RU

Bölgənin ən güclü Ordusu!

Rəsmi İrəvan “çəhrayı eynəyini” çıxarmalıdır...

2020-ci ildə baş tutmuş Vətən müharibəsi və 2023-cü ildə reallaşan antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Bu fakt həm də tarixi və beynəlxalq ədalətin bərpası yolunda mühüm bir addım kimi yadda qaldı. Vurğulanmalıdır ki, ötən 30 illik işğal dövründə Azərbaycan hər zaman problemin sülh müstəvisində, ərazi bütövlüyümüz çərçivəsində həllini tələb edirdi. Dövlətimiz hər zaman bəyan edirdi ki, tarixə qovuşmuş münaqişənin Azərbaycanın ərazi bütövlüyündən kənar həlli yoxdur, ola da bilməz. 

Qriqoryanın növbəti yalanı...

Bəli, Azərbaycan bu dövr ərzində daima Ermənistanın sülh mövqeyinə gəlməsi üçün çağırışlar edib. Rəsmi İrəvan isə işğal etdiyi torpaqları azad etmək yerinə, yeni əraziləri tutmaq, qeyri-real bəyanatlar səsləndirməklə məşğul idi. Nəticədə Azərbaycan dövləti bəyan etdiyi kimi, əbədi olaraq işğal faktı ilə barışmayacağını ortaya qoydu -Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı BMT TŞ-nin 4 qətnaməsinin icrası 30 ildən sonra ordumuz tərəfindən yerinə yetirildi. Bunun sülh şəraitində deyil, müharibə yolu ilə reallaşması isə Ermənəistanın beynəlxalq hüquqa riayət etməməsinin nəticəsində baş verdi. Eyni zamanda, Azərbaycan bu prosesi öz gücünə - Silahlı Qüvvələrinin qətiyyəti, xalq-dövlət birliyinin təminatı ilə reallaşdırdı. İllərdir ki, hərbi gücünü, qüdrətini artıran, yeni, müasir silahlarla arsenalını zənginləşdirən, hərbi kadr potensialını gücləndirən Azərbaycanın Ordusunun bu müharibədə göstərdiyi rəşadət bütün dünya tərəfindən təqdir və etiraf edilir. 

Təəssüfləndirici haldır ki, Ermənistanın bəzi dairələri ölkəmizin əldə etdiyi bu parlaq qələbəyə kölgə salmaq, sülh prosesinin inkişafına mane olmaq üçün yeni “manevrlər” əl atırlar. 2020-ci ildə Azərbaycanın müharibəni dayandırması, kapitulyasiya imzalamaq üçün bütün ölkələrə yalvaran, hətta Kremlə dəfələrlə zənglər vuraraq Rusiyadan vasitəçi olmasını xahiş edən Ermənistan yenə də siyasi təhriflərə yol verir, bu ölkənin bəzi dövlət adamları əsassız sərsəmləmələrlə yadda qalırlar. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında qeyri-real fikirlər səsləndirərək özünün uydurmalarını “bölüşüb”. Sitat: “Rusiya gəlib Qarabağı bizim əlimizdən alıb Azərbaycana qaytardı. Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi”.

Azərbaycanın hərbi gücü, Ermənistanın 11 minə yaxın fərarisi...

Vurğulandığı kimi, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Ümumiyyətlə, yüksək döyüş hazırlığına malik olan Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni icra etmək gücündədir - bu faktdır ki, 2020-ci ildə Ermənistan təslimçilik bəyanatına imza atan dövrdə bütün hərbi gücü darmadağın edilmişdi. Erməni ordusunda müharibə dövründə fərariliyin kütləvi hal alması faktı baş nazir Nikol Paşinyan, digər siyasi rəhbərlər tərəfindən etiraf olunub. Bildirilib ki, 2020-ci ildə 44 günlük müharibədə Ermənistan Ordusunun təxminən 25%-i - 11 min nəfərə yaxını fərarilik edib, döyüşlərdən qaçıb. Hətta Ermənistanın baş naziri Paşinyanın könüllü cəbhəyə yollanmaq üçün erməni xalqına müraciətləri, çağırışları da cəmiyyətdə heç bir reaksiya yaratmamışdı -  erməni gəncləri Paşinyanın çağırışlarını cavabsız buraxmış, zorla ordu sıralarına cəlb edilənlər isə çıxış yolunu qaçmaqda görmüşdülər. 2023-cü ildə isə cəmisi 23 saat ərzində separatçı rejim tərk-silah edilmiş, xuntaya son qoyulmuş, milyardlarla qiyməti olan hərbi silah-sursat müsadirə edilmişdi. Yəni Azərbaycanın hərbi gücünün Ermənistan ilə müqayisəsi belə yersizdir - Qriqoryanın fikirləri isə şər-böhtan, növbəti əsassız erməni yalanından başqa bir şey deyil. 

Rusiyadan reaksiyalar...

Qriqoryanın fikirlərinə Rusiya tərəfindən də maraqlı reaksiyalar verilib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qriqoryanın “bəyanatını” şərh edərkən bildirib ki, “elə şeylər var ki, onları tibbi təhsil olmadan şərh etmək olmaz”.

“Doğrudanmı o, bunu deyib? Bu, hansı ildə baş verib? Bu adamın adı nədir? Qarşı tərəfdən uydurulmuş tezisi özlərinə qaytarmaq istərdim: bəlkə də söhbət hansısa katibədən gedir. Elə şeylər var ki, onları tibbi təhsil olmadan şərh etmək olmaz. Bu sahədə heç bir bacarıq tətbiq etmək imkanım yoxdur. Ancaq buna başqa cür yanaşmaq mümkün deyil”, - deyə Zaxarova bildirib.

Zaxarova əlavə edib ki, Qriqoryan Qarabağın itirilməsinə görə Rusiyanı günahlandıraraq öz xalqını aşağılayıb.

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin də bildirib ki, Qarabağı Azərbaycana Rusiya “verməyib”, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dedikləri tamamilə yalandır. “Erməni siyasətçilərinin, o cümlədən ali rəhbərliyin səs yazılarına və çıxışlarına istinad etmək lazımdır. Bu sualların cavabları artıq orada mövcuddur. O qeydlər məlumdur, qoy oxusun”, - deyə Karasin bildirib.

Hətta ermənipərəst mövqeyi ilə tanınan Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin də Qriqoryanın “Rusiya Qarabağı Azərbaycana qaytardı” açıqlamasını açıq-aşkar yalan adlandırıb. “Qriqoryan onu işə götürən Nikol Paşinyandan da böyük rusofobdur. Bir sıra hallarda rəhbərinin ağlına gələni Qriqoryan öz dili ilə açıq ifadə edir. Bu halda söhbət açıq-aşkar yalandan gedir. Qarabağ məsələsi Paşinyan üçün lazımsız olmaqla yanaşı, həm də daxildə zərərlidir. Ona görə də, Nikol qərbli dostlarının yolu ilə getməyə üstünlük verib”, - deyə Zatulin vurğulayıb.

S.İSMAYILZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
yeniazerbaycan.com

1Источники