RU

Bakının mərkəzində terrorun qarşısı belə alındı: Dağıstan və İrandakı olayların davamı…

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti yenə uzadıldı. Baş nazir Əli Əsədov ötən gün bununla bağlı qərar imzalayıb. Qərarla xüsusi karantin rejiminin müddəti iyulun 1-nə qədər uzadılıb. Bundan əvvəlki qərarla həmin müddət aprelin 2-si bitirdi.

Karantin rejiminin uzadılması sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub. Suallar isə böyük ölçüdə eynidir:
Karantin rejimi niyə uzadıldı?
Pandemiya bitib, amma bu tədbirlər niyə davam edir?
Sərhədlər niyə açılmır? Və sair…

Əslində karantin rejiminin müddətinin uzadılması ilə bağlı rəsmi deyilməsə də artıq hər kəsin bildiyi bir reallıq var. Bu reallıqları birbaşa yazmayacam. Amma aşağıda bəhs edəcəyim hadisələrdən normal düşüncəli hər bir insan nəticə çıxa bilər.
İyunun 23-də şimal sərhədlərimizdə, daha dəqiq desək, Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində terakt törədildi. Nəticədə ən azı 16 polis, 5 mülki şəxs öldü. Bu, rəsmi açıqlanan saydır. Mümkündür ki, ölü və yaralı sayı daha çox olsun.
Bu il mart ayının 22-də Moskvada “Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktı zamanı 200-ə yaxın insan həlak oldu. Bu hadisə Rusiya ilə yanaşı bölgə ölkələrində böyük narahatlıq, kədər yaratdı.

Yanvarın 3-də isə İranın şərqindəki Kirman şəhərində Qasım Süleymaninin öldürülməsinin ildönümü mərasimi zamanı iki bomba partlayışı oldu. Hücumlarda uşaqlar da daxil olmaqla ən azı 94 nəfər öldü, 284 nəfər yaralandı. İran hökuməti partlayışları terror aktı elan etdi. İşin təəccüblü tərəfi isə bu hadisə 1978-ci ildə Reks hücumundan bəri ölkədə baş verən ən ölümcül hadisə idi.
2022-ci ildə İstanbulun mərkəzində İstiqlal küçəsində PKK/YPG ilə əlaqəsi olan Suriya əsilli Əhləm Əlbəşirin törətdiyi terakt nəticəsində 6 nəfər ölmüş, 81 nəfər yaralanmışdı.

Yuxarıda mən sadəcə üç qonşu ölkədə baş verən teraktdan misal gətirdim. Halbuki Türkiyə, İran, Rusiyada son 1 ildə 10 dan çox irili-xırdalı terakt olub. Bu, qarşısı alınmayan 10-a yaxın teraktdır. Qarşısı alınan teraktların sayı bəlkə də 100-dən çoxdur.
Gəlin, bir də görülən tədbirlərə baxaq. Türkiyədə İstanbulda Ədliyyə Sarayında baş verən terakt sonrası 102 nəfər, o cümlədən terror fəaliyyətində iştirakda şübhəli bilinən 96 nəfər saxlanıldı.
102 şübhəli şəxs…
İnsanın qanı donur!

İranda isə yaxın zamanlarda təhlükəsizlik qüvvələri tərəfindən yüksək “rütbəli” İŞİD üzvü saxlanılıb. Saxlanılan şəxslərdən biri olan “Rameş” kod adlı Məhəmməd Zakerin kim olduğunu bilsəniz, nələr etdiyini eşitsəniz, qorxudan çölə belə çıxmazdınız.
Bu qeyd etdiyim olaylar “uzaq Liviya çöllərində”, ya da Amazon meşəsində baş vermir. Müalicə üçün getdiyimiz İranda, turizm cənnəti Türkiyədə, 3 milyon azərbaycanlının yaşadığı Rusiyada baş verir.

Bütün bu hadisələr baş verir və bir nəfər də sual vermir ki, niyə Azərbaycanda terror olayları olmur?
Məgər bizdə radikal qruplaşmalara çalışan terrorçu, agent, diversant yoxdur?
Əlbəttə ki, var!
Amma bunların qarşısı peşəkarlıqla alınır. Bəzən elə şok əməliyyatlar keçirilir, bundan ya ümumiyyətlə xəbər tutmuruq (dövlət bəzən bu cür xəbərlərin yayılmasını uyğun bilmir-red.), ya da xeyli sonra məlumat alırıq. Gecələr başımızı rahat yastığa qoyub, səhər işə gedirik. Əsas dərdimiz ayın sonuna qədər borcumuzun olmamasıdır. Yəni əsas dərdimiz məişət qayğılarımızdır.
Halbuki səhəri terakt, ya da silahlı hücum xəbəri ilə də aça bilərdik!

Bakı metrosunda qatarın iki dəqiqə gec gəlməsinə şikayət edərkən, “Ulduz” stansiyasında baş verən terakt xəbərini ala bilərdik!
Məsciddə cümə namazı qılan inanclı şəxslərin baş verən partlayış nəticəsində həyatını itirdiyini duya bilərdik!
Bunları düşünmək belə qorxuncdur.

Bütün bunlar baş vermir, çünki dövlət təhlükəsizliyimiz əmin əllərdədir. Polis, təhlükəsizlik orqanları işlərini vicdanla və peşəkarlıqla görürlər. Bütün ehtimal teraktların qarşısı alınır.

Özü də siz bilmədən.

İndi bir də özünüzə sual verin: “Karantin rejimi niyə uzadıldı?”, “Pandemiya bitib, amma bu tədbirlər niyə davam edir?”, “Sərhədlər niyə açılmır?”

Turan Rzayev
Globalinfo.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
turkustan.az

1Источники