RU

Qafqaz təhdid altındadır, ən uca zirvədə - terror

3 ay öncə “Krokus” konsert zalında törədilən dəhşətli terror aktı, on gün əvvəl Rostovdakı təcridxanada baş verən girovgötürmə olayı, bu günlərdə Dağıstanda kilsələrə və sinaqoqlara edilən silahlı hücumlar göstərir ki, özünü “İslam dövləti” adlandıran terror qruplaşması Rusiyaya qarşı “cihad bayrağı” qaldırıb.

Bu, ondan xəbər verir ki, Qərb və Avropa dövlətləri ilə kəllə-kəlləyə gəldikdən sonra darmadağın olan, Suriya və İraqda köklənə bilməyən terror təşkilatı hazırda Rusiyanı zəif bənd, Şimali Qafqazı isə yeni barınaq yeri hesab edir, Qafqaz dağlarında mənzillənmək istəyir. Regionda “İslam dövləti”nə mövcudluq arealı təşkil etmək işinə isə təşkilatın yeni qolu olan “Qafqaz vilayəti” cəbhəsi məsuldur.

Bilindiyi kimi, Mərkəzi Asiya və Əfqanıstan regionunda belə işlərə “İslam dövləti”nin “Vilayəti Xorasan” filialı baxır və bu birlik xeyli fəallıq göstərir. Ancaq indi Qafqazdan olan “əmir”lərə “İslam dövləti”nin mərkəzi qərargahından əmr verilib ki, onlar da öz bölgələrində təşəbbüsü ələ alsınlar.

Hələ Suriyada gedən dini motivli vətəndaş müharibəsi zamanı Qafqaz respublikalarından olan “əmir”lər xüsusi nüfuza malik idilər. Onların arasında azərbaycanlılar da vardı. Paytaxt Bakıdan, Sumqayıtdan və Böyük Qafqaz sıra dağlarının sinəsindəki rayonlardan olan dindarlar yerli məscidlərin hərbi komissarlıq kimi fəaliyyət göstərməsi nəticəsində Suriyaya və İraqa göndərilirdilər. Onların əksəriyyəti uzun döyüş yolu keçmədən lokal hərbi əməliyyatlarda həlak oldular, ölkəyə qayldanlar isə həbs olundu. Hazırda onların özləri ilə qan çanağına apardıqları arvad-uşaqları Suriya və İraq həbsxanalarından qrup-qrup azad olunaraq ölkəyə qaytarılır.

Bu baxımdan İD-in “Qafqaz vilayəti” qruplaşması Azərbaycan üçün də təhlükə kəsb edir. Sadəcə, son illərdə ölkəmizdə fəaliyyət göstərən dini təriqətlərin içində mövcud olan ekstremist qruplar gizli fəaliyyət göstərməyə məcburdurlar. Onlar ciddi nəzarətdə olduqlarını bilirlər, nə əvvəlki illərdə olduğu kimi geniş təbliğat kampaniyası apararaq, açıq şəkildə sıralarına yeni-yeni üzvlər cəlb edirlər, nə də hər hansı bir səfərbərlik işi ilə məşğul olurlar. Ancaq bu, o demək deyil ki, onlar “islam inqilabı” etmək, “böyük islam xilafəti” yaratmaq və Azərbaycanı onun “əmirlik”lərindən birinə çevrimək kimi utopik ideyadan əl götürüblər.

Şimali Qafqazda baş verən hadisələr göstərir ki, ekstremist vəhhabilər sadəcə ağırlıq mərkəzini dəyişdiriblər. Onlar işləri harada rəvan gedirsə, orada təmərküzləşmək qərarına gəliblər.

Əslində Rusiyadakı vəhhabizmin əsas mərkəzi Çeçenistandır. Bilindiyi kimi, bu muxtar respublikada Rusiya Federasiyasının qanunları ilə yanaşı, şəriət qayda-qanunları da hökm sürür və respublikanın rəhbəri Ramzan Kadırov Çeçenistanı gerçək bir “ərəb əmirliyi” kimi idarə edir. Amma özü də vəhhabi təriqətinin ardıcılı olan Kadırovla terror təşkilatının fəalları olan vəhhabilərin arasında fərq böyükdür. Kadırov Kremlə, prezident Putinə sadiqdir, öz məqsədlərinə terror aktları ilə çatmaq istəyənlər isə Rusiya dövlətinə, hakimiyyətinə, kilsəsinə qarşıdırlar. Dini tolerantlıq söhbətləri onlara yaddır.

Şimali Qafqazın müsəlmanlar yaşayan respublika və muxtar dairələrində radikal vəhhabiliyin tərəfdarları çoxdur və onlar artıq din fanatiklərinə çevrildiklərindən hər an terror aktı törədə və ya hansısa bir ekstremist aksiya təşkil edə bilərlər.

Hesab olunur ki, “Qafqaz vilayəti” qruplaşmasının “təqdimatı” 2024-cü ilin mart ayının sonunda olacaqmış, amma bu, təxirə salınıb, hazırlıq işləri davam etdirilib. “Qafqaz vilayətinin əmiri”nin kim olacağı, onun terror təcrübələrinin nə dərəcədə ciddiliyi, o cümlədən maliyyə mənbələri kimi məsələlər tam həll olunmadığından qruplaşmanın baş qaldırması bu günlərə keçirilib. Rusiyanın cənubunda baş verən son hadisələr göstərir ki, “Qafqaz vilayəti” özünü regionda “cihad”ın yeni zərbəçi cəbhəsi kimi elan etməyə hazırdır.

Dərbənddə və Mahaçqalada baş verən terror hücumunda terrorçuların 66 yaşlı pravoslav keşiş Nikolayın boğazını kəsmələri və öz soydaşları olan 15 polis işçisini qətlə yetirmələri göstərir ki, onlar amansızlıqları ilə dünyada ad çıxarmış İŞİD döyüşçülərindən geri qalmırlar və tutduqları yolda “həmvətən”, “soydaş”, “həmyerli” kimi anlayışlara məhəl qoymurlar.

İndi məlum olur ki, Rusiya təhlükəsizlik qüvvələri “Qafqaz vilayəti”nin terror fəaliyyətinin artacağını gözləyirmiş. Bir müddət əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının regional antiterror strukturu bu ilin aprel ayından etibarən “Qafqaz vilayəti”nin fəaliyyətinin təhlükəsi barədə xəbərdarlıq edibmiş. Qruplaşmanın Şimali Qafqazda tərəfdar toplamaq üçün çağırışları gücləndirməsi müşahidə olunub. Bundan başqa, xarici ölkələrdə “Qafqaz vilayəti” üçün müxtəlif kriptovalyuta ünvanlarından istifadə etməklə maliyyə ianələri toplaması üçün aktiv kampaniya aparılıb. Yığılan pul “Qafqaz vilayəti”nə göndərilməli idi.

Ancaq iyunun 23-də Dağıstanda baş vermiş faciəli hadisələr göstərir ki, yerli təhlükəsizlik qüvvələri “İslam dövləti” tərəfdarlarının gözlənilən aksiyası barədə heç nə bilməyiblər, necə deyərlər, hazırlıqsız yaxalanıblar.

İndi isə kartlar açılıb və gizli bir şey qalmayıb. Artıq “Qafqaz vilayəti”nin hücrələrini bir-bir dağıtmaq lazım gələcək ki, regionu Suriyanın vilayətlərinə döndərmək istəyən terrorçuların kökü qazılsın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
musavat.com

1Источники