RU

Makron üçün sonun başlanğıcı

Pərvanə SULTANOVA [email protected]


Avropa Parlamentinə keçirilən seçkilərdə rüsvayçı məğlubiyyətə uğrayan Fransa prezidenti Emmanuel Makron çətin vəziyyətə düşüb. Məğlubiyyətdən sonra parlamentin buraxılması və erkən seçkilər barədə qərar verən Makronun bu addımı nə ölkə daxilində, nə də beynəlxalq müstəvidə dəstək aldı. Bu, kifayət qədər riskli və siyasi böhran yaradacaq addım hesab olunur. Başqa sözlə, erkən parlament seçkiləri Makronun sonunun başlanğıcı da ola bilər.

Məlumdur ki, hazırda onun rəhbərlik etdiyi İntibah partiyasının şansları çox zəif qiymətləndirilir. İfrat sağçılar isə əksinə olaraq populyarlığın zirvəsindədir və seçkilərdə qələbə qazanmaq, Nazirlər Kabinetini formalaşdırmaq iddiasındadırlar. Əlbəttə ki, Makronun erkən seçkilərdə  məğlubiyyəti gözləniləndir. Bunun ilk siqnalı Avropa Parlamentinə keçirilən seçkilər oldu. Hakim partiyanın səsi 15 faizə belə çatmadı. Fransızların hakimiyyətə etimadsızlığı üçün səbəblər çoxdur. Makron hakimiyyətə olduğu müddətdə həm daxili siyasətdə, həm də xarici siyasətdə uğursuzluğa düçar olub. Məhz onun hakimiyyəti dönəmində Fransa etiraz aksiyalarının, iğtişaşların meydanına çevrilib. “Sarı jiletlilər” hərəkatı bunun ən bariz nümunəsidir. Ölkə sosial problemlərin girdabında boğulur. Amma Makron bütün bunları görmək istəməyərək insanların sosial vəziyyətini daha da ağırlaşdıran qərarlara imza atmaqdadır. Onun görmək istəmədiklərinin nəticəsidir ki, bu gün xalq da onu hakimiyyətdə görmək istəmir.

Son illərdə haqlı olaraq öz müstəqilliklərini tələb edən dənizaşırı ərazilərdə daha amansız tədbirlərə əl atılır, insanların səsləri boğulur, haqları əllərindən alınır. Makronun qəbul etdiyi qərarlar isə  vəziyyətin daha da pisləşməsinə gətirib çıxarır.

Fransa lideri daxili problemlərə əhəmiyyət vermədən beynəlxalq məsələlərdə aparıcı rol almağa çalışdı, amma burda da fiaskoya uğradı. Onun Cənubi Qafqaza müdaxilə cəhdləri, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliləməsinə əngəl yaratmaq üçün müxtəlif hiylələrə əl atması, Ermənistanı silahlandırması, yeni müharibəyə təhrik etməsi, eyni zamanda digər regionlarda, Afrika qitəsində, Yaxın Şərqdəki addımları özünün əleyhinə işlədi. Qlobal liderə çevrilmək istəyərkən ölkə daxilində belə nüfuzu qalmayan cılız, uğursuz və zəif bir siyasətçiyə çevrildi.

İndi iyunun 30-da və iyulun 7-də keçiriləcək parlament seçkiləri Makron üçün daha ağır məğlubiyyət vəd edir.  Sol partiyalar artıq hərəkətə keçib, çünki yaxşı anlayırlar ki, sağçıların qələbəsi ona gətirəcək ki, indiki prezident çoxluğundan heç nə qalmayacaq.

Avropa Parlamenti seçkilərindən fərqli olaraq, bu kampaniya iki turda keçirilir. Heç bir namizəd qeydə alınmış seçicilərin ən azı dörddə birinin iştirak etdiyi bölgədə 50%-dən çox səs toplamasa, hər şey iyulun 7-də həll olunacaq. Səslərin 12,5%-dən çoxunu toplayan istənilən namizəd ikinci turda iştirak edə bilər. İki belə iştirakçı ola bilər, o zaman bu "duel"dir, əgər üç rəqib varsa, ona "üçbucaq" deyilir. Fransa Milli Assambleyasının tərkibi 577 üzvdən ibarətdir.

Bəs ifrat sağçıların lideri Marin Le Penin partiyası mütləq səs çoxluğu əldə edəcəkmi? Rekord müddətdə bir araya gələn yeni sol blok ifrat sağı dayandırmaq iqtidarındadır? Makronu nə gözləyir?

Əvvəlcə onu qeyd etmək lazımdır ki, Fransada güclü prezident və nüfuzlu parlament arasında balansın olması ilə xarakterizə olunan qarışıq idarəetmə forması var. Parlament sistemli əksər ölkələrdən fərqli olaraq (Böyük Britaniya və ya Kanadanı düşünün) dövlət başçısı birbaşa xalq tərəfindən seçilir ki, bu da ona əlavə səlahiyyət və legitimlik verir. 1958-ci il Konstitusiyası Fransanın Beşinci Respublika adlanan siyasi sistemini idarə edir.

Dördüncü Respublika zamanında hökumətdə böyük qeyri-sabitlik dövründən sonra parlamentin səlahiyyətlərini məhdudlaşdıran qanunlar qəbul edildi. 1962-ci ildə referendum nəticəsində prezidentin seçilməsi proseduru dəyişdirildi. O vaxtdan dövlət başçısı ümumi səsvermə yolu ilə seçilir.

Bordo Universitetinin eksperti Aleksandr Framberi hesab edir ki, həmin andan etibarən prezidentlik institutu daha da möhkəmləndi. O mənada ki, vətəndaşlar parlament üzvlərindən daha çox prezidentə diqqət yetirməyə başladılar, halbuki parlamentarilərə daha çox diqqət yetirilməli idi və bu gün biz bunu çox yaxşı başa düşürük. Çünki yeni konstitusiya prezidentə parlamenti buraxmaq və ya referendum təyin etmək kimi xüsusi səlahiyyətlər verib.

Fransada parlament seçkilərindən sonra xarici ekspertlər əsasən dörd ssenari proqnozlaşdırırlar.

Birinci ssenariyə görə, əgər hansısa möcüzə ilə Makronun liberal partiyası 289 mandat qazanarsa və mütləq çoxluğu təmin edərsə, indiki hökumətin azsaylı məşhur üzvlərindən biri olan Qabriel Attal baş nazir olaraq qalacaq. Amma sorğulara görə, hələ ki, birinci bir neçə gün qalmış belə bir nəticənin əldə olunması ehtimalı az görünür.

İkincisi, əgər makronistlər nisbi çoxluq (230-245 yer) əldə edərlərsə, o zaman 2022-ci ildən bəri davam edən ssenari təkrarlanacaq: müəyyən qanunların qəbulu üçün prezidentin şərikləri digər fraksiyaların bir neçə onlarla deputatının dəstəyini almalıdırlar.

Növbəti ehtimala görə, heç bir partiya səs çoxluğu qazana bilməsə və hakim koalisiya qurulmasa, bu, dalana səbəb ola bilər. Çoxları üçün bu ssenari narahatlıq doğurur, çünki bu, Fransa üçün bir presedentdir.

Ekspert Framberinin sözlərinə görə, belə olan halda, Fransanı irəli aparacaq genişmiqyaslı islahatları davam etdirmək daha çətin olacaq, bunun əvəzinə özümüzü durğunluq vəziyyətində tapacağıq: “Bir şey dəqiqdir: mövcud vəziyyəti həll etmək üçün bir il ərzində növbəti seçki təyin etmək mümkün olmayacaq”.

Analitiklər hesab edirlər ki, siyasi iflic şəraitində Emmanuel Makron üçün həll yollarından biri istefa olardı. Lakin Fransa liderinin özü indiyədək belə bir ehtimalı istisna edib. Nə parlament, nə də hökumət onu bu addımı atmağa məcbur edə bilməz.

Başqa bir mümkün ssenarisi isə budur ki, mütləq çoxluğu ifrat sağçı Milli Birlik və ya solçu Yeni Xalq Cəbhəsi koalisiyası qazanarsa, o zaman prezident qalib partiyanın liderləri arasından baş nazir seçməli olacaq. Fransada bunu "birgəyaşam" ("cohabitation") termini ilə ifadə olunur. İfrat sağçıların baş nazirliyə namizəd məlumdur, bu, Jordan Bardelladır.

Sol bloka bir çox partiyalar daxildir və güman edilir ki, ən böyük fraksiya öz tərəfdaşlarını, daha sonra isə prezidentə öz namizədini təklif edəcək.

Yada salaq ki, Fransada keçmişdə də oxşar hallar olub. Beşinci Respublikanın mövcudluğu dövründə üç dəfə belə bir vəziyyət yaranıb ki, parlament seçkilərində müxalifət partiyası qalib gəlib və ölkəni ayrı-ayrı siyasi düşərgələrdən olan prezident və baş nazir idarə edib.

Amma həmin vəziyyətlərdə hökumət dalana dirənməyib. Yəni indiki kimi çətin vəziyyət olmayıb. Məsələn, sonuncu dəfə Jak Şirak və Lionel Jospenin dönəmində birgəyaşam tətbiq edilib. Sağ mərkəzçi prezident daha güclü səs çoxluğu qazanacağını düşünərək parlamenti buraxıb, lakin gözlənilmədən Sosialist Partiyasının rəhbərlik etdiyi solçu koalisiyaya seçkiləri uduzub. Jospen 2002-ci ilə qədər hökumətə rəhbərlik edib. O, prezidentin düşərgəsinin qarşı çıxdığı müxtəlif qanunları, məsələn, 35 saatlıq iş həftəsi, səhiyyə xidmətlərinə universal çıxış və eynicinsli cütlüklər üçün mülki tərəfdaşlıq kimi qanunları qəbul etməyi bacarıb.

Bəs Makron və ifrat sağçılar arasında potensial birgəyaşayış necə görünə bilər?

İfrat sağçı avropalı deputat Jordan Bardella Milli Birliyin mütləq səs çoxluğu qazanacağı təqdirdə baş nazir postuna əsas namizəd adlandırılsa da, Fransa hökumətinin başçısını məhz prezident seçir. Məsələn, sağçılar səs çoxluğu əldə etsə belə, Makron Le Peni baş nazir vəzifəsinə zəruri hesab edə bilər, o, bu vəzifədən imtina edə bilər. Bu, Makronun Jordan Bardella və ya bu işi görməyə razı olan başqa birinin adını çəkənə qədər davam edəcək. Bununla belə, prezident silahlı qüvvələrə komandanlıq etmək və xarici siyasət aparmaq, xüsusən də beynəlxalq müqavilələrin ratifikasiyası və səfirlərin akkreditasiyası kimi müəyyən səlahiyyətləri özündə saxlayır. Amma istənilən halda Fransanın daxili siyasətini Milli Assambleyada mütləq çoxluğu qazanacaq partiya müəyyən edəcək.

Əgər prezident konkret qanunla razı deyilsə, onu Konstitusiya Şurasına göndərə və ya qanunverici orqanda ikinci oxunuşda səsverməni tələb edə bilər. Amma son nəticədə Konstitusiya Şurası özünü səriştəsiz hesab edərsə və ya deputatlar qanuna ikinci dəfə səs verərsə, dövlət başçısı onu imzalamalı olacaq.

Hər bir halda, Makron hakimiyyətini çətin dönəm gözləyir. Fransada birgəyaşam olacaqsa, o zaman baş nazirlə prezident arasında gərginlik, siyasi böhran qaçılmazdır.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
525.az

1Источники