2023-cü ilin sentyabrı idi. "Qarabağ"ın prezidenti Tahir Gözəl media mənsubları ilə görüş keçirdi.

Klub rəhbəri Ağdam təmsilçisində olan problemləri birbaşa jurnalistlərdən eşitmək istəyirdi. 

"Qarabağ"ın əsas komandası həm yerli çempionatda, həm də avrokuboklarda uğurlar əldə edirdi. Lakin akademiyada nəticələr ürəkaçan deyildi. Təbii ki, jurnalistlərin əsas narazılıqları bu istiqamətdə idi. Çünki uşaq futbolu bizim üçün vacib məqamlardandır. Buradakı gerilik ümumi futbolumuza böyük təsir göstərir. 

10 il ardıcıl olaraq avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" kimi klubun akademiyasının bu durumda olması qəbuledilməz idi. Təbii ki, klub rəhbəri dərhal bu məsələyə reaksiya verdi. Tahir Gözəl yeni akademiya formalaşdırmaq istədiklərini media mənsublarının diqqətinə çatdırdı:

“Tezliklə böyük akademiya layihəsinin icrasına başlanacaq. “Qarabağ” adına layiq, heç bir qüsuru olmayan, yüksək səviyyəli futbolçuların yetişəcəyi akademiya açılacaq. Akademiyanın inkişafında baş məşqçi Qurban Qurbanovun bizim yanımızda olması lazımdır. Akademiyanın durumundan narazıyıq, lakin yüksək səviyyəli işin görülməsi üçün bizim böyük torpaq sahəmiz olmalıdır. İstəyirik ki, akademiyada hər cür şərait yaradaq, 4-5 məşq meydançamız olsun, ən istedadlı futbolçuları yetişdirə bilək. Biz dövlətdən torpaq sahəsi istəyirik. Qaraçuxurda belə bir torpaq sahəsinə baxmışıq, amma oranın ixtiyarımıza verilməsi lazımdır. Aftandil Hacıyevin “Qarabağ” akademiyasını koordinatoru vəzifəsinə təyinatından sonra irəliyə doğru inkişaf hiss olunur. Amma bu, tam bizim istədiyimiz səviyyədə deyil. Ona lazımi şəraiti yaratmalıyıq”.

Həmin görüşdən sonra "Qarabağ"da bir hərəkətlilik yaşandı. Klubun akademiyasına tanınmış simalar cəlb olundu. "Şamaxı"da Premyer Liqa təcrübəsi qazanmış, PRO kateqoriyası olan Vüqar Əsgərli U15, klubun və Azərbaycan futbolunun tanınmış simalarından olan Rəşad Sadiqov isə U16 komandasının baş məşqçisi oldu. Uzun illər "Qəbələ" akademiyasında çalışan Nail Kərimov klubun sıralarına qoşuldu. Təbii ki, bu təyinatlar öz sözünü deməli idi. Belə də oldu. Klubun akademiyası ardıcıl olaraq uğurlara imza atdı.

Əvvəlcə U14 komandası Minskdə beynəlxalq turnirdə çempion oldu. Daha sonra isə ölkədaxili uğurlar gəlməyə başladı.

Əvvəlcə U13 komandası finalda əzəli rəqib "Neftçi"ni minimal hesabla məğlub edərək mövsümün qalibi oldu.

Daha sonra U14 cari "futbol ili"ndə ikinci dəfə çempionluq sevinci yaşandı. Minskdəki turnirin qalibləri final matçında "Sabah"ı 2:1 hesabı ilə üstələməyi bacardı.

Növbəti uğur isə Vüqar Əsgərlinin komandasından gəldi. Finalda "Sabah"la qarşılaşan "Qarabağ"ın U15 komandası çətin qələbə qazandı. 2:2 hesabı ilə bitən matçın taleyini penaltilər seriyası həll etdi. Burada ağdamlılar 18:17 hesabı ilə qalib gəldilər.

Növbəti uğur isə Rəşad Sadiqovun komandasından gözlənilir. U16 kollektivi 1/4 finala vəsiqə qazanıb. Bu komandanın da mükafatçılar sırasında düşəcəyi şübhə doğurmur.

"Qarabağ"ın akademiyası qısa zamanda böyük dəyişiklər edərək uğur əldə etməyi bacardı. Kollektivə yeni qoşulan şəxslərdən maksimum nəticələr tələb olundu. Bir sözlə, onsuz da uğur əldə etməyi bacaran, Azərbaycan futboluna töhvələr verən "Qarabağ"ın indi akademiyası da ölkənin ən yaxşısıdır...