RU

Mərkəzi Asiyadan Qərbə ixrac Azərbaycansız qeyri-mümkün hala gəldi...

Image

ABŞ çalışır ki, Mərkəzi Asiyadan mal ixracı Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçsin. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib.

Diplomat qeyd edib ki, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac hazırda yalnız Çin və Rusiya vasitəsilə həyata keçirilir və alternativ yol üçün Azərbaycanla əməkdaşlıq etmək lazımdır: “Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə - potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək. Bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinə ehtiyacımız var”. 

Qeyd edək ki, burada Orta dəhlizin Zəngəzurdan keçən istiqaməti nəzərdə tutulur. Bu da o deməkdir ki, ABŞ Zəngəzur dəhlizinin açılmasında indi xüsusilə maraqlıdır. ABŞ onu da nəzərə alır ki, Orta Asiya ölkələri son dövrlərdə Azərbaycanla nəqliyyat və tranzit sahəsində sıx əməkdaşlığa başlayıb. Ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əlaqələrində dinamizm və intensivliyin artmasını zəruri edən amillərdən biri də Ukraynadakı müharibə fonunda alternativ tranzit-kommunikasiya xətlərinə duyulan ehtiyacdır. Azərbaycan mövcud imkanlardan bəhrələnərək bölgədə tranzit potensialını möhkəmləndirməklə, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağı və körpü rolunu oynayır. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra yeni reallıqların yarandığı Cənubi Qafqaz regionu ilə Mərkəzi Asiya arasında tarixən mövcud olmuş nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi strateji məsələ kimi meydana çıxıb. Mərkəzi Asiya ölkələri üçün də nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına alternativ yollarla çıxış əvvəl olduğundan indi daha çox əhəmiyyət kəsb edir. Yuxarıda qeyd olunduğu kimi Rusiya–Ukrayna müharibəsi Şimal marşrutu ətrafında qey­ri-müəyyənliklərin yaranmasına, bu dəhlizlə bağlı əməliyyat risqi­nin və xərclərin xeyli artmasına səbəb olub. Avropa və Çin arasın­da fasiləsiz ticarət əlaqələrini sax­lamaq üçün geosiyasi baxımdan təhlükəsiz və logistik cəhətdən əlverişli olan Orta Dəhliz Rusiya­dan yan keçməklə yüklərin daha sürətli daşınmasını təmin etməyə imkan verir. Bu isə Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliy­yat əlaqələrinin gücləndirilməsini şərtləndirən Orta Dəhlizin əhə­miyyətini daha da artırır. Qeyd edək ki, 4250 kilometr dəmir yolu xətlərindən və təx­minən 500 kilometr dəniz yolun­dan ibarət olan Orta dəhliz Çin­dən, Qazaxıstandan, qismən də Özbəkistan və Türkmənistandan keçməklə Xəzər dənizi, Azər­baycan və Gürcüstandan Qara dənizə uzanan multimodal quru və dəniz nəqliyyatı marşrutu kimi ölkəmizlə Aİ dövlətləri arasında dayanıqlı nəqliyyat əlaqələrinin səmərəli inkişafında və iqtisadi əlaqələrin genişləndirilməsində mühüm rol oynayır. 

Bundan başqa, enerji resursları məsələsi də indi xüsysu diqqət cəlb edir. Xatırladaq ki, 2023-cü ilin dekabrında Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq birgə kommünike imzalanıb. Müvafiq strukturların rəhbərləri tərəfindən imzalanan birgə kommünike bərpaolunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, yaşıl hidrogen və yaşıl ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunub. Sənədə əsasən, tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəliblər. Bu fonda Mərkəzi Asiya ölkələrindən enerji ixracında da Azərbaycan əsas tranzitlərdən biri olacaq. Bütün bunlar həm də onun nəticəsidir ki, Azərbaycanın xarici siyasətində türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da xüsusi yer tutur. Bu fonda Prezident İlham Əliyev qeyd edib: “Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır... Zənnimcə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir... Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik”. Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, gələcəkdə Zəngəzur dəhlizinin reallaşması ölkəmizi mühüm nəqliyyat qovşağına çevirib.  Bu gün Çindən, Mərkəzi Asiyadan Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımaları ölkəmizin ərazisindən keçir ki, bu da Azərbaycana marağı artırır. ABŞ rəsmilərinin verdiyi açıqlamalar da bunu təsdiq edir.

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
baki-xeber.com

1Источники