RU

Azərbaycanın Avropadan hərbi texnika alışının böyük mərhələsi başladı...

Image

Yəhya Babanlı: “Hətta bundan dərs almaq gərəkdir...”

Məlum olduğu kimi, Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub. 

Tədbirdə İtaliyanın müdafiə naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli, “Leonardo” şirkətinin prezidenti Stefano Pontekorvo iştirak edib.

O da məlumdur ki, Qarabağ məsələsinə görə Avropa İttifaqı ölkələri Azərbaycana silah satmırdı. Artıq Aİ üzvü olmayan Serbiya, Aİ üzvü olan Çexiya Azərbaycana silah satır. Nəzərə almaq lazımdır ki, Fransa artıq neçə vaxtdır Ermənistana hücum silahları verməyə başlayıb. Bu baxımdan İtaliyanın “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsini ölkəmizə verməsi Qərbi Avropa ölkələrinin Azərbaycana silah satışı qadağasının götürülməsində nə kimi rol oynayacaq?

“İtaliyanın bu addımı Aİ-nin digər dövlətləri ilə Azərbaycanın yeni mərhələdə əlaqələrinin inkişafına təsir edə bilər” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən tarix üzrə fəlsəfə doktoru, politoloq Yəhya Babanlı buna bir neçə prizmadan yanaşdı: “Əvvəla, Azərbaycanın milli müdafiəsini və regional təhlükəsizliyini təmin etmək üçün öz ponsialını artırması normal haldı və başadüşüləndir. Hərbi avadanlıq və texnikaya gəldikdə, bu geniş anlayışdır. Müdafiə sahəsi və sənayesi təkcə müharibə və ya döyüş mənasını ifadə etmir. Bura texniki təminat və təchizat, təlim-məşq toplantıları və s.daxildir. “C-27J Spartan” tipli hərbi hava nəqliyyat gəmisi də müvafiq məqsədlərdə istismar edilə bilər. Azərbaycan Respublikasının Avropa qitəsinin və ittifaqının aparıcı dövlətlərindən biri olan İtaliya Respublikası ilə hərbi sahədə əməkdaşlığına obyektiv baxmaq lazımdır. Hətta bundan dərs almaq gərəkdir. İstənilən istiqamətdə, habelə hərbi müdafiə sferasında Azərbaycan sağlam, etibarlı tərəfdaş, partnyordu. Ağıllı dövlətlər və siyasi hakimiyyətlər bu faktordan və iqtisadi maraqdan çıxış etməli və yararlanmalıdırlar. Azərbaycana silah satışı qadağasının götürülməsinə gəldikdə isə, bizim öz hərbi sənayemiz var. Müdafiə istehsalatımız mövcuddur. Əksər müdafiyəyönlü məhsulları özümüz istehsal etmək və ya strateji tərəfdaşımız olan ölkələrdən almaq imkanına malikik. Bu xüsusda bizə qeyri-obyektiv yanaşan 3-cü dərəcəli ölkələr özləri qadağaların götürülməsində maraqlı olmalıdır. Hərbi təmayüllü məhsullarının bazarını ağıllı şəkildə dəyərləndirməlidir. Dünyada, eləcə də regionda balansı qorumaq, sabitlik və təhlükəsizliyə nail olunması üçün ikili standartdan çəkinməlidirlər. İtaliyanın bu addımı Aİ-nin digər dövlətləri ilə Azərbaycanın yeni mərhələdə əlaqələrinin inkişafına təsir edə bilər”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
baki-xeber.com

1Источники