RU

Silahsız cəngavərlər - KÖŞƏ

Bu köşə üçün gecikdiyimi hiss edirəm...

Hər halda, ölkədə futbol mövsümü düz 11 gün əvvəl başa çatıb. Bəhanə olmasın, futbolumuzda o qədər problem var ki, yalnız indi bu mövzuya toxuna bildim. Çatışmazlıq o qədərdi ki...

Demək olar ki, heç nəyə yaramayan millidən yazsan, “acından günorta oyanan” klublar kölgədə qalır, yerli oyunçulardan söz açırsan, bəzilərinin komandalara sırıdığı yararsız legionerlər papağını göyə atır ki, bu dəfə də “bizdən keçdi”. Hə, AFFA dövlət tərəfindən klublara ayrılan pulu ödəmir. Yığmamızı hələ “inkişaf etməkdə olanlar” siyahısına belə könül rahatlığıyla qəbul edə bilmirik. Bu öz yerində. Aktual problemlərdən biri də futbolumuzdakı yerli və keyfiyyətli hücumçu qıtlığıdı. Fikrimi daha dəqiq çatdırmaq üçün premyer-liqada ötən mövsümün bombardirlər siyahısına nəzər yetirmək vacibdi.

Göründüyü kimi, ilk “dördlüy”ü 12 qolla “Qarabağ”ın yeganə yerli hücumçusu Nəriman Axundzadə qapayır. Əslində burda “Araz-Naxçıvan”ın sabiq oyunçusu Orxan Əliyev də ola bilərdi. Çünki o, fevral ayı da daxil olmaqla çıxdığı 22 matçda 9 qol müəllifi olub. Bəs sonra? Mart, aprel və mayda Orxanın varlığı hiss edilməyib. O baxımdan ki, hücumçu topu tora qovuşdura bilməyib. Muxtar Respublika təmsilçisiylə yollarını ayıran futbolçunun indi nə işlə məşğul olduğu bilinmir. Əldə etdiyimiz məlumata görə, yerli klubların heç birində çıxış etmək fikri yoxdu. Məqsədi legioner həyatı yaşamaqdı. Yaxşı edir, alınsa, bizə sevinmək, uğur arzulamaq düşür.

Mənim davam uğurun davamsızlığıyla bağlıdı. Necə deyərlər, kamil bir palançı olsa da insan yaxşıdı yarımçıq papaqçılıqdan... Görünür, bizdə alınmır. Ümumiyyətlə, bu yöndə durum ürəkaçan deyil. Məsələn, ötən mövsümdə “Qarabağ”, “Sumqayıt”, “Kəpəz” və “Səbail”in heyətində bir, “Qəbələ” və “Araz-Naxçıvan”da isə iki yerli hücumçu çıxış edib. Bəli, özümüzkülərin siyahısına Nəriman başçılıq edir. Qol sayına görə ikinci bombardir Orxandı. Deyilənə görə, Nəriman Səudiyyə Ərəbistanı klublarıyla danışıq aparır. Orxandan danışdıq. Kamran Quliyev 16 matçda cəmi 1 qolla yadda qalıb. Ağabala Ramazanov karyerasını bitirdi. Düzdü, bunu böyük ehtimalla məcburiyyət qarşısında qaldığı üçün etdi. Lakin hər hansı səbəb futbolumuzun daha bir hücumçu itirdiyi reallığını dəyişmir. Ülvi İsgəndərovdan danışmağa dəyərmi? Əmin deyiləm. Onu xatırladım ki, “Qəbələ” 1-ci liqadadı... “Araz-Naxçıvan” İldar Alekperovu hansı peşəyə qulluq etməsi üçün transfer etmişdi? Qətiyyən xoşagələn mənzərə deyil: gənc, dəqiqi, 23 yaşlı hücumçunun cəmi 12 matçda meydana çıxması, bir dəfə belə fərqlənməməsi! Əşi, bəs Sənan Ağalarova nə deyəsən? Amil Yunanovu da unutmayaq. Bilindiyi kimi, onun 31 yaşı var. “Kəpəz”in baş məşqçisi Adil Şükürovun onu sərəncamına çağırması gəncəli azarkeşlərin etiraz dalğasıyla müşayiət edildi. Hər halda, o, 3 qol, 3 məhsuldar ötürməylə ümidləri az da olsa, doğrultdu. Ən azı çalışdırıcını fiaskoyla üz-üzə qoymadı, tərəfdarların sərt tənqidlərindən xilas etdi. Amma indi durum dəyişib. Futbolçu klubu ona verilən sözü yerinə yetirməməkdə ittiham edir. Digər tərəfdən, “sarı-göylər”in Amillə bağladığı icarə müqaviləsinin müddəti başa çatır. Hadisələrin nə ilə nəticələnəcəyini bilmirik. Fakt odu ki, “Kəpəz”in də hücumçu cəhətdən bəxti istənilən kimi gətirmədi.

Maraqlıdı ki, ötən mövsüm “Sabah”, “Neftçi”, “Turan Tovuz” və “Zirə”nin heyətində bir nəfər belə yerli hücumçu olmayıb. Siz Allah, heç “Fənərbaxça”dan çıxıb “Real”ın heyətində yeri-göyü lərzəyə gətirən Arda Gülərə yaxşı mənada paxıllıq etmirsiz? Yoxsa bizə elə legioner həyatı yaşamaq adıyla gedib həmin ölkənin mətbuatı, komandanın azarkeşləri, nəhayət, klubun rəsmiləri tərəfindən dillə “döyülüb” üstümüzə qayıdan hücumçular yaraşır? Hə, qayıtmayanlar da var. Hələ ki tənqidlərə, təzyiqlərə birtəhər tab gətirib dözürlər. Bəli, hücumçu qismində Ramil Şeydayevlə Mahir Emrelini nəzərdə tuturam. Düzü, qıraqdan oralarda nəsə etmək istəyirmiş, amma potensiallarının maksimumundan istifadə etsələr də, bir şeyə yaramırmış kimi görünürlər...

Bu üzdən adam qorxur. Nədən? “Qol silahı” kimi tirajlanan futbolçularımızın gedib başqa ölkələrdə biabır olmasından... Ölkəmizdəki başqa silahdaşları haqda da mənfi imic yaratmalarından... Ən əsası, bu gün “bəh-bəh” ilə yola salsaq da, sabah “suyu süzülə-süzülə” üstümüzə qayıtmalarından!

KƏNAN BAHADIR

Избранный
20
football-plus.az

1Источники