RU

Tehran meri prezident seçkilərinə bir gün qalmış namizədliyini geri götürüb

Tehran

Bakı, 27 iyun, AZƏRTAC

Tehran meri Əlirza Zəkani İranda keçiriləcək prezident seçkilərində mühafizəkarlar qanadından olan iki namizədin - parlamentin spikeri Məhəmməd Bağır Qalibafın və ruhani liderinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlilinin xeyrinə namizədliyini geri götürüb.

AZƏRTAC xəbər verir ki, Əlirza Zəkani bu barədə özünün sosial media hesabında yazıb.

“Mən seçki yarışının qanunla müəyyən edilən müddətinin sonuna çatmışam, lakin mərhum Prezident İbrahim Rəisinin kursunu davam etdirmək daha vacibdir. Səid Cəlili və Məhəmməd Bağır Qalibaf inqilab qüvvələrinin qanuni tələblərini cavabsız qoymayaraq birləşməli və üçüncü Ruhani (red: İranın sabiq prezidenti Həsən Ruhani) hökumətinin qurulmasına imkan verməməlidir”, - deyə Tehran meri bildirib.

2013-2021-ci illərdə İran prezidenti olmuş Həsən Ruhani islahatçı qanadın nümayəndəsidir. Ölkənin sabiq səhiyyə naziri Məsud Pezeşkiyan bu siyasi hərəkatın seçkilərdə yeganə namizədidir.

İranda keçirilən rəy sorğularının son nəticələrinə görə, seçki yarışına islahatçı Məsud Pezeşkiyan liderlik edir. Mühafizəkarlar Səid Cəlili və Məhəmməd Bağır Qalibaf isə cüzi geriləmə ilə müvafiq olaraq ikinci və üçüncü yerləri tutur.

İranda klassik siyasi partiyalar, onların aydın strukturları və partiyaya üzvlük institutları olmadığı üçün siyasətçilər şərti olaraq üç düşərgəyə - mühafizəkarlara, islahatçılara və mötədillərə bölünür.

Qeyd edək ki, İran tarixində 14-cü prezident seçkiləri Prezident İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması ilə əlaqədar keçirilir. Qəzada ümumilikdə səkkiz nəfər, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bir sıra dövlət rəsmiləri də həyatını itirib.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
2
azertag.az

3Источники