RU

Prezident İlham Əliyev AİB rəhbəri ilə inkişaf prioritetlərini müzakirə edib

İyun 27-də Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın strateji inkişaf prioritetlərini, o cümlədən yaşıl keçidlə əlaqədar mövzuları müzakirə etmək üçün görüş keçiriblər. Bizimyol.info xəbər verir ki, ölkəyə ilk rəsmi səfəri çərçivəsində Asakava, Azərbaycan Respublikası Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri ilə görüşüb. AİB prezidenti: “Biz hökumətin dayanıqlı, rəqabətədavamlı və inklüziv iqtisadiyyatı inkişaf etdirmək; insan kapitalının inkişafını genişləndirmək və ölkənin enerji keçidini sürətləndirilmək istiqamətində prioritetlərini yüksək qiymətləndiririk. Asiya İnkişaf Bankı və Azərbaycan arasında tərəfdaşlığın 25 illiyini qeyd etdiyimiz vaxtda, AİB ölkənin inkişaf məqsədlərinə dəstək olmaq öhdəliyini bir daha vurğulamaq istəyir”, - deyə qeyd edib. Masatsuqu Asakava və İlham Əliyev həmçinin AİB-in nəqliyyat əlaqələri, dayanıqlı şəhər nəqliyyatı, su layihələri, eləcə də yaşıl enerji dəhlizlərinin inkişafına dəstəyini müzakirə ediblər. Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30%-ə çatdırmağı hədəfləyir. Dünən o, Ələt qəsəbəsi yaxınlığında AİB tərəfindən 21,4 milyon dollar kreditlə birgə maliyyələşdirilən 230 meqavat gücündə günəş elektrik stansiyasına baş çəkib. Stansiya AİB-in Azərbaycanda ilk bərpa olunan enerji layihəsidir və ölkədə uzunmüddətli beynəlxalq inkişafın maliyyələşdirilməsini əhatə edən özəl sektorun bərpa olunan enerji sahəsinə ilk əhəmiyyətli investisiyasıdır. Asakava sabah ADA Universitetində “Dünyanın zirvələri əriyir: Azərbaycandakı buzlaqları qorumaq üçün müştərək fəaliyyətə çağırış” adlı çıxışında buzlaqların əriməsi məsələsinə diqqət çəkəcək. İqlim dəyişikliyi səbəbindən buzlaqların əriməsi yollar və körpülər kimi infrastruktur üçün daşqın risklərini artırır, eyni zamanda su axınlarının pozulması nəticəsində məhsul istehsalına təhlükə yaradır. 2025-ci il Buzlaqların Beynəlxalq Mühafizəsi İlidir. AİB, Asiya və Sakit Okean regionunun iqlim bankı kimi həm də noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim sammiti ərəfəsində potensialın gücləndirilməsi də daxil olmaqla, Azərbaycanın COP29-a sədrliyini dəstəkləyir. Azərbaycanın banka üzv olduğu 1999-cu ildən etibarən AİB nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı sahələri də daxil olmaqla dövlət və özəl sektora 5 milyard dollardan çox vəsait ayırıb. AİB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
1
bizimyol.info

2Источники