvəlinci köməkçilərim şagirdlərim idi. Onlar yazmaqdan savay qəzeti müftə paylamağa, poçta verməyə də kömək edirdilər. Onların hamısı qəzet oxumaq ilə yazıb-oxumağı öyrənmiş idilər və öz vətən dilində qəzeti görəndə çox şad olurdular. O günü onlar üçün bir böyük bayram olurdu.

"Əkinçi"nin əvvəlinci bədbəxtliyi qubernator Staroselskinin Bakıdan getməyi oldu. Ondan sonra vitse-qubernator bir yoğun senzor oldu. İkinci və böyük bədbəxtliyi Osmanlı davası başlamağı oldu. Nə qədər Osmanlı davası başlanmamış idi, bir tövr bu yoğun ilə yola gedirdim. Elə ki dava başlandı, özləri rus olmayan, amma rus dövlətinə ixlas göstərmək istəyənlər əz cümlə bu yoğun hər bir cəhətdə artıq diqqət edib qəzet çıxarmağı düşvar elədilər. "Əkinçi"yə ixtiyar vermişdilər ki, siyasi xəbərləri qeyri qəzetlərdən çap eləsin. Amma onların birisini də çap etməyə qoymadılar və bir tərəfdən də müştərilərimiz dava xəbəri istəyirlərdi. Senzordan təvəqqə elədim ki, özü qeyri qəzetlərində siyasi xəbərləri də göstərsin ki, hansıları çap etmək mümkündür. Ona da razı olmayıb, izin verdi ki, dövlət tərəfindən hər gündə gələn telləri çap edim. Əlbəttə, həftədə bir dəfə çıxan qəzetdə bir həftənin müddətində gələn tellərin hamısını çap etmək mümkün deyil idi. Çünki hər gündə 2-3 yüz sətirə qədər tel gəlirdi və onlardan seçib lazım olan qədərini də basdırmağa qoymadılar. Xülasə, siyasi xəbərləri basmaq mümkün olmadı və müştərilər məndən çox narazı oldular.

Elə ki, Dağıstanda şuluqluq başlandı, "Əkinçi"nin günü dəxi artıq qara oldu: bir gün Nəcəf bəy Vəzirovun məqaləsini ki, Moskvadan göndərmişdi, vermişdim düzməyə. Məqalədə bir dərviş bazarda dükanların qabağında qəsidələr oxuyub, onları elm təhsil etməyə çağırırdı. Senzor qol çəkib çap olmağa izin vermişdi. Qəzet çap olub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni bağlayıb məni istədilər. Gedib gördüm ki, mənim Minasovum oradadır. Qubernator buyurdu ki, dərvişin sözlərinin qeyri mənası var. Ona görə nömrəni bağlayıb sənə hökm edirəm ki, bir qeyri nömrə çap edəsən. 

Bu tövr mən istəyirdim qəzeti vaxtilə bağlayıb dava qurtarandan sonra çıxardım. Amma müsəlmanların düşmənləri əl çəkmirdilər. Bir gün gimnaziyanın direktoru mənə məlum elədi ki, sərdarın hökmünə görə Yekaterinodar şəhərinin gimnaziyasına müəllim gedəm. Ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim. Dava qurtardı, amma mənim Bakıda qalmağım müşkül oldu. Padşahlıq qulluğuna məni götürmədilər və bakılılardan heç kəs məni qulluğa götürmədi. 1-2 yerdə cəmiyyət qulluğuna girmək istədim, amma məni seçkidən qaraladılar və qaralayanlar da Bakı müsəlmanları oldu ki, oraya xaricilərdən intixab etdilər. Belədə mən nə ki, "Əkinçi"ni dəxi çıxarda bilmədim, hətta Bakıda da qala bilməyib öz kəndimizə köçüb getdim.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
sherg.az

1Источники